Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3984/2020 17.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimiQarayeva Mehriban Cəfər qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı X4rşı "hesablanmış pul məbləğinin ləğv edilməsi barədə" iddiası üzrə işə məhkəmənin bina-sın-da (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) məhkəmə iclasından kənar baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin reklam yayımı haqqının ödənişi üçün xx.xx.2020-ci il tarixli M2001013 ******* nömrəli hesab-fakturaya əsasən 2.140.81 manat və dövlət rüsumun ödənişi üçün xx.xx.2020-ci il tarixli M**********0001 nömrəli bildirişə görə 191,50 manat pul ödənilməsi tələbinin düzgün hesablanmadığından ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən məlum olur ki, İddiaçı ona məxsus "Okean pub" restoranının üzərində ümumi sahəsi 6.60 kvadratmetr olan reklam yerləşdirilməsinə dair müraciətinə uyğun olaraq ona xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə "Açıq məkanda reklam yerləşdirilməsinə dair İcazə" verilmişdir. Ümumi sahəsi 6.60 kvadratmetr olan reklamlara görə 66,0 manat dövlət rüsumu, 495,0 manat yayım haqqı və 89,10 manat ƏDV olmaqla, cəmi 650,10 manat Bakı Şəhəri Reklam İdarəsi tərəfindən hesablanmış və reklam yayıcısı İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün "Okean pub" restoranının üzərində ümumi sahəsi 6.60 kvadratmetr olan reklamlardan əlavə, həmin restoranın qarşısında yerləşdirilmiş ümumi sahəsi 7.2 kvadratmetr olan iki tərəfli ayrıca dayaqlı reklam lövhəsinə və həmin restoranın üzərində yerləşdirilmiş ümumi sahəsi 0.32 kvadratmetr olan bir ədəd iki tərəfli kronşteyn panelə icazə verilməsini Bakı Şəhəri Reklam İdarəsindən xahiş etmişdir. Bakı Şəhəri Reklam İdarəsi tərəfindən İddiaçı müraciəti qəbul edilmiş və ona 2140,81 manat məbləğində yayım haqqının ödənişi üçün xx.xx.2020-ci il tarixli M**********660001 nömrəli hesab faktura və 191,50 manat məbləğində dövlət rüsumunun ödənişi üçün xx.xx.2020-ci il tarixli M**********660001 nömrəli bildiriş təqdim edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli Məlumatında xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 05 avqust saat 06:00dan 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən inzibati məhkəmələr üzrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilməsi tövsiyə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən iş üzrə şifahi dinləmələr keçirilmədən müvafiq qərardad qəbul edilməsi mümkün hesab edilmişdir. İddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı səbəbə görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göründüyü kimi, hazırkı iş üzrə iddia tələbi reklam yayımı haqqının ödənişindən irəli gələn hallarla əlaqədardır. Halbuki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsi anlamında inzibati orqan çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət X3”nin 1.1.-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi istisna olmaqla) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Lakin hazirki iddia tələbi üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı X5 qəbul etdiyi akt publik hüquq münasibətlərindən deyil, tərəflər arasında reklam yayımı haqqında bağlanmış müqavilədən irəli gələn hüquq və vəzifələri tənzimləyir. Bu səbəbdən də, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilən normaların tələblərinə görə inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti yaxud hərəkətsizliyi) mövcud olmalıdır. Belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. Başqa sözlə iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərinin mövcudluğunu, cavabdehin imtinasının isə, onun həmin hüquq və mənafelərinə toxunduğunu təsdiq etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci və 1.2-ci maddələrinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd olunan normalardan göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən irəli gələn və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş inzibati orqanların qəbul etdiyi inzibati aktlara, habelə onların faktiki xarakterli digər hərəkətlərilə bağlı olan iddialara baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17ci bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “X1rşı” iş üzrə xx xxxxxx 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" xx xxxx 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri tərəfindən mülki məhkəmə icraat qaydasında baxıldıgından kommersiya məhkəməsində iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-3984/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3984/2020
17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver