Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3987/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X7, X3 və ləğv prosesində olan "xxxx" ASC) qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2693” saylı, 0,112 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının vəkilinin ərizəsi əsasında iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2693” saylı, 0,112 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Məhkəmənin qərardadı ilə iş üzrə X7, X3 və ləğv prosesində olan "xxxx" ASC iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismindəinzibati məhkəmə icraatına cəlb edilmişdirlər.
4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2693” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqan - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan müraciətinə qarşılıq olaraq xx.xx.2023-ci il tarixində imtina məktubu təqdim etmişdir. Qeyd olunan imtina məktubunda bildirilmişdir ki, müvafiq sənədlərə əsasən, yuxarıda qeyd edilmiş torpaq sahəsinin ölçüsü 0.12 ha, faktiki isə 0,112 ha. təşkil edir. Bununla bağlı qeyd etmək lazımdır ki, imtina məktubunda təsbit edilmiş bu fakt doğrudur, lakin sözügedən səhv texniki səhvlə əlaqədardır, nəinki xüsusi bir niyyət. Həmçinin təsbit edilənə görə, Ləhiş bağ massivində eyni nömrəli torpaq sahəsi digər fiziki şəxsin adına qeydiyyata alınmış, sonradan özgəninkiləşdirilmişdir ki, tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağın ərazisinə uyğun gəlir. Bu məsələ ilə əlaqədar qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən etdiyi müraciətinə qarşılıq olaraq verilmiş xx.xx.2022-ci il tarixli, B-l 18-112 nömrəli Arxiv arayışında aydın və dəqiq bir şəkildə göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 707 №-li sərəncamından çıxarışa görə, Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən aşağıdakı vətəndaşlara fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində bağ sahələri ayrılsın. İddiaçı- Ləhiş ərazisindəki 81 №-li ВТК. Buradan da bəlli olduğu kimi, sözügedən torpaq sahəsi onun adına ayrılıb. Bunlardan əlavə məhkəməyə bildirmək istəyir ki, "Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X2 İnkişafı və İstismarı Birliyi” tərəfindən təqdim edilmiş 46 saylı Orderdə təsbit edilmişdir ki, yuxarıda göstərilmiş torpaq sahəsi həqiqətən də İddiaçı ayrılmışdır. Bunu da nəzərə alaraq hesab edir ki, cavabdeh orqanın imtina məktubunda göstərilən səbəblər əsasızdır və faktiki olaraq onun hüquqlarının pozulmasına gətirib çıxardır.
5. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “tərəfinizdən göstərilən torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağın ərazisinə uyğun gəlir. Həmçinin eyni sənəd əsaslarla əvvəlki müraciətiniz zamanı hal-hazırki torpaq sahəsinin cənubunda olan fərqli konfiqurasiyalı ərazi göstərilmişdir. Bundan başqa, Ləhiş bağ massivində eyni nömrəli torpaq sahəsi digər fiziki şəxsin adına qeydiyyata alınmış, sonradan özgəninkiləşdirilmişdir. Bundan əlavə, sənədlərə əsasən torpaq sahəsinin ölçüsü 0,12 ha, faktiki isə 0,112 ha təşkil edir.”
6. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 2693, 2694 saylı bağ və bölünənlərinin ərazisinə uyğun gəlir. Həmçinin iddiaçı eyni sənəd əsaslarla əvvəlki müraciəti zamanı hal hazırki torpaq sahəsinin cənubunda olan fərqli konfiqurasiyalı ərazi göstərilmişdir. Ləhiş bağ massivində eyni nömrəli torpaq sahəsi X5 adına qeydiyyata alınmış, sonradan özgəninkiləşdirilmişdir. Sənədlərə əsasən torpaq sahəsinin ölçüsü 0,12 ha, faktiki isə 0,112 ha təşkil edir. Həmçinin bildiririk ki, iddiaçı əvvəlki müraciətində fərqli konfiqurasiya ilə sahənin cənub hissəsinə müraciət etmişdir. Belə ki, İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sərhədləri mişar daşı ilə sərhədlənib, darvazası yoxdur və giriş sərbəstdir. Həmçinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsinin bir hissəsi sxematik xəritəyə əsasən 2694 və 2695 saylı torpaq sahələrinin ərazisinə uyğundur. Bundan başqa, göstərilən torpaq sahəsin 74 kv.m hissəsi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2695” saylı bağ sahəsi kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır.
7. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 707 №-li sərəncamından olan çıxarışda qeyd edilmişdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2.06.1988-ci il tarixli 195 №-li qətnaməsinə əsasən fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində İddiaçı Ləhiş ərazisindəki 81 №-li ВТК bağ sahəsi ayrılmışdır.
8. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş JN- 1064D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli 4-Ə-6/787 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0,25 ha Ləhiş bağ massivində yerləşən 2693/23 saylı bağ sahəsi X5 mülkiyyətinə verilmişdir.
9. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 2693/23 saylı 0,25 ha bağ sahəsi X5 adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.
10. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X2 İnkişafı və İstismarı Birliyi” tərəfindən təqdim edilmiş 46 saylı Orderə əsasən, İddiaçı Ləhiş ərazisindəki 81 №-li ВТК nəznində 0,12 ha 2693 saylı bağ sahəsi ayrılmışdır.
11. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər.
12. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
20. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var.
26. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlillər ondan ibarətdir ki, Ləhiş bağ massivində eyni nömrəli torpaq sahəsi X5 adına qeydiyyata alınmış, sonradan özgəninkiləşdirilmişdir. Sənədlərə əsasən torpaq sahəsinin ölçüsü 0,12 ha, faktiki isə 0,112 ha təşkil edir. Həmçinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsinin bir hissəsi sxematik xəritəyə əsasən 2694 və 2695 saylı torpaq sahələrinin ərazisinə uyğundur. Bundan başqa, göstərilən torpaq sahəsin 74 kv.m hissəsi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2695” saylı bağ sahəsi kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür.
27. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edərək aşağıdakıları qeyd edir:
28. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2693” saylı, 0,112 ha torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. X5 adına qeydiyyata alınmış bağ sahəsinin nömrəsinin 2693 deyil, 2693/23 olduğu müəyyən olunur, sahəsi isə 0,25 ha təşkil edir. Torpaq sahələri isə üst üstə düşmur.
29. Həmçinin məhkəmə qeyd edir ki, bağ sahəsinin qanuni əsaslarla ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 707 №-li sərəncamından olan çıxarış, bağın nömrəsi və sahəsini təsdiq edən order mövcuddur. Bağ sahəsinin nömrəsi sxematik xəritədə təsdiqini tapıb.
30. Məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “2693” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.
31. Cavabdehin torpaq sahəsinin müvafiq sənədlərə əsasən təşkil edən 1200 kv.metr sahəsindən 74 kv.metr hissəsinin “2695” saylı bağ sahəsi kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı hazırda hüquqmüəyyənedici sənəd üzrə deyil, faktiki ölçüsünə uyğun olaraq 0,112 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.
32. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.
33. Beləliklə məhkəmə hesab edir ki, inzibati orqan iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2693” saylı, 0,112 ha bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.
34. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
35. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəbdinndə göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,112 hektar “2693” saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi AR İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva