Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3990/2023 24.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı2, adi cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxs İddiaçı1 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma öhdəliyinin qoyulması”na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə üzvləri ilə birlikdə həyat yoldaşı - İddiaçı2 Mirməmməd qızını, oğlu – İddiaçı3 ünvan 2 qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailəsi ilə İddiaçı2 Mirməmməd qızı, (oğlu) İddiaçı3 Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi 178 ünvanında yaşayır. (MH№ ******* saylı, dövlət reyestrindən çıxarış) Həmin ünvanda yaşadığı üçün həmin evə qeydiyyata düşmək istəyir. Bu məqsədlə İddiaçı1 ərizə ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhər Yasasmal Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 091-73509Ə-3222 saylı məktubla imtina etmişdir. İmtina məktubu ilə bildirilmişdir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad olunmuş, məhkəməyə müraciət etmək hüququnun olması göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, evə dair bütün lazım olan sənədləri cavabdehə təqdim edilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi İddiaçı2 Mirməmməd qızının müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli məktubunda ilə bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən Yasamal rayonu, Zaur Kərimov küçəsi 178 ünvanına İddiaçı2 Mirməmməd qızının və İddiaçı3 qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunması ilə əlaqədar tələb olunan sənədlərlə (qeydiyyat vəsiqəsi və ya order) birlikdə Bakı şəhərində yerləşən “ASAN Xidmət” Mərkəzlərinin birinə müraciət etməlidir. Əks halda iddiaçıya mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
4. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6, X5, X3 və X12 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər.
5. Daha sonra İddiaçı1 ərizə təqdim edərək onun iş üzrə iddiaçı qismində iştirakına xitam verilərək üçüncü şəxs qismində nəzərə alınmasını xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı1 adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı1 məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi 178 ünvanında yerləşən həmin evin 1/10 hissədə paylı mülkiyyətçisidir, ev paylı mülkiyyətdə olsa da, bir həyətdə ayrı-ayrı evlərdir və iddianın təmin edilərək ailə üzvləri - arvadı İddiaçı2 və oğlu İddiaçı3 həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınmasını xahiş etdi.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən İddiaçı2 iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
8. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis idarəsi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli ərizədə iddiaya yazılı etiraz təqdim edilmədən işə cavabdeh qurumun iştirakı olmadan baxılması xahiş edilmişdir.
9. İddiaçı3 və zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxslər X6, X5, X3 və X12 məhkəmə iclasında iştirak etmirlər.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi 178 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X4 -1/10, X2 -1/10, X1 1/10, X7 -6/10 adlarına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2903 nömrəli vərəqində qeydiyyata alınmışdır.
11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasporta əsasən Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi 178 nömrəli fərdi yaşayış evinin hüquq subyekti İddiaçı1 və başqalarıdır.
II. İddianın növü və mümkünlüyü
12. İPM-dən: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.
13. Məhkəmə iddiaçıların mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarında prosessual həmiştirakçılığı yolverilən hesab edir.
14. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
16. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
17. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. İddiaçı1 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki o, qeyd edilən ünvan 2 ünvanında pasport qeydiyyatındadır və iddiaçılar İddiaçı2 və İddiaçı3 həmin ünvana qeydiyyata alınmasına etiraz etməmişdir.
20. Cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi 178 ünvanında yerləşən həmin evin 1/10 hissədə paylı mülkiyyətçisidir və həmin ünvanda faktiki olaraq yaşayan İddiaçı2 və İddiaçı3 bir ailənin üzvüdürlər (mülkiyyətçinin arvadı və oğlu) və yaşayış yeri üzrə qeydiyyata alınmaq istədikləri evdə birlikdə faktiki olaraq yaşayırlar, həmin evin ünvanı mövcuddur.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.
25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar qeyd edilən mənzildə uzun illərdir ki yaşayırlar və kommunal xidmətlərdən istifadə edirlər və həmin evin paylı mülkiyyətçisi onların həmin mənzildə qeydə alınmaqla yaşayış sahəsi vermək niyyətini ifadə etmişdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçıların həmin evlə kifayət qədər yetəri və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi hesab oluna bilər.
27. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçıların uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.
28. Qeyd edilən yanaşma X16 məhkəməsinin təcrübəsinə də əsaslanır. X16 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X16 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).
29. Digər tərəfdən həmin evdə yaşayan şəxslə müqayisədə fərqli yanaşma iddiaçılara münasibətdə ayrı-seçkilik və X16 Konvensiyasının 8-ci maddəsi ilə qorunan mənzilinə hörmət hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, iddiaçılara münasibətdə fərqli rəftarın X16 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçıların fərdi situasiyası nəzərə alınmaqla "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətsizliyi həmin evdə yaşayan şəxslər arasındakı ailə bağları nəzərə alınaraq X16 Konvensiyasının 8-ci maddəsi ilə qorunan ailə həyatına hörmət hüququ və mənzilinə hörmət hüququnun tətbiq dairəsinə düşür. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçıların fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçılara münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X16 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X10rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçıların fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 8-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər.
30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı2 və İddiaçı3 ünvan 2 yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva