Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3991/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş iddiaçının qızı X3 ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək iddiaçının övladına ödənilməli olan, lakin tutularaq dövlət büdcəsinə bərpa edilmiş 11 914,68 manatın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya qızı X3 görə DSMF-nin Səbail rayon şöbəsi tərəfindən mərhum həyat yoldaşı, sabiq dövlət qulluqçusu X4 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin 12 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-Ə-220061/2024 saylı məktubu ilə iddiaçıya bildirilib ki, iddiaçıya və X8 ayrı-ayrılıqda X12 görə ailə başçısını itirməklə əlaqədar əmək pensiyası ödənildiyindən hər ikisinə faiz dərəcəsi 40 faiz olaraq müəyyən edilib. Lakin, ona pensiyanın 80 faizi ödənilib. 01 oktyabr 2020-ci il tarixində mərhum Mübariz Süleymanovun vaxtıilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470 manat olmaqla orta aylıq əmək haqqısı 2736,50 manat təşkil etmişdir. X12 ödənilməli olan şərli əmək pensiyası 2736,50 manatın 80 faizi- 2189,20 manat məbləğində hesablanıb. 01.10. 2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün iddiaçıya pensiya ümumilikdə 33 587,01 manat ödənilməli olduğu halda, həmin dövr üçün 49 106,15 manat ödənilib. Nəticədə iddiaçıya son üç il üzrə 15 519,14 manat artıq pul vəsaiti ödənilib. Həmçinin övladının təhsilini davam etdirməsi ilə əlaqədar xx.xx.2023- xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan ümumilikdə 11914,68 manat əmək pensiyası hesablanıb. Eyni zamanda məktubda bildirilir ki, keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Beləliklə iddiaçıya ödənilməli olan ümumilikdə 11914,68 manat pul vəsaiti artıq ödənilmiş 15 519,14 manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 3604,46 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədi ilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə cavabdehə təqdim etməyi xahiş edilib. Cavabdehin artıq alma kimi hesabladığı 15 519,14 manatın və 697,68 manatın cəmi 16 216, 82 manatın ləğv edilməsi və xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan arlıq ödəmə hesab edilən 16 216,82 manatdan iddiaçının heç bir razılığı olmadan çıxılaraq büdcəyə bərpa edilmiş 11 914,68 manatın ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edillməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona (övladı X2 görə) Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən 4 iyun 2010-cu il tarixindən sabiq dövlət qulluqçusu X5 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Bununla əlaqədar olaraq, iddiaçıya (övladına görə) və X7 ayrı-ayrılıqda X12 görə ailə başçısını itirməklə əlaqədar əmək pensiyası ödənildiyindən hər ikisinin faiz dərəcəsi 40 faiz olaraq müəyyən edilib. Belə ki, 1 oktyabr 2020-ci il tarixində mərhum Mübariz Süleymanovun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 441,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 115,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 220,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 490,00 manat olmaqla orta aylıq əmək haqqısı 2736,50 manat təşkil etmişdir. Bununla əlaqədar X12 ödənilməli olan şərti əmək pensiyası Qanunun 20.11.2-ci maddəsinə əsasən, 26 il 7 ay 8 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (2736,50 manat) 80 faizi-2189,20 manat məbləğində hesablanıb. Qanunun 20.13-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası mərhuma ödənilməli olan şərti əmək pensiyasının (2189,20 manat) 40 faizi-875,68 manat məbləğində hesablanıb. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 1104,85 manat məbləğində müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2020xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün iddiaçıya pensiya üzrə ümumilikdə 33587,01 manat pul vəsaiti ödənilməli olduğu halda, həmin dövr üçün 49106,15 manat ödənilib. Nəticədə iddiaçıya son üç il üzrə 15519,14 manat artıq pul vəsaiti ödənilib. Həmçinin, Əzəmət Süleymanovanın təhsil müddətinin bitməsi ilə əlaqədar iddiaçıya ona görə ödənilən pensiya ödənişi 1 oktyabr 2023-cü il tarixindən dayandırılıb. İddiaçının övladının təhsil müəssisəsinin əyani şöbəsində təhsil almağı ilə bağlı təqdim etdiyi müvafiq arayışa əsasən ona görə ödənilən əmək pensiyası cari ilin avqust ayında (1 oktyabr 2023-cü il tarixindən 1104,85 manat məbləğində, indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2024-cü il tarixindən 1228,59 manat məbləğində hesablanmaqla) bərpa edilib, həmçinin iddiaçıya xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə ödənilməli olan ümumilikdə 11914,68 manat əmək pensiyası hesablanıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya ödənilməli olan ümumilikdə 11914,68 manat pul vəsaiti ona artıq ödənilmiş 15519,14 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan 3604,46 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi bildirilib. Əlavə olaraq bildiririk ki, iddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 697,68 manat artıq pul vəsaiti ödənilib. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirdi ki, mərhum həyat yoldaşının pensiyası qızına görə ödənilsə də, faktiki olaraq ona ödənilmişdir. Qızı hazırda yetkinlik yaşına çatmışdır və xaricdə təhsil alır. Bu səbəbdən onun ölkə ərazisinə gətirilməsi hal-hazırda qeyri-mümkündür. Bu səbəbdən iddiaçı iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı iddianın mahiyyəti ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının həyat yoldaşı X4 vəfatı ilə əlaqədar iddiaçının qızı X3 ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. X6 yetkinlik yaşəına çatmayan şəxs olduğundan həmin pensiya iddiaçıya ödənilmişdir. Lakin, sonradan cavabdeh müəyyən etmişdir ki, X3 mərhum X4 əmək pensiyasının 40 faizi ödənilməli olduğu halda, 80 faizi ödənilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya artıq ödənilmiş 15 519,14 manat artıq pul vəsaiti hesablanmışdır. Eyni zamanda cavabdeh müəyyən etmişdir ki, iddiaçının övladının təhsil müəssisəsinin əyani şöbəsində təhsil almağı ilə bağlı təqdim etdiyi müvafiq arayışa əsasən ona xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə ödənilməli olan ümumilikdə 11914,68 manat əmək pensiyası hesablanıb. Həmin məbləğlər əvəzləşdirilməklə iddiaçı tərəfindən büdcəyə geri qaytarılmalı olan 3604,46 manat məbləğ müəyyən edilmişdir. X3 ödənilməli olan pensiya xx.xx.2024-cü il tarixli qərarla yenidən hesablanmışdır. Hazırda iddiaçı həmin qərarın ləğvini və artıq ödəmə kimi hesablanmış məbləğin silinməsini xahiş edir. Qeyd edilməlidir ki, iddiaçının qızı X6 xx.xx.2004-cü ildə anadan olmuşdur. X9 vəfat etdikdən sonra onun əmək pensiyası ailə başçısını itirməyə görə xx.xx.2010-cu il tarixindən X3 təyin edilmişdir. X6 həmin vaxt yetkinlik yaşına çatmayan şəxs olduğundan iddiaçı sadəcə qanuni nümayəndə kimi həmin əmək pensiyasını almışdır. X1 2022-ci ildə yetkinlik yaşına çatmış və həmin vaxtdan sonra da pensiya məbləğini almağa davam etmişdir. Buradan belə çıxır ki, həmin pensiya məbləğinin yenidən hesablanması barədə qərarın ləğvi və digər məsələlərlə bağlı iddia qaldırmaq hüququ hazırkı iş üzrə iddiaçıya deyil, X3 məxsusdur. Yəni, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olan şəxs deyildir. İddiaçıya özünün əsl iddiaçı ilə əvəz edilməsi ilə bağlı məhkəmə tərəfindən təklif verilsə də, o buna etiraz edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. İPM-in 1.2-ci madəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.). Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olmadığından iddia mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və digər” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3991/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3991/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver