Məhkəmə qərarları › İş №2-1(112)-3987/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3987/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3987/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardımın səviyyəsinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.1994-cü il tarixli, 1 saylı əmrinə görə Azərbaycan Tibb Universitetinin Rektorunun 11/E saylı əmrinə əsasən Tərtər rayonunda yerləşən Müdafiə Nazirliyinin 2 saylı hərbi-səhra hospitalında (243 saylı hərbi hissədə) 1994-cü ilin N yanvarından 01 fevrala kimi həkim-cərrah kimi ezamiyyətdə olmuşdur. O, vaxt o ATUnun İ Cərrahi xəstəliklər kafedrasında klinik ordinator işləyirdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə dair xx.xx.2013cü ildə etdiyi müraciətə əsasən 20.06.13-cü il, l/Z 3022 N-li məktubla aşağıdakı məzmunda imtina cavab gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli, 216 N-li Qərarında 1991-ci ildən 1994-cü ilədək mülki şəxslərin döyüş bölgələrinə ezamiyyətə getmələrinə görə onlara “Müharibə Veteranı “adının və vəsiqəsinin verilməsi barədə hər hansı bir müddəa yoxdur. Ancaq Azərbaycan Respublikası Nazirlər Kabineti xx xxxxxx 2016-cı ildə “Müharibə Veteranı, Silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə müvafiq vəsiqələrinin nümunəsi, eskizinin və təsvirinin təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına dəyişiklik edilməsi barədə Qərar vermişdir. Bu Qərarın 1.1.1-ci bəndinin səkkizinci yarımbəndinin yeni redaksiyasında döyüş bölgəsinə “ezam” olunmuş şəxslərə şamil olunması göstərilmişdir. Bu Qərarın icrasının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsini nəzərə alaraq bütün sənədlərini 2019-cu ildə Dövlət Xidmətinə göndərmiş, lakin Dövlət Xidməti onun barəsində müsbət qərar qəbul etməmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaya əsasən İddiaçı döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədi ilə ezamiyyətə göndərilməsini bildirmiş və məhkəmə işinə bu barədə arayışlar əlavə etmişdir. Lakin həmin arayışlarda İddiaçı həqiqətən həmin rayonlara getməsi və yaralılara tibbi yardım göstərməsi, həmçinin onun bilavasitə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə məlumat qeyd olunmamışdır. İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını, həmçinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə Füzuli rayonu, Araz Zərgar kəndində doğulmuşdur. - ZE ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı hərbi bilet xx.xx.1999-cu il tarixdə Nizami rayon Hərbi Komissarlığı tərəfindən verilmişdir. - İddiaçıya məxsus əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1993-xx.xx.1995-ci il tarixədək Azərbaycan Tibb Universiteti “cərrahi” ixtisası üzrə iki illik təhsil müddətinə klinik ordinaturaya qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirinin “Döyüş bölqələrində göstərilən ixtisaslaşdırılmış tibbi yardımın yaxşılaşdırılması barədə” 01 №-li, xx.xx.1994-cü il tarixli əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin rektoruna və Bakı şəhəri X4 yardım xəstəxanasının baş həkiminə Ağdam, Beyləqan, Bərdə, Qöranboy və Tərtər rayonlarına universitetin müvafiq kafedralarının işçilərindən və xəstəxananın həkimlərindən ibarət, tərkibində 2 cərrah, 1 travmotoloq və 1 anestezoloq-ranimotoloq olan mütəxəssis briqadaları 15 gün müddətinə ezam edilməsi əmr edilmişdir. - N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin rektorunun İİ/E №-li, xx.xx.1994-cü il tarixli əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İ cərrahi xəstəliklər üzrə klinik ordinatoru İddiaçı döyüş bölgələrində yaralılara göstərilən ixtisaslaşdırılmış yardım səviyyəsinin artırılması məqsədi ilə xx.xx.1994-dən xx.xx.1994-cü il kimi Tərtər rayonuna ezam edilmişdir. - Azərbaycan Tibb Universiteti Kadrlar şöbəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli ezamiyyət vərəqəsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək Tər-Tər rayon hərbi hospitalına ezam olunmuşdur. - Azərbaycan Tibb Universitetinin 01-06-xx-xx/1139 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Milli X1 xx.xx.2016-cı il tarixli, 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlama müddətləri göstərilmək nümunəvi Siyahı”nın l-ci hissəsinin m.”20 .v” müvafiq olaraq İddiaçı ezamiyyət vəsiqəsi saxlama müddəti (5 il) keçdiyinə görə universitetin arxivində saxlanılmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 1/Z-3022 №-li, xx.xx.2013-cu il tarixli məktubdan görünür ki, «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi ilə əlaqədar olaraq göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın xx.xx.2013-cü il tarixli iclasında baxılmış, təqdim olunan sənədlər hüquqi əsas vermədiyinə görə geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarında 1991-ci ildən 1994-cü ilədək mülki şəxslərin döyüş bölgələrinə ezamiyyətə getmələrinə görə onlara «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi barədə hər hansı bir müddəa yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 11/3429 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, sorğuda qeyd olunan sənədlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyində olmadığından İddiaçı həkim kimi ezam olunması barədə məlumatın alınması üçün Azərbaycan Tibb Universitetinə müraciət etmək tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış Z/3487 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim etdiyi sənədlərə Xidmətinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Belə ki, toplanmış sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməyinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin maddənin «Qeyd» hissəsinə müvafiq olaraq bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərarilyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnitsiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin həkimi İddiaçı xx.xx.1994-cü il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş bölgələrində yaralı əsgərlərə ixtisaslaşdırılmış tibbi yardımın yaxşılaşdırılması məqsədi ilə döyüş bölgəsi olan Tərtər rayonuna ezam edilmiş, həmin rayonda yerləşən 2 №-li Hərbi Səhra Cərrahiyyə Hospitalında xidməti vəzifəsini yerinə yetirərək xx.xx.1994-cü ilədək yaralı əsgərlərə tibbi yardım göstərilməsində iştirak etmişdir. Bununla da İddiaçı həmin dövrdə döyüş zonasında döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu öz təsdiqini tapmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmənin mövqeyinə görə İddiaçı döyüş zonasında həkim kimi tapşırığın yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə iştirakı müvafiq sənədlərlə təsdiqləndiyindən və belə status alınmasına yol verilməyən (“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş) hallar ona münasibətdə mövcud olmadığından, iddiaçı «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən müharibə veteranı sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası (hərəkətləri) qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar