Məhkəmə qərarları › İş №2-1(112)-3988/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3988/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3988/2021 02.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı kompensasiyanın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı 4294.20 manat kompensasiya məbləğinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 4324.20 manat pulun ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərman çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ona “xxxx” QSC-nin Bərdə filialı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə 4294.56 manat məbləğində kompensasiya məbləğinin hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “xxxx” QSC-nin daimi müştərisi olmuş, hər zaman da, götürdüyü krediti vaxtından əvvəl bağlamışdır. Ərizəyə əlavə olunan 24 iyun 2015-ci il tarixli kredit razılaşmasından görünür ki, bank tərəfindən İddiaçı 36 ay müddətinə 8000 ABŞ dolları məbləğində kredt verilmişdir. Ərizəyə əlavə etdiyi “xxxx” QSC-nin Bərdə filialının 25 noyabr 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı 24 iyun 2015-ci il tarixə olan 8000 ABŞ dolları məbləğli kredit öhdəliyini 02 sentyabr 2016-cı il tarixdə tam olaraq yerinə yetirmişdir. Həmçinin ərizəyə əlavə olunan Azərbaycan Kredit Bürosundan Çıxarışın 4.4-cü bəndindən görünür ki, 8000 ABŞ dolları məbləğində kredit 02 sentyabr 2016-cı il tarixdə ödənilmişdir. Göründüyü kimi,o, 24 iyun 2015-ci il tarixdə götürdüyü krediti vaxtından çox-çox əvvəl, yəni 02 sentyabr 2016-cı il tarixdə tam olaraq ödəmişdir. Bilindiyi kimi, Azərbaycan Respublikası Prezidentinin fərmanına müvafiq olaraq dollarla götürülmüş kreditlərə görə kompensasiya verilməsi qərara alınmışdır. Hazırda, onun da, adı Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsinin “kompensasiya məbləğinin sorğulanması” bölməsində çıxır və həmin məlumata görə hazırda bank tərəfindən ona 4294.20 manat məbləğində pul qaytarılmalıdır. Lakin, həmin Fərmanın icrası 28 may 2019-cu ildə bitməsinə və həmin tarixdən 6 aya yaxın vaxt keçməsinə baxmayaraq, bankın Bərdə Filialı tərəfindən həmin kompensasiyanın məbləği ona ödənilməmişdir. O, bununla bağlı çox yerə müraciət etsə də, nəticəsi olmamışdır. O, da, həmin Fərmana əsaslanaraq kompensasiya ödənilməsini tələb etsə də, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasının 12 oktyabr 2019-cu il tarixli qərarı ilə ona kompensasiya verilməsindən imtina edilmiş və məhəkməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN:xxxxxxx) ilə “xxxx” QSC arasında 24.06.2015-ci il tarixdə 8000,00 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanılmasına dair müvafiq qeydlər bazaya ötürülmüşdür. Belə ki, bu qeydlərə əsasən iddiaçının ikinci devalvasiya gününə (21.12.2015-ci il tarixinə) əsas kredit borcu üzrə qalıq məbləği 7.157.60 ABŞ dolları təşkil etmişdir. Lakin, Palatanın məlumat bazalarında vətəndaşın kredit tarixçəsinə daxil edilmiş, “xxxx” BOKT MMC-nin 15.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə borcalanın şəxsiyyətini təsdiq edən məlumatlar, eləcə də, bank İD və hesab nömrəsi məlumat bazasına düzgün ötürülməmiş, bu səbəbdən həmin kredit müqaviləsi üzrə əsl borcalanın şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Hazırda “xxxx” BOKT MMC tərəfindən məhkəməyə təqdim edilmiş arayışda göstərilmişdir ki, həmin kredit təşkilatı ilə İddiaçı arasında hazırki günədək hər-hansı kredit münasibətləri mövcud olmamışdır. Beləliklə, İddiaçı lə “xxxx” QSC arasında bağlanmış 24.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə 7157.60 ABŞ dolları məbləğində əsas kredit borcunun ödənilməmiş olduğu nəzərə alınarsa, Fərmanın 1.2-ci bəndinə əsasən iddiaçının adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona həmin müqavilə üzrə 4294.56 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, İddiaçı ilə “xxxx” QSC arasında 24.06.2015-ci il tarixdə 8000.00 ABŞ dolları dəyərində kredit müqaviləsi bağlanmasına dair müvafiq qeydlər Mərkəzi Bankın MKR və PK məlumat bazalarına ötürülmüşdür. Həmin qeydlərə əsasən iddiaçının ikinci devalvasiya gününə (21.12.2015-ci il tarixinə) əsas kredit borcu üzrə qalıq məbləği 7157.60 ABŞ dolları təşkil etmişdir. Lakin, Paltanın məlumat bazalarında vətəndaşın kredit tarixçəsinə daxil edilmiş, “xxxx” BOKT MMC-nin 15.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə borcalanın şəxsiyyətini təsdiq edən məlumatlar, eləcə də, bank İD və hesab nömrəsi məlumat bazasına düzgün ötürülmədiyindən, həmin kredit müqaviləsi üzrə əsl borcalanın şəxsiyyətini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də, iddiaçıya kompensasiya məbləğinin ödənilməsi mümkün olmamışdır. Sözügedən halların aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən “xxxx” BOKT MMC-yə sorğu göndərilərək, “xxxx” BOKT MMC ilə İddiaçı arasında 15.08.2016-cı il tarixli kredit müqaviləsinin mövcud olub-olmaması barədə məlumatı, olduğu təqdirdə isə müqavilənin və həmin kredit müqaviləsi üzrə hesabdan çıxarışın təsdiq edilmiş surətini qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Məhkəmənin həmin sorğusuna “xxxx” BOKT MMC tərəfindən QK/003-21 nömrəli, 27 aprel 2021-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, İddiaçı heç vaxt “xxxx” BOKT MMC-dən kredit almayıb və onunla təşkilat arasında kredit müqaviləsi bağlanmayıb. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozmuşdur. Məhkəmə araşdırmasının gedişatı zamanı cavabdeh tərəfindən də, məhkəməyə məktub təqdim edilərək, İddiaçı ilə “xxxx” QSC arasında bağlanmış 24.06.20115-ci il tarixli kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə 7.157.60 ABŞ dolları məbləğində əsas kredit borcunun ödənilməmiş olduğu nəzərə alınarsa, Fərmanın 1.2-ci bəndinə əsasən iddiaçının adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona həmin müqavilə üzrə 4294.56 manat kompensasiyanın hesablanmasına etiraz edilmədiyindən, bununla da, iddia əsaslı hesab edilməklə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının 24.06.2015-ci il tarixdə “xxxx” QSC ilə 8000.00 ABŞ dolları dəyərində kredit müqaviləsi bağlaması iş materialları ilə öz təsdiqini tapdığından və həmçinin İddiaçı götürdüyü kredit məbləği Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində X1 adının kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısına əlavə edilməsi və ona “xxxx” QSC-nin Bərdə filialı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə 4294.56 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar