Məhkəmə qərarları › İş №2-1(112)-3986/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3986/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3986/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni əsaslarla xidmətdə olduğu (qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə təsdiq olundu ki, onun Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin şöbə rəisi - İdarə rəisinin müavini vəzifəsindən başqa vəzifəyə keçirilməsi qanunsuz olmuşdur, qanunla o, həmin vəzifədən ehtiyata öz arzusu ilə buraxılmaqla həmin vəzifənin təminat xərclərinə əsasən ona 2002-ci ilin əvvəllərində hərbi pensiya təyin olunmalı idi) Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin şöbə rəisi - İdarə rəisinin müavini vəzifəsinin təminat xərcləri ilə bağlı məlumat vərəqəsinin müvafiq icra hakimiyyəti olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 izahatında bildirdi ki, Müdafiə Nazirliyində olan iddiaçının şəxsi işindən və sorğusuna əsasən ona göndərilən 20.03.2020-ci il tarixli 1/C4713 saylı məktubdan da göründüyü kimi, iddiaçının N saylı hərbi hissənin əməliyyat bölməsinin rəisi vəzifəsinə təyin olunması qanunsuz olmuşdur. Bu barədə verilən və qanuni qüvvədə olan məhkəmə qətnaməsinə Müdafiə Naziri tərəfindən həmin əmrin qanunsuz olması barəsində əmr vermişdir. Belə ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsində göstərilənlərlə sübut olunur ki, iddiaçının N saylı hərbi hissəyə göndərilməsi barəsində əmrin verilməsindən qabaq, dəfələrlə öz arzusu ilə ehtiyata buraxılmağı barədə cavabdehə raportla müraciəti olmuşdur. Bu da onu təsdiq edir ki, Müdafiə Nazirliyinin keçmiş rəhbərliyi, məhz iddiaçını cəzalandırmaq məqsədilə, haqqı və ədaləti tələb etdiyi üçün ondan qisas və intiqam almaq məqsədilə xəbəri və razılığı olmadan, heç bir qanuni əsas olmadan iddiaçının N saylı hərbi hissəyə göndərilməsi barədə əmr vermişdir. İddiaçı həmin əmrin qanunsuz olduğunu bilsə də, hərbiçi kimi əmri yerinə yetirməklə bərabər pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə də müraciət etmişdir. Məhkəmə də dövlət adından ədalətli qərar çıxararaq iddiaçının N saylı hərbi hissəyə göndərilməsini qanunsuz hesab edərək qanuni əsaslarla məhkəməyə iddia ərizəsi ilə müraciət edənə qədər xidmətdə olduğu vəzifədən, yəni Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin şöbə rəisi - İdarə rəisinin müavini vəzifəsindən ehtiyata buraxılmağı barədə əmrin verilməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoymuşdur. Çünki iddiaçının məhkəməyə təqdim etdiyi yazılı sənədlərlə və işin faktiki halları ilə də təsdiq olunmuşdur ki, N saylı hərbi hissədə qanunsuz təyin olduğu həmin vəzifəyə qədər iddiaçı Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin şöbə rəisi - İdarə rəisinin müavini vəzifəsində xidmət etmiş və həmin vəzifədə xidmətdə olarkən də, ehtiyata buraxılmağı barədə cavabdehə ərizə ilə müraciət etmişdir. İddiaçı həmin vəzifənin müstəsna məsuliyyətini dərk edərək, həmin vəzifəyə (Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin şöbə rəisi - İdarə rəisinin müavini vəzifəsinə) təyin olunmasını istəmirdi. Çünki iddiaçı əvvəl də həmin vəzifədə işləmişdir. Həm də həmin idarədə mənəvi psixoloji vəziyyətin pis olduğu uçbatından oradan özü uzaqlaşmışdır. Sonralar dəfələrlə iddiaçıya həmin vəzifə təklif olunsa da, o, imtina etmişdir. Lakin sonralar Müdafiə Nazirliyinin rəhbərliyinin israrlı tələbindən sonra, iddiaçı demək olar ki, məcburi surətdə iradəsinin ziddinə olaraq həmin vəzifəyə təyin olunmuşdur. Əsas da onu gətirmişlər ki, iddiaçıdan başqa bu sahəni bilən peşəkar zabitləri yoxdur. Bütün bunlardan sonra iddiaçı da bir hərbiçi kimi, verilən əmrə tabe olmuşdur. İddiaçı həmin vəzifəyə təyin olunarkən həmin İdarədə vəziyyət sözün həqiqi mənasında bərbad idi. Ən dəhşətlisi odur ki, zabit və gizirlərin elementar uçotu yox idi. Məhz həmin uçotu iddiaçı əvvəl həmin vəzifədə işlədiyi vaxtlarda qurmaq istəyəndə arzuolunmaz şəxs hesab olunmuşdur. İddiaçı da özünə hörmət edən bir şəxs kimi arzuolunmaz şəxs hesab olunduğu yerdən uzaqlaşmışdır. Lakin ikinci dəfə iddiaçı həmin vəzifəyə qayıdanda rəhbərliyə tələbini çatdıraraq bildirdi ki, o, ancaq "Hərbi xidmətkeçmə haqqında Əsasnamə" ilə işləyər. Əvvəllər iddiaçının göstərdiyi Əsasnamə əsasında işləməsinə heç bir ciddi maneələr törədilməmişdir. Lakin yenə hiss edirdi ki, həmin Əsasnamədə olan boşluqlardan bəzi yüksək rütbəli zabitlər şəxsi mənafeləri üçün istifadə etmək istəmişlər. Bu kimi neqativ halların qarşısını almaq üçün iddiaçı təşəbbüsü ilə həmin boşluqları dolduran normativ hüquqi xarakterli əmr layihələri hazırlanıb Müdafiə Nazirliyinə imzalamaq üçün təqdim olunmuşdur. Gözlənildiyi kimi, həmin əmrlərdən sonra iddiaçının bəzi İdarə rəisləri ilə münasibətləri kəskinləşməyə başladı. Çünki, həmin əmrlər vəzifə və rütbələrlə bağlı verilən təqdimatlarla bağlı süründürməçiliyin yol verilməsinin qarşısını alır və hər bir təqdimatın nəzərdə tutulmuş vaxtda icra edilməsini tələb edirdi. İddiaçı 2002-ci ilin əvvəllərində öz arzusu ilə ehtiyata buraxılması barədə ərizə yazmışdı. İmtina cavabı alandan sonra qanuna müvafiq surətdə məhkəməyə müraciət etmişdir. Əsaslı iddia tələbinin 100 faiz təmin olunmasını bilən Müdafiə Nazirliyi qanunsuz olaraq iddiaçının aşağı vəzifəyə keçirilməsi barəsində əmr vermişdir ki, ehtiyata buraxıldıqdan sonra hərbi təqaüdü aşağı vəzifə ilə hesablansın. Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin şöbə rəisi - İdarə rəisinin müavini vəzifəsində işlədiyi vaxtı ehtiyata buraxılmağı ilə bağlı etdiyi müraciətə imtina aldıqdan sonra məhkəmə iddiaçının iddiasını təmin etsə də, Müdafiə Nazirliyinin keçmiş rəhbərliyi iddiaçıya qərəzli münasibət göstərərək, qanunsuz olaraq keçirildiyi aşağı vəzifədən onu xidməti uyğunsuzluğa görə ehtiyata buraxaraq, hərbi pensiyasının da həmin aşağı vəzifə ilə hesablanması barəsində məlumat vərəqəsi tərtib etmişdir. Əsas da o gətirilmişdir ki, guya iddiaçının öz arzu ilə ehtiyata buraxılması barəsində Müdafiə Naziriyinə müraciəti olmamışdır. Əsl həqiqətdə isə məhkəmədə sübut olunmuşdur ki, onun belə müraciəti olmuş və Müdafiə Nazirliyinin keçmiş rəhbərliyi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək iddiaçıya qərəzli münasibət göstərərək qanunun tələblərini pozaraq iddiaçını ərizəni yazdığı vaxtı xidmətdə olduğu vəzifədən ehtiyata buraxmamışdır. İşin faktiki hallarından da göründüyü kimi, Müdafiə Nazirliyinin keçmiş rəhbərliyi 12 il müddətində, yəni vəzifədən gedənə qədər həmin qərəzli münasibətləri iddiaçıya göstərmişdir. Lakin iddiaçının barəsində verilən əmrin bu formada dəyişdirilməsi Müdafiə Nazirliyinin keçmiş rəhbərliyi tərəfindən ona olan qərəzli münasibətlər nəticəsində vurulan maddi ziyanın aradan qaldırılmasını təmin etmir. Belə ki, iddiaçı öz arzusu ilə yazdığı ərizə ilə vaxtında ehtiyata buraxılsaydı, onun hərbi təqaüdü ərizə yazanda işlədiyi Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin şöbə rəisi - İdarə rəisinin müavini vəzifəsinin təminat xərcləri ilə hesablanardı. Bununla da iddiaçı indi aldığı təqaüddən təxminən 350- 400 manat artıq hərbi təqaüd alardı. Ona göndərilən məktubda göstərildiyi kimi, ehtiyata buraxılması ilə bağlı yol verilən qanunsuzluqlar hüquqi baxımdan aradan qaldırılsa da, maddi baxımdan iddiaçıya vurulan maddi ziyanın aradan qaldırılmasına hüquqi qiymət verilməmişdir. Qanunsuz əmrin verilməsi nəticəsində iddiaçıya vurulan maddi ziyanın aradan qaldırılması üçün yeni verilən əmrdə hərbi təqaüdünün ərizə yazanda işlədiyi Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin şöbə rəisi - İdarə rəisinin müavini vəzifəsinin təminat xərcləri ilə bağlı məlumat vərəqəsinin müvafiq icra hakimiyyəti olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafı Fonduna göndərilməsi təmin olunmalıdır ki, onun hərbi təqaüdü də qanuna müvafiq surətdə həmin vəzifənin təminat xərcləri hesabına təyin olunsun. Müdafiə Nazirliyinin keçmiş rəhbərliyi məhkəmədə özünə haqq qazandırmaq üçün bildirmişdir ki, guya iddiaçını aşağı vəzifəyə göndərməmişlər, xidməti zərurətlə əlaqədar cəbhə bölgəsində olan N saylı hərbi hissəyə keçirmişlər. Əgər həqiqətən həmin vaxt əmri onların dediyi kimi verilibsə, yəni iddiaçı xidməti zərurətlə əlaqədar başqa vəzifəyə keçirilmişəmsə, qanunla hərbi pensiyanı həmin vəzifəyə keçirilənə qədər bir il işlədiyi vəzifənin təminat xərcləri ilə hesablanmasında heç bir hüquqi maneə yoxdur. Lakin bütün bunlara baxmayaraq, iddiaçıya göndərilən axırıncı imtina cavabında qanuni qüvvədə olan məhkəmə qətnaməsinə istinad olunmadan göstərilmişdir ki, iddiaçıya təyin olunan təqaüd axırıncı vəzifə maaşına əsasən düzgün təyin olunmuşdur. Halbuki məhkəmə onun axırıncı vəzifəyə təyin olunmasını qanunsuz hesab edərək əvvəlki vəzifədən eytiyata buraxılması barədə qətnamə vermişdir. Həmin qətnaməyə əsasən də Müdafiə Nazirliyi müvafıq əmr vermişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, Müdafiə nazirinin 15.07.2002-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən iddiaçı sonuncu tutduğu N nömrəli hərbi hissənin əməliyyat və döyüş hazırlığı bölməsinin rəisi-qərargah rəisinin müavini vəzifəsindən azad edilərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, 29.10.2002-ci il tarixli “Pensiyanın xidmət illərinə görə hesabatı”na əsasən malik olduğu sonuncu təminat xərciiyindən hesablanmış pensiya təminatı ilə təmin olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 15.07.2002-ci il tarixli müvafiq nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının xidmətdən buraxılmazdan əvvəl aldığı təminat xərcliyi, 11.08.2002-ci il tarixədək (şəxsi heyətin siyahısından çıxarıldığı tarix) tutduğu N nömrəli hərbi hissənin əməliyyat və döyüş hazırlığı bölməsinin rəisi - qərargah rəisinin müavini vəzifəsindən hesablanmışdır. İddiaçı pensiya təyin edilərkən mövcud qaydalara əsasən məhz xidmətdən buraxılmazdan əvvəl tutduğu vəzifənin təminat xərcliyi qanuni olaraq nəzərə alınmışdır. İddiaçıya pensiyanın hesablanmasına dair qərar qəbul edilərkən buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. İddiaçı Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin şöbə rəisi - İdarə rəisinin müavini vəzifəsindən başqa vəzifəyə - N nömrəli hərbi hissənin əməliyyat və döyüş hazırlığı bölməsinin rəisi - qərargah rəisinin müavini vəzifəsinə keçirilməsinin qanunsuz hesab edilməsinin guya Bakı şəhəri ünvan 1məsi ilə təsdiq olunduğunu göstərir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-887/02 sayh 18.04.2002-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “öz arzusu ilə ehtiyata buraxılmaq hüququnun təmin olunması”na dair iddia ərizəsi təmin edilmiş, İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “j” bəndinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmaq hüququnun təmin olunması vəzifə kimi cavabdehə tapşırılmışdır. İddiaçının N nömrəli hərbi hissənin əməliyyat və döyüş hazırlığı bölməsinin rəisi - qərargah rəisinin müavini vəzifəsinə təyin olunması barədə Müdafiə nazirinin 24.11.2001-ci il tarixli müvafiq nömrəli əmrinin qanunsuz olması ilə bağlı qeyd nəinki göstərilən qətnamənin qət hissəsində göstərilməmiş, hətta iddia ərizəsində göstərilən tələbdə də öz əksini tapmamışdır. 2- 887/02 saylı qətnamə iddiaçının tələbi üzrə çıxarılmış, qətnaməni qəbul edən hakim isə iddia tələblərindən kənara çıxması üçün müstəsna hal müəyyən etməmişdir. Qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş, qanuni qüvvəsini almış və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən icra edilmişdir. Qeyd olunan hallar isə Bakı şəhəri ünvan 1məsi əsasında iddiaçının tələblərinin təmin edilməsini istisna edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 15.12.2020-ci il tarixli 12/2579 saylı məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikası Müdafiə nazirinə ünvanladığınız ərizənizə Maliyyə və Büdcə idarəsində tərəfimizdən təkrarən baxılmışdır. Bir daha bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Bundan başqa bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin müddəalarına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Sizin isə “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kadrlar və Hərbi təhsil idarəsinin Komplektləşdirmə şöbəsinin rəisi idarə rəisinin müavini” vəzifəsindən “N nömrəli hərbi hissənin Əməliyat və Döyüş hazırlığı bölməsinin rəisi - qərargah rəisinin müavini” vəzifəsinə keçirilməyinizin səbəbi yaşınız və ya səhhətinizlə bağlı olmamışdır. Bu səbəbdən də, Sizə təyin olunmuş pensiyanızın yenidən hesablanması məqsədi ilə tərəfimizdən yeni “Məlumat vərəqi” tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi qanuna müvafiq deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 20.03.2020-ci il tarixli 1/C-4713 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığınız ərizəyə (ünvan 1məsinə əsasən qəbul edilmiş qərar barədə məlumat almaq istəyiniz barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin 12 mart 2014-cü il tarixli müvafiq əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 15 iyul 2002-ci il tarixli müvafiq əmri ləğv olunmuş və iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq 15 iyul 2002-ci il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmış hesab olunursuz. İş materiallarında olan ünvan 1məsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı öz arzusu ilə ehtiyata buraxılmaq hüququnun təmin olunması barədə iddia tələbi əsaslı olduğu üçün təmin edilmiş, bu qətnamə üzrə İddiaçı Hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “j” bəndinə və Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmaq hüququnun təmin olunması MPMnin 223-cü maddəsinə əsasən bir vəzifə kimi Müdafiə Nazirliyinə tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 07.07.2021-ci il tarixli 1/C-14360 saylı məktubundan görünür ki, Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən, ehtiyatda olan polkovnik-leytenant İddiaçı aşağıda qeyd olunan tarixlərdə və vəzifələrdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir: 05.08.1982-ci il tarixdən 01.05.1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə; 01.05.1992-ci il tarixdən 01.10.1992-ci il tarixədək Qazax rayon hərbi komissarlığının Qeydiyyat-səfərbərlik bölməsinin rəisi; 01.10.1992-ci il tarixdən 09.06.1993-cü il tarixədək Füzuli rayon hərbi komissarlığının Qeydiyyatsəfərbərlik şöbəsinin rəisi - komissarın müavini; 09.06.1993-cü il tarixdən 29.06.1993-cü il tarixədək Nəsimi rayon hərbi komissarlığının Qeydiyyat-səfərbərlik bölməsi rəisinin əsgər və çavuşların qeydiyyatı və bronu üzrə baş köməkçisi; 29.06.1993-cü il tarixdən 26.07.1993-cü il tarixədək Binəqədi rayon hərbi komissarlığının Qeydiyyatı-səfərbərlik bölməsi rəisinin əsgər və çavuşların qeydiyyatı və bronu üzrə baş köməkçisi; 26.07.1993cü il tarixdən 07.08.1993-cü il tarixədək Müdafiə nazirinin birinci müavini- cəbhə komandanının sərəncamına; 07.08.1993-cü il tarixdən 21.01.1994-cü il tarixədək N nömrəli hərbi hissənin Kadrlar bölməsinin rəisi; 21.01.1994-cü il tarixdən 15.08.1994-cü il tarixədək N nömrəli hərbi hissənin Kadrlar bölməsinin rəisi; 15.08.1994-cü il tarixdən 14.12.1994-cü il tarixədək Ehtiyat zabitlər taborunun qərargah rəisinin nizami hissə və kadrlar üzrə baş köməkçisi; 14.12.1994-cü il tarixdən 26.02.1995-ci il tarixədək Döyüş Hazırlığı və Hərbi Təhsil Müəssisələri İdarəsinin kargüzarlıq və kadrlar bölməsinin rəisi; 26.02.1995-ci il tarixdən 29.03.1995-ci il tarixədək Müdafiə Nazirinin sərəncamında; 29.03.1995-ci il tarixdən 03.12.1995-ci il tarixədək N nömrəli hərbi hissənin Kadrlar şöbəsinin rəisi; 03.12.1995-ci il tarixdən 05.01.1998-ci il tarixədək Kadrlar və hərbi təhsil idarəsinin statistika və qeydiyyat şöbəsinin rəisi; 05.01.1998-ci il tarixdən 28.05.1998-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin Kadrlar bölməsinin rəisi; 28.05.1998ci il tarixdən 27.12.1999-cu il tarixədək Kadrlar və Hərbi təhsil idarəsinin komplektləşdirmə şöbəsinin baş zabiti-şöbə rəisinin müavini; 27.12.1999-cu il tarixdən 12.11.2001-ci il tarixədək Komplektləşdirmə şöbəsinin rəisi-idarə rəisinin müavini; 12.11.2001-ci il tarixdən 24.11.2001-ci il tarixədək X2 və Hərbi Təhsil üzrə müavininin sərəncamında; 24.11.2001-ci il tarixdən 15.07.2002-ci il tarixədək N nömrəli hərbi hissənin Əməliyyat və döyüş hazırlığı bölməsinin rəisi-qərargah rəisinin müavini; Müdafiə nazirinin 15.07.2002-ci il tarixli müvafiq əmrinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müdafiə nazirinin 12.03.2014-cü il tarixli müvafiq əmri ilə 15.07.2002-ci il tarixli müvafiq əmri ləğv olunub və öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 15.07.2002-ci il tarixli 0372 nömrəli əmrinin əsası saxlama müddəti bitdiyinə görə məhv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 15.07.2002-ci il tarixli 0372 saylı əmrindən çıxarışdan görünür ki, Polkovnik-leytenant İddiaçı motoatıcı briqadanın (N nömrəli h/h) əməliyyat və döyüş hazırlığı bölməsinin rəisi-qərargah rəisinin müavini “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 15.02.2014-cü il tarixli 0209 saylı əmrindən çıxarışdan görünür ki, Azərbaycan Rüspublikası Müdafiə nazirinin 15 iyul 2002-ci il tarixli 0372 nömrəli şəxsi heyət üzrə əmrinin 4-cü bəndi (161-ci motoatıcı briqadanın (161 №-li h/h) Əməliyyat və döyüş hazırlığı bölməsinin rəisi-qərargah rəisinin müavini polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə) ləğv olunmuş (Əsas: Səbail rayon məhkəməsinin 18 aprel 2002-ci il tarixli 2-887/02 saylı qətnaməsi), “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) həqiqi müvafiq olaraq, 161-ci motoatıcı briqadanın (161 №-li h/h) Əməliyyat və döyüş hazırlığı bölməsinin rəisi-qərargah rəisinin müavini polkovnik-leytenant İddiaçı 15 iyul 2002-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı 15.07.2002-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş İddiaçı barəsində 004628 nömrəli Hərbi qulluqçu haqqında pensiya təminatı üzrə məlumat vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 15.07.2002-ci il tarixdə tərxis olunmuş, onun təqvim xidmət illəri 20 il 0 ay 6 gün, güzəştli xidmət illəri 10 il 07 ay 29 gün, cəmi iş stajı və xidmət illəri 30 il 08 ay 05 gün təşkil edir. Hərbi rütbəsi polkovnik-leytenant, vəzifəsi briqada Əməliyyat bölmə rəisi göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır; 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir; 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır; 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 15.07.2002-ci il tarixli 0372 saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bu zaman tutduğu vəzifə motoatıcı briqadanın (N nömrəli h/h) əməliyyat və döyüş hazırlığı bölməsinin rəisi-qərargah rəisinin müavini vəzifəsi olmuşdur. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirinin 15.02.2014-cü il tarixli 0209 saylı əmrinə əsasən Azərbaycan Rüspublikası Müdafiə nazirinin 15 iyul 2002-ci il tarixli 0372 nömrəli şəxsi heyət üzrə əmrinin 4-cü bəndi (161-ci motoatıcı briqadanın (161 №-li h/h) Əməliyyat və döyüş hazırlığı bölməsinin rəisiqərargah rəisinin müavini polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə) ləğv olunmuş (Əsas: Səbail rayon məhkəməsinin 18 aprel 2002-ci il tarixli 2-887/02 saylı qətnaməsi), “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, 161-ci motoatıcı briqadanın (161 №-li h/h) Əməliyyat və döyüş hazırlığı bölməsinin rəisi-qərargah rəisinin müavini polkovnik-leytenant İddiaçı 15 iyul 2002ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. İddiaçıya 15.07.2002-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş İddiaçı barəsində 004628 nömrəli Hərbi qulluqçu haqqında pensiya təminatı üzrə məlumat vərəqəsində tərxis olunan tarixə vəzifəsi briqada Əməliyyat bölmə rəisi göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 07.07.2021-ci il tarixli 1/C-14360 saylı məktubundan görünür ki, İddiaçı 27.12.1999-cu il tarixdən 12.11.2001-ci il tarixədək Komplektləşdirmə şöbəsinin rəisi-idarə rəisinin müavini, 12.11.2001-ci il tarixdən 24.11.2001-ci il tarixədək X2 və Hərbi Təhsil üzrə müavininin sərəncamında, 24.11.2001-ci il tarixdən 15.07.2002-ci il tarixədək N nömrəli hərbi hissənin Əməliyyat və döyüş hazırlığı bölməsinin rəisi-qərargah rəisinin müavini vəzifəsində işləmiş, Müdafiə nazirinin 15.07.2002-ci il tarixli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda iddiaçı onun Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin şöbə rəisi - idarə rəisinin müavini vəzifəsindən daha az təminatlı aşağı vəzifəyə keçirilməsi qanunsuz olduğu üçün həmin vəzifənin təminat xərcləri ilə bağlı məlumat vəqəsinin verilməsini tələb edir. Lakin məhkəmə qeyd edir ki, iddiaçıya 15.07.2002-ci ildə yaşa görə əmək pensiyası təyin edilmişdir, həmin tarixdə iddiaçının tutduğu vəzifə N nömrəli hərbi hissənin Əməliyyat və döyüş hazırlığı bölməsinin rəisiqərargah rəisinin müavini vəzifəsi olmuşdur və həmin vəzifə (sonuncu tutduğu vəzifə) və həmin vəzifənin təminat xərcliyi cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna göndərilən məlumat vərəqəsində göstərilmişdir. İddiaçı qeyd olunan sonuncu vəzifəyə keçirilməsinin qanunsuz olduğunu bildirsə də, həmin əmr ləğv və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmçinin az maaşlı vəzifəyə keçirilmə iddiaçının səhhəti və ya yaşı ilə əlaqədar olmamışdır. İddiaçının istinad etdiyi Bakı şəhəri ünvan 1məsi ilə yalnız iddiaçının ehtiyata buraxılmasının əsası («xidməti uyğunsuzluğa görə» əsası «öz arzusu ilə» əsası ilə) dəyişdirilmiş, həmin qətnamə də cavabdeh tərəfindən icra olunaraq iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Göründüyü kimi, iddiaçının tutduğu sonuncu vəzifəsi və həmin vəzifənin təminat xərcliyi cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna göndərilən məlumat vərəqəsində göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar