Məhkəmə qərarları › İş №2-1(112)-399/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-399/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-399/2023 22.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinə keçirilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinə keçirilmə” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mənzil iddiaçıya məxsus olmuş, pəncərənin qapı ilə əvəz edilməsi və qarşısında tambur quraşdırılmasına dair cavabdeh tərəfindən sərəncamlar qəbul edilmiş, növbəti sərəncamla tamburun genişləndirilməsi qərara alınmış, mənzilin ümumi sahəsi də artaraq 99,9 kv.m olmuşdur. Cavabdehə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmə barədə müraciət edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir. Halbuki, adıçəkilən sərəncamlarla faktiki olaraq mənzil qeyri-yaşayış sahəsinə keçirilmişdir. Həmin mənzil uzun müddətdir ki, qeyri-yaşayış sahəsi kimi istifadə edilməkdədir. Etiraz onunla əsaslandırılmışdır ki, müvafiq rəyin verilməsi üçün sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmiş, cavab məktubunda sənədləşdirmə prosedurunun qanunvericilikdə nəzərdə tutulmadığı göstərilmişdir. Müsbət rəy mövcud olmadığından müraciətin təmini mümkün olmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçının mülkiyyətində olan Bakı ş, Yasamal r, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilinin çıxarış və ona əlavə edilmiş texniki pasportda qeyd edilən sahə (99,9 kv.m) üzrə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhər İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23 dekabr 2010-cu il tarixli məktubunda qeyd edilmişdir ki, mənzildə pəncərənin qapı ilə əvəz edilməsi və qarşısında tamburun quraşdırılması razılaşdırılır. Cavabdehin 27 dekabr 2010-cu il tarixli sərəncamından görünür ki, həmin məktub da nəzərə alınmaqla mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsi və tamburun quraşdırılmasına icazə verilmişdir. Sərəncamın surəti iddiaçı ilə yanaşı əmlak orqanına göndərilməsi də sərəncamda öz əksini tapmışdır. Cavabdehin 12 avqust 2011-ci il tarixli sərəncamından görünür ki, tamburun razılaşdırılmıış eskiz layihəyə uyğun olaraq genişləndirilməsi qərara alınmışdır. Çıxarışdan görünür ki ümumi sahəsi 99,9 kv.m olan mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin cavabdehə ünvanladığı məktubda müvafiq qanunvericilikdə mövcud obyektlərin sənədləşdirilməsi prosedurunu nəzərdə tutulmadığı göstərilmişdir. Texniki pasportdan görünür ki, 1-ci mərtəbə ilə yanaşı zirzəmi (22.8 kv.m) də köməkçi sahə adı altında 99,9 ümumi sahəsi olan mənzildə öz əksini tapmışdır. Fotoşəkildən görünür ki, mənzil faktiki olaraq qonşuluğunda yerləşən sahə kimi qeyri-yaşayış sahəsi kimi istifadə edilməkdədir. Cavabdehin Komitəyə ünvanladığı 24 may 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 2011-ci il tarixdə mənzildə yenidən qurma işləri aparılmış, giriş qapısı açılmışdır. Mənzil uyğunlaşdırılaraq faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. Məhkəmə tərəfindən yenidən inzibati araşdırmanın aparılması ilə bağlı qərardad qəbul edilmiş və icrası üçün cavabdehə göndərilmişdir. Qərardadda qeyd edilmişdir ki, qanunvericiliyin tələbinə əsasən qeyri-yaşayış sahəsinə keçirilmə barədə qərarın qəbulu yerli icra hakimiyyəti orqanının səlahiyyətinə aiddir. Qərardadın icrası ilə bağlı cavabdehin 19 may 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, əmlak orqanı tərəfindən verilmiş texniki pasportda zirzəmi hissəsi göstərilmişdir. Halbuki, zirzəmiyə keçirmək yerli icra hakimiyyətinin səlahiyyətində deyil. Bundan əlavə həmin hissədə əlavə tikililər mövcuddur Komitənin müraciətinə əsasən də yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi müvəqqəti dayandırılmışdır. 28 fevral 2023-cü il tarixli Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ümumi göstərişində qeyd edilmişdir ki, 98 obyektin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərarlar qəbul edilmişdir. Bu formada qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə yuxarı dövlət orqanlarının xüsusi hallar zamanı yaranmış zərurət ilə əlaqədar şifahi tapşırıqlarına müntəzəm riayət edilməlidir. Qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); [9] 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin İİİ fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmədən imtinanın konkret əsasları göstərilsə də, cavabdeh həmin imtina əsaslarına uyğun olmayan imtina dəlilləri ilə çıxış etməklə iddiaçının müraciətinin təminindən əsassız olaraq imtina etməkdədir. Belə ki, ilkin imtina dəlili onunla bağlı olmuşdur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilmiş, lakin həmin qurum tərəfindən mövcud obyektlərin sənədləşmə prosedurunun qanunvericilikdə nəzərdə tutulmaması barədə rəyinə və göstəriş verilmişdir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi Komitənin rəyində qeyd olunanların əksinə istər yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmə, istərsə də qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilmənin proseduru, keçirilmə əsasları, imtina əsasları konkret olaraq qanunvericiliklə müəyyən edilmişdir. Qanunvericilikdə həmin prosedurun qanunvericilikdə mövcud olmaması deyilməsi, Mənzil Məcəlləsinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi” adlanan, özündə Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina kimi ad verilən 20-22ci maddənin həmin Məcəllədə sanki mövcud olmaması təzahürü yaradır. Halbuki göstərilən formada keçirilmənin əsasları, şərtləri, qaydası, imtina əsasları konkret olaraq sadalanmış, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan həmin məsələnin digər bir inzibati orqandan, eləcə də, Komitədən asılılığı müəyyən edilməmişdir. Cavabdeh Milli Məclisin qərarına uyğun olaraq müvafiq rəyin verilməsi üçün Komitəyə müraciətinin də məhkəmə hesab edir ki, hazırkı halla asılılığı mövcud deyildir. Belə ki, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olub-olmamasına aid olan rəyin alınması, qeyri-yaşayış sahəsi kimi uzun müddətdir ki, cavabdehin öz sərəncamları da nəzərə alınmaqla istifadə edilən, texniki pasport və layihə sənədləri mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı zamanı verilən və ləğv edilməmiş tikilinin qeyri-yaşayış sahəsinə keçirilməsinə aid deyildir. Həmin rəylər layihə sənədlərinin qanunauyğunluğu, tikintiyə icazə verilməsi və s ilə bağlı ola bilər ki, hazırkı halda mənzil kimi mülkiyyət hüquqları mövcud vəziyyətdə faktiki olaraq qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmış yaşayış sahəsinin mövcud vəziyyətdə qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlıdır. Belə ki, iddiaçının tələbindən də göründüyü kimi iddiaçı 99,9 kv.m ölçüdə olan mənzilinin əlavə tikililər nəzərə alınmamaqla, çıxarışda və texniki pasportda olan vəziyyətdə mənzildən qeyri-yaşayış sahəsinə keçirilməsini arzulayır ki, bu zaman hər hansı qurumdan razılığın alınması qanunvericilikdə nəzərdə tutulmamış, məhz adıçəkilən səlahiyyət yerli icra hakimiyyəti orqanının müstəsna səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının müraciətinin təminindən imtina cavabdehin faktiki olaraq özünün əvvəlki sərəncamlarının tələblərinə də uyğun olmamışdır. Belə ki, cavabdehin sərəncamlarından görünür ki, tambur və pəncərənin qapı ilə əvəz edilməsi, daha sonra genişləndirilməsinə icazə verilmişdir ki, həmin icazənin sahədən qeyri-yaşayış kimi istifadəsinə yönəlmiş tədbir olması məhkəmə hesab edir ki, sual yaratmamalıdır. Həmin sərəncamlardan fərqli olaraq cavabdehin həmin mövqeyin ziddinə olaraq yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirmədən imtina əvvəlki sərəncamlar və həmin sərəncamlar əsasında faktiki olaraq qeyri-yaşayış sahəsi kimi iddiaçının mənzilindən istifadəsinə dövlət orqanı tərəfindən verilmiş etimad hüququna əks yanaşma olmuşdur. Məhkəmə istər etimad hüququ, istərsə də müvafiq rəylərin hazırkı iş üzrə yuxarıda qeyd edildiyi kimi zərurət olmasa belə mövcud olub-olmaması baxımından Konstitusiya Məhkəməsinin qərarında olan mövqeyinin hazırkı münasibət üzrə də tətbiqinə zərurət olması qənaətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, orpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, Komitənin rəyinə zərurət olmamasının yuxarıda göstərilən haldan əlavə, həmçinin yerli icra hakimiyyətinin qanunauyğun sərəncam qəbul edilməsinə mane olmaması, eləcə də cavabdehin əvvəlki sərəncamlarında olan mövqe nəzərə alınmaqla cavabdehin hərəkətlərinə, yəni mənzilin faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadəsində münasibətdə iddiaçının etimad hüququ qanunla qorunmalıdır. Belə olduğu təqdirdə həmin növ sərəncamlardan sonra qeyri-yaşayış sahəsinə hüquqi çərçivədə keçirilmədən imtina edilməsi, faktiki olaraq qeyriyaşayış sahəsi kimi cavabdehin sərəncamları əsasında da istifadə edilən əmlakdan istifadəyə maneə kimi qiymətləndirilir. Belə ki, hazırkı növ müraciətin təminindən imtina geniş mənada mülkiyyətindən istifadəyə maneə kimi qiymətləndirilməlidir. Cavabdehin digər imtina dəlillərindən isə görünür ki, cavabdehə əlavə tikililərin mövcudluğuna istinad etmişdir. Halbuki, iddiaçının hüquqi marağı əlavə tikililərin yox, çıxarışda ölçüsü 99,9 kv.m kimi ümumi sahəsi göstərilmiş mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsindən ibarətdir. Əlavə tikililərin sənədləşdirilməsi isə cavabdehin dediyi kimi mövcud qanunvericilik çərçivəsində, o cümlədən zərurət yaranarsa Komitənin rəyi nəzərə alınmaqla baxıla bilər ki, nə qədər ki hazırkı iddia məhz çıxarışda ölçüsü göstərilmiş sahənin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlıdır, mövcud ölçülər nəzərə alınmaqla dəyişiklik edilmədən həmin keçirmə məsələsinə baxılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Həmin səlahiyyətdən qanunsuz imtinanın müəyyən edilməsi isə məhkəmənin səlahiyyətindədir ki, hazırkı iş üzrə də əsassız olaraq qanunvericilklə müəyyən edilmiş səlahiyyət çərçivəsində hərəkətin edilməməsi aşkar müəyyən edilir. Komitənin göstərişi ilə bağlı da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin göstərişdə konkret olaraq yaşayış sahəsindən qeyri-yaşayış sahələrinə keçirilmə qadağan edilməmiş, həmin növ sərəncamların qəbulunun qanunvericilik çərçivəsində aparılmalı olmasına nəzarət edilməsi halı müəyyən edilmişdir. Məhkəmə isə hesab edir ki, keçirilmə barədə sərəncamın qəbulu üçün qanunvericilikdə əsaslar müəyyən edilməsinə baxmayaraq, Mənzil Məcəlləsində keçirilməni qadağan edən imtina əsasları mövcud olmamasına baxmayaraq göstərilən növ sərəncamın qəbulundan əsassız olaraq imtina edilmişdir. Eyni zamanda, məhkəmə cavabdehin zirzəmi ilə bağlı imtina dəlilinə də münasibət bildirilməsini zəruri sayaraq qeyd edir ki, zirzəminin qeyri-yaşayış sahəsinə keçirilməsini icra hakimiyyətinin səlahiyyətində olmaması mövqeyinə istinad etsə də nəzərə almamışdır ki, h çıxarışda və otaqların təyinatı adı altında 22,8 kv.m ölçüdə 2,65 m hündürlükdə köməkçi sahə kimi, eləcə də mənzilin planında 1 ci mərtəbə ilə yanaşı zirzəmi kimi adlanan həmin sahə 99,9 kv.m ümumi sahəsi olan mənzilin tərkib hissəsidir. Qanunvericilkdə isə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsində mənzilin hər hansı bir hissəsinin saxlanılıb digər hissəsinin keçirilməsi yox, məhz çıxarış və texniki sənədlərdə olduğu kimi qeyri-yaşayış sahəsinə və ya əksinə keçirilməsi nəzərdə tutulmuşdur. Çıxarışa əlavə edilmiş texniki pasport və layihə sənədlərindən də göründüyü kimi mənzili 10 sıra nömrəsi ilə sadalanmış hissələrində (dəhliz, yaşayış otağı, mətbəx və s) köməkçi sahə kimi 22,8 kv.m ölçüdə zirzəmi də nəzərdə tutulmuşdur ki, cavabdehin həmin hissənin keçirilməsindən imtina əsası ilə digər sahələri keçirib mətbəxin keçirilməsindən imtina əsası hazırkı işin faktiki halları nəzərə alınmaqla eyniyyət təşkil edir. Nə qədər ki, çıxarış, layihə sənədləri, texniki pasport qüvvədədir məhkəmə hesab edir ki, köməkçi sahə (zirzəmi) də daxil olmaqla ümumi sahəsi 99,9 kv.m olan çıxarışda göstərilmiş mənzil qeyriyaşayış sahəsinə keçirilməlidir. Bu zaman əlavə tikililərin mövcud sənədləşmə proseduru bitmədən nəzərə alınmadığı cavabdehin diqqətinə çatdırılaraq zirzəmiyə münasibətdə həmin yanaşmanın tətbiq edilməməsi məhkəmənin mövqeyidir ki, qeyd olunan səbəbdən də necə ki dəhliz, mətbəx, san.qovşağı, yaşayış otağı fərqləndirilmir, eləcə də hüquqmüəyyənedici sənədlərlə iddiaçının mülkiyyətində olan zirzəmi də (köməkçi sahə) 22.8 kv.m ölçüdə nəzərə alınmaqla 99,9 kv.m ümumi sahə qeyri-yaşayış sahəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı ş, Yasamal r, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilinin həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ona əlavə edilmiş texniki pasportda 99,9 kv.m ölçüdə qeyd edilən ümumi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar