Məhkəmə qərarları › İş №2-1(112)-3984/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3984/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3984/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4, X8, X6) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Binəqədi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (İddiaçı) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057 – 68 məhəllə, 11 saylı evin 44 saylı mənzilini 6 iyul 2018-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsi əsasında X1 almışdır. Müvafiq olaraq mənzil onun (iddiaçının) adına hüquqi qeydiyyatdan keçmiş və 24 iyul 2018-ci il tarixli reyestrdən çıxarış verilmişdir. X4, X8 və X6 həmin mənzili alqı-satqı və ipoteka müqaviləsi bağlandığı tarixdən tərk edərək getmişlər, bu ünvanda yaşamırlar və formal pasport qeydiyyatında qalmışlar. Onlara aid bu mənzildə heç bir əşya və əmlak qalmamışdır. Halbuki adıçəkilən şəxslərin pasport qeydiyyatında qalması iddiaçının xüsusi mülkiyyətində olan mənzil üzərində hüquqularının həyata keçirilməsinə maneçilik törədir, mülkiyyət hüquqlarının məhdudlaşdırır. Alqı-satqı və ipoteka müqaviləsinin 2.2.4-cü bəndində satıcının müqavilə imzalandığı gündən 30 gün müddətinə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq barədə öhdəlik götürmüş, lakin yerinə yetirilməmişdir. Qeyd olunanlardan da görünür ki, həmin şəxslər bu ünvanda yaşamır, bu mənzilə heç bir aidiyyatları yoxdur, formal pasport qeyidiyyatındadırlar, artıq bu ünvana olan hüquqlarını itirmişlər. Onların harada yaşaması iddiaçıya məlum deyildir. İddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmamalı, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. İddiaçı adı qeyd olunan şəxslərin pasport qeydiyyatından çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh ərizənin icrasından imtina etmiş və ona məhkəməyə müraciət edilməsi barədə 23 oktyabr 2021-ci il tarixli cavab məktubu ünvanlamışdır. Halbuki cavabdeh tərəf həmin şəxslərin pasport qeydiyyatından çıxarılması barədə tədbir görməli idi. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 178.1-ci maddələrinə, İPM-in 33, 68-ci maddələrinə əsaslanaraq, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057 – 68 məhəllə, 11 saylı evin 44 saylı mənzilində X4, X8, X3 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahhiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə X4, X8, X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qimsində cəlb olunmuşlar. Məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin dördüncü hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, satıcı qismində çıxış edənlər X4 ilə alıcı İddiaçı arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 11, mənzil 44 mənzilinin satıcı tərəfindən alıcıya satılması barədə 06 iyul 2018-ci il tarixdə notarial qaydada müqavilə bağlanmışdır. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli 15 oktyabr 2021-ci il tarixli (ASAN 1 vasitəsilə verilmiş) arayışından görünür ki, X4, X8, X6 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən İddiaçı qızına ünvanlanmış 23 oktyabr 2021-ci il tarixli məktubda aşağıdakılar bildirilmişdir: - Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə ünvanlanmış müraciətə İdarənin Qeydiyyat məsələləri bölməsində baxılmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə əsasən X4, X7 və X3 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Lakin hazırkı işin hallarından məlum olur ki, üçüncü şəxslər X4, X8 və X6 hazırkı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə hüquqlarının olmasına dair nə cavabdeh, nə də üçüncü şəxs tərəfindən hər hansı sübut, dəlil təqdim edilmədiyindən, onun belə hüququnun mövcudluğu müəyyən edilmir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, mülkiyyət hüququ dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür.Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarında olan alqı-satqı müqaviləsindən və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi sahiblik, istifadə və sərəncam hüquqları, iddiaçıya məxsusdur. Təbii ki, bu hüquq yaranmasının əsası kimi müqavilə çıxış edir. Həmin hüquq isə iddiaçıya köhnə mülkiyyətçidən keçmişdir ki, köhnə mülkiyyətçi əvvəllər yaşayış sahəsinə dair ona məxsus olmuş mülkiyyət hüququndan haqq müqavilində imtina edərək onun iddiaçıya keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Eyni zamanda köhnə mülkiyyətçi ilə qohumluq əlaqəsinə malik olan şəxslər də həmin müqavilənin bağlanmasına öz razılığını bildirmişdir. Buna görə də üçüncü şəxsin əmlak üzərində mülkiyyət hüquqlarının olması ehtimalı aradan qalxır. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə üçüncü şəxslər X4, X8, X6 yaşamadıqlarından (bu hal cavabdeh tərəfindən təkzib olunmur), həmçinin yaşayış sahəsinin əvvəlki mülkiyyətçisinin (X4) hüquqları alqı-satqı müqaviləsinə əsasən iddiaçıya keçdiyindən, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən həmin evin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxslərin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina olunması qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən üçüncü şəxslər X2, X5 və X3 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən üçüncü şəxslər X2, X5 və X3 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar