Məhkəmə qərarları › İş №2-1(112)-3991/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3991/2021

17.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3991/2021 17.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X21 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair plan və ölçü, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin X26 İstismarı Birliyinin 5 saylı, 03.09.1991-ci il tarixli orderinə əsasən ona verilmiş Bakı şəhəri Goradil bağlar massivində yerləşən 0,12 ha ibarət 492 saylı bağ sahəsinin nömrəsindəki uyğunsuzluğun aradan qaldırılmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi və plan ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonar İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə (dəyişdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri X30 İcraiyyə Komitəsinin Bağ X12 Birliyi tərəfindən 03.09.1991-ci il tarixli 52 saylı orderə əsasən X5 412 saylı bağ sahəsi kimi verilmiş Bakı şəhəri Goradil bağları massivində yerləşən 0,12 ha sahədən ibarət bağ sahəsinin nömrəsindəki uyğunsuzluğun aradan qaldırılmaqla, həmin bağ sahəsinin 492 “a” saylı bağ sahəsi kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi və plan ölçünün tərtib edilməsi öhdliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Soveti İcrayyə Komitəsinin Bağ X12 Birliyinin 52 saylı, 03.09.1991-ci il tarixli orderinə əsasən Bakı şəhəri Goradil bağlar massivində yerləşən 0,12 ha ibarət 492 saylı bağ ona verilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin orderdə 492 yerinə səhvən 412 nömrəli bağ sahəsi kimi qeyd edilərək ona təqdim olunmuşdur. Bu uyğunsuzluğu aradan qaldırmaq məqsədilə və həmin bağ sahəsinə hüquqların dövlət qeydiyyatına almaq üçün cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə 02.12.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən ona 29.12.2020-cı il tarixli **********98 saylı cavab məktubu ilə bildirilmişdir ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır və bu səbəbdən sənədlərdə hər hansı düzəlişin aparılması İdarənin səlahiyyətləri daxilində deyildir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.50-ci bəndinə əsasən xidmətin vəzifələrindən biri Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək kimi göstərilmişdir. Bundan başqa daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, İddiaçı bununla bağlı İdarəyə 28.01.2021-ci il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, həmin ərazi sxematik xəritəyə əsasən 492 “a” saylı bağın ərazisinə uyğun gəlir. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X18 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; İddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 19.10.2017cı il tarixli 3065 №li arxiv aryışının surətindən görünür ki, Bakı şəhəri X30 İcraiyyə Komitəsinin 13/585 №li 03.09.1991-ci il tarixli qərarı ilə X5 102 BTK ərazisində Goradil qəsəbəsində bağ torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin X8 və istismarı birliyi tərəfindən verilmiş 52 nömrəli orderin surətindən müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin 03 sentyabr 1991-ci il tarixli 13/5585 nömrəli qərarına əsasən X20 oğluna Goradil bağlar sahəsində 102 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 492 nömrəli bağ ayrılmışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********36 saylı 17.05.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən,o cümlədən; - Bağ sahələrinin və tikintilərin uzun müddət icarəyə verilməsi barədə 09 fevral 1990-cı il tarixli 10278 №li müqavilənin surətindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə X19 arasında Göradil qəsəbəsində 0,12 ha torpaq sahəsində olan 1 otaqdan ibarət 9,32 kv. metr yaşayış mənzili ilə 492 nömrəli bağ sahəsinin köməkçi tikililəri ilə birlikdə icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. - 22.02.2006-cı il tarixli arayışdan müəyyən olunur ki, X2 ərazisindəki 10278 nömrəli müqavilə ilə icarəsində olan 0,12 ha torpaq sahəsindən ibarət 492 saylı bağ sahəsinin oğlu X13 adına keçirilməsini xahiş etmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatını inkişafı və istismarı Birliyi ilə X16 arasında bağlanmış 22 fevral 2006-cı il tarixli 10278 saylı müqavilədən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 492 saylı bağ sahəsinə dair icarə müqaviləsi bağlanaraq, bağ sahəsi X6 istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 359816 №-li 28.07.2011-ci il tarixli plan ölçüdən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin BTİ və İB-nin 22.02.2006-cı il tarixli 04 saylı protokoluna əsasən Bakı şəhəri Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 1200 kv. metr sahəsi olan 492 saylı bağ evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı X13 adına plan ölçü verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən (0,12 ha) 492 saylı bağ sahəsi X13 adına xüsusi mülkiyyət kimi 13.03.2013-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 416 nömrəli reyestr kitabının 39327 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışdan müəyyən olunur ki, X23 Komitəsi Bakı şəhər şöbəsi, 28.07.2011-ci il tarixli 359816 nömrəli Torpaq sahəsinin plan və cizgisi, Bakı ŞİH X8 və istismarı birliyi, 22.02.2006-cı il tarixli 10278 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 492 saylı bağ sahəsinə dair X13 adına plan ölçü verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 17.10.2019-cu il tarixli **********11 saylı plan ölçünün surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 492 saylı bağ sahəsinə dair X3 adına plan ölçü verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 444280 saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən (0,12 ha) 492 saylı bağ sahəsi X3 adına xüsusi mülkiyyət kimi 19.10.2019-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 416 nömrəli reyestr kitabının 39327 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********91 saylı 29.06.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İdarənin arxivində mövcud olan sənədlərə əsasən Göradil qəsəbəsində yerləşən 492 nömrəli 0,25 hektar bağ sahəsi 16.08.1983-cü il tarixli 10278 nömrəli müqavilə ilə X14 məxsus olmuş, onun vəfatında sonra mərhumun həyat yoldaşı sözügedən bağ sahəsinin X10 adına keçirilməsi barədə Bağlar Təsərrüfatı İdarəsinə müraciət etmişdir və 09.02.1990-cı il tarixli 15/595 nömrəli qərar ilə sözügedən bağ sahəsinin 0,12 ha tikili olan hissəsi 09.02.1990-cı il tarixli 10278 nömrəli müqavilə ilə 492 nömrəli bağ sahəsi kimi X10 adına rəsmiləşdirilmişdir (Göradil qəsəbəsi, 492 nömrəli bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır). Sözügedən bağ sahəsinin yerdə qalan hissəsi isə Bağlar Təsərrüfatı İdarəsinin boş bağlar balansına verilmişdir. Goradil qəsəbəsi, 492 “a” nömrəli bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. X1 (orderdə olduğu kimi) Bakı şəhər İcraiyyə Komitəsinin 03 sentyabr 1991-ci il 13/585 nömrəli qərarına əsasən 102 nömrəli BTK nəzdində Binəqədi rayonu, Goradil qəsəbəsində 0,12 ha bağ sahəsi ayrılmışdır və onun adına 52 nömrəli order verilmişdir. Həmin orderin arxiv nüsxəsində bağ sahəsinin nömrəsi 412 kimi qeyd edilmişdir. Eyni zamanda Bakı şəhəri Binəqədi rayonu, Göradil qəsəbəsi, 412 nömrəli bağ evi və 0,10 hektar torpaq sahəsi X8 və İstismarı Birliyi ilə bağlanmış 12.05.2005-ci il tarixli 17106 nömrəli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 15.01.2010-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 17.04.2010-cu il tarixdə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********91 saylı 29.06.2021-ci il tarixli məktubuna əlavə olunmuş aşağıdakı sənədlərdən; - Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin X8 və istismarı Birliyinin Goradil bağlar sahəsindəki 102 nömrəli koperativ tərəfindən verilmiş 52 №-li Orderin surətindən müəyyən olunur ki, X7 Bakı şəhər icraiyyə komitəsinin 3 sentyabr 1991-ci il tarixli 13/585 saylı qərarına əsasən Goradil bağlar sahəsində 102 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 412 saylı bağ sahəsi ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatını inkişafı və istismarı Birliyi ilə X36 arasında bağlanmış 12 may 2005-cı il tarixli 17106 saylı müqavilədən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində yerləşən 0,10 ha torpaq sahəsindən ibarət 412 saylı bağ sahəsinə dair icarə müqaviləsi bağlanaraq, bağ sahəsi X11 istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən (0,10 ha) 412 saylı bağ sahəsi X11 adına xüsusi mülkiyyət kimi 17.04.2010-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 51 nömrəli reyestr kitabının 5408 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 251970 №-li 13.01.2010-cu il tarixli plan ölçüdən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin BTİ və İB-nin 04.05.2005-cı il tarixli 10 saylı protokoluna əsasən Bakı şəhəri Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 1000 kv. metr sahəsi olan 412 saylı bağ evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı X11 adına plan ölçü verilmişdir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********81 №li 19.02.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, göstərilən bağ sahəsi digər şəxsin adına Daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bu səbəbdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamışdır. Bundan əlavə sxematik xəritəyə əsasən göstərilən sahədə uyğunsuzluq mövcuddur. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbyacan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbyacan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək və vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. Cavabdeh inzibati orqanın imtinada və iddiaya dair etirazda göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus bağ torpaq sahəsinin ayrılmasına dair 52 saylı orderdə bağın nömrəsi kimi qeyd olunan 412 saylı bağ sahəsi digər bir şəxsin xüsusi mülkiyyətində olmaqla, sonuncunun faktiki istifadəsindədir və qeyd olunan bağ torpaq sahəsinin iddiaçıya məxsus bağ torpaq sahəsi ilə faktiki olaraq üst-üstə düşməməsi işin mübahisələndirilməyən hallarındadır (qeyd olunan hal cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müəyyən olunmamışdır, nə imtina məktubunda, nə də ki, iddiaya dair etirazda belə bir halın mövcudluğu qeyd olunmamışdır). İddiaçı qeyd olunan halı nəzərə almaqla, özünə məxsus bağ sahəsinin bağların sxematik xəritəsinə uyğun olaraq 492 “a” saylı bağ sahəsi kimi xüsusi mülkiyyət hüququ ilə qeydə alınmaqla, Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhər icraiyyə komitəsinin X8 və istismarı birliyi tərəfindən Bakı şəhər icraiyyə komitəsinin 03.09.1991-ci il tarixli 13/585 №li qərarına əsasən 52 saylı orderlə Hidayətzadə Ceyhun (Ceyxun) Tofiq oğluna Bakı şəhəri Goradil bağlar sahəsində 102 №li BTK nəzdində sahəsi 0,12 ha olan 412 sayla ayrılmış bağ sahəsinin, orderdə qeyd olunmuş uyğunsuzluq aradan qaldırılmaqla, 492 “a” saylı bağ sahəsi kimi iddiaçı X4 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar