Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3992/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Abşeron RİH başçısının 20 avqust 1999-cu il tarixli 096 saylı sərəncamına əsasən X1 təşkilatının 3 oktyabr 2000-ci il tarixli 02 saylı Protokoluna əsaslanaraq, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 33/K saylı 03 oktyabr 2000-ci il tarixli əmrində, siyahıda adı 74-cü olan hazırkı İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini daş hasara alınmış, üzərində bir mərtəbəli fərdi yaşayış evi tikildikdən sonra (2004-cü ildə) AR Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən ona “qeydiyyat vəsiqəsi” verilmişdir. İddiaçı artıq 13 ildən artıqdır ki, qeyd edilən ünvanda (Bakı şəhəri, Xəzər ray, Buzovna qəs, Abşeron küç, döngə-12, ev-4) pasport qeydiyyatında olmaqla yaşayır. Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin X6 tərəfindən vətəndaşlara məxsus torpaq sahələrinin özəlləşdirilməsi üçün müvafiq arayışların verilməsinə başlanıldıqda (DƏDRX-ə təqdim etmək üçün) iddiaçı Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin X5 müraciət edib müvafiq sənədləri (torpaq sahəsinin sxemi, arayış və əmrdən çıxarış) almışdır. 2020-ci ilin dekabr ayında həmin torpaq sahəsi ilə bağlı ona mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi üçün DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin orqan tərəfindən ona göndərilən formal xarakterli məktubda yazılmışdır ki, təqdim edilən ərizə ilə Xidmətin Bakı Şəhər Ərazi İdarəsinin arxivində saxlanılan sənədlər arasında uyğunsuzluq var. Lakin həmin uyğunsuzluğun nədən ibarət olması qeyd olunmamışdır. Göstərilənlərə və İPM-in 2.2-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2, 8, 10, 15-ci maddələrinə əsaslanaraq, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz sayılması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədəmn xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 16 mart 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı tələbi ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə 20 iyul 2016-cı il tarixdə DƏDRX-ə isə, 4 noyabr 2020-ci il tarixdə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 tərəfindən verilmiş arayışda Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu tərəfindən verilmiş 33/K saylı 3 oktyabr 2000-ci il tarixli əmrin nömrəsi və tarixi ilə Abşeron RİH-in 096 saylı 20 avqust 1999-cu il tarixli sərəncamından çıxarışında qeyd olunan əmrin nömrəsi və tarixi arasında uyğunsuzluq mövcuddur. Belə ki, arayışda əmrin nömrəsi “33/k”, tarix “03.10.2000-ci il” qeyd edilsə də, sərəncamdan çıxarışda əmrin nömrəsi "27/k”, tarixi isə “16.08.1999-cu il” kimi qeyd edilmişdir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 11.1, 23-cü maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin (etirazının) məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. AR Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. AR Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X6) rəhbərinin (direktor və s.) əmri. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunu qüvvəyə minənədək olan dövrdə yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X6nin əmri bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Həmçinin, qanuna görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı da öz hüquqi qüvvəsini saxlayır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, əvvəlki qeydiyyat orqanı olan AR Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Tikinti İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin yerli qurumu tərəfindən Əzizbəyov (indiki Xəzər) rayunu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 30,7 kv.m, köməkçi sahəsi 8,4 kv.m olan yaşayış evi hazırkı iddiaçı X2 mülkiyyəti kimi qeydiyyata alınmış və 35077 nömrəli reyestr kitabında qeyd aparılmaqla (605 nömrəli inventar işi) bu barədə “qeydiyyat vəsiqəsi” verilmişdir. Evin qeydiyyatı üçün Abşeron RİHin 20 avqust 1999-cu il tarixli 096 saylı sərəncamı əsas götürülmüşdür. İddiaçı tikilinin altındakı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini (imtinasını) mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçının müvafiq ünvanda olan fərdi yaşayış evinə əvvəlki qeydiyyat orqanı tərəfindən aparılmış mülkiyyət hüquqlarının qeydiyyatı öz qüvvəsini saxladığından və qeydiyyat ləğv olunmadığından, o, həmin əmlakın yerləşdiyi həyətyanı torpaq torpaq sahəsinin də istifadəçisi sayılır. Torpaq islahatı haqqqında AR Qanununun 9cu maddəsinə görə sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətinə keçmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı hüquqlarının qeydiyyata alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan biri kimi müvafiq sovxozun əmrini təqdim etdiyindən (hansı həmin əmr ləğv edilməmiş, eləcə də etibarsız sayılmamışdır), onun həmin əmrlə ayrılmış həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyat alınmalıdır. Torpaq sahəsinin ayrılması ilə bağlı Sovxoz rəhbərinin əmri ilə RİH başçısının sərəncamında olan uyğyunsuzluğa gəldikdə isə, qanunvericilik torpaq sahəsinə hüququn qeydiyyatı üçün yalnız müvafiq sovxoz rəhbərinin əmrini nəzərdə tutur, hansı iddiaçı belə bir sənədi əldə etmiş və cavabdehə təqdim etmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz sayılmalı, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 12, 4 saylı evin yerləşdiyi 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz sayılsın və İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 12, 4 saylı evin yerləşdiyi 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3992/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3992/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver