Məhkəmə qərarları › İş №2-1(112)-3995/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3995/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3995/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 31 dekabr 2019-cu il tarixindən 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xaiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, onun ümumi iş stajı 20 ildən, güzəştli iş stajının isə 10 ildən çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının qanunvericilikdə nəzərdə tutulmuş həddən aşağı olduğunu qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və güzəştli arayışları mövcuddur. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycn Respublikası “X1 LTD”-nin 26.05.2021-cil il tarixli arayışında İddiaçı 09.07.1998-28.03.2003-cü il tarixləri arasındakı dövr ərzində portalda fəhlə, 28.03.2003-23.03.2006-cı il tarixləri arasındakı dövr ərzində isə balast üzrə operaorun köməkçisi vəzifələrində işlədiyi, ümumilikdə 22 il 02 ay 09 gün güzəştli pensiya üçün stajı olduğu həmçinin həmin vəzifələrin “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 21 iyun 1993-cü il arixli 320 №li Qərarının 1 nömrəli siyahısının X bölməsinin “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şiştin emalı” nın 1100000a-11297 1100000a-13590 saylı şifrəsinə uyğun olduğu göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və Azərbaycan Republikası “X1 LTD”-nin arayışından görünür ki, iddiaçının işlədiyi vəzifələr istinad olunan siyahıda öz əksini tapmamış, həmin arayışda istinad olunan siyahının müvafiq bəndi ilə iddiaçının işlədiyi vəzifələr arasında hər hansı uyğunluq mövcud deyildir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:

1. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması, bununla da onun 01.01.2006-cı il tarixədk güzəştli iş stajının 10 ildən az olmasıdır. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1967-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahıda nəzərdə tutulması əsası ilə imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Bəhs edilən normaların hazırki iddiaya tətbiq etdikdə məlum olur ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 güzəştli iş stajının mövcud olmasıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil müddəti, hərbi xidmət illəri əmək kitabçasında olan qeydlər ilə birgə nəzərə alınaraq sosial sığorta stajına da daxil edilməlidir. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 26.07.1985-ci il tarixli əmri ilə Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz-neft yataqlarının işlənməsi və iqtisadiyyatı” ixtisası üzrə əyani şöbəsinin İ kursuna qəbul olunmuş, 1986-cı ildə əyani şöbənin İ kursundan həqiqi hərbi xidmətə çağrılmış, 1988-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İ kursuna bərpa edilmiş, 12.07.1993-cü il tarixdə ixtisası üzrə əyani şöbəni bitirmiş və ona diplom verilmişdir. Göründüyü kimi əmrlər əsasında iddiaçının təhsil müddəti 26.07.1985-12.07.1993-cı il tarixləri əhatə edir. Nəzərə alınmalıdır ki, bu müddətə həmçinin, onun hərbi xidmət etdiyi dövrdə daxildir. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş arxiv arayışının və hərbi biletinin birgə təhlilindən görünür ki, iddiaçı əyani təhsil aldığı dövrdə hərbi xidmətə çağrılmış və 24.07.1986- 06.06.1988-ci il tarixləri arasındaki dövr ərzində hərbi xidmətdə olmuşdur. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının təhsil və hərbi müddətinin ümumilikdə 07 il 11 ay 17 gün təşkil edir ki, həmin müddət onun sosial sığorta stajına əlavə edilməlidir. İddiaçının əmək kitabçasında əks olunan əmək fəaliyyəti ilə bağlı isə məhkəmə aşağıdakıları bildirir. Belə ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxarıq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -17.11.1993-cü il tarixdə Neft və qaz quyularının istismar və kəşfiyyat qazması üzrə dördüncü dərəcəli qazmaçı köməkçisi qismində Şelf-5 yarımdalma üzən qazma qurğusunu qəbul edilmiş, 01.06.1995-ci il tarixdə həmin qurğuda neft və qaz quyularının istismar və kəşfiyyat qazması üzrə 5 dərəcəli qazmaçı köməkçisi keçirilmiş və 12.10.1998ci il tarixdə işdən azad edilmiş; (04 il 10 ay 26 gün) -09.07.1998-ci il tarixdə Xəzər Qazma Şirkətinə portalda fəhlə vəzifəsinə qəbul edilmiş, 28.03.2003-cü il tarixdə balast üzrə operator-köməkçisi vəzifəsinə keçirilmiş, 23.03.2006-cı il tarixdə balast üzrə operator vəzifəsinə keçirilmiş, 01.09.2007-ci il tarixdə barja mühəndisinin köməkçisi keçirilmiş, 01.12.2011-ci il tarixdən hal hazıradək balast üzrə operator vəzifəsində işləyir. (01.01.2006-cı il tarixədək 07 il 05 ay 23 gün) Məhkəmə qanunvericiliyin müddəalarını hərbi biletdə, diplomda və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən çox təşkil edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının 17.11.1993-cı ildən 12.10.1998-ci il tarixədək qazmaçı köməkçisi işlədiyi müddətin bir hissəsi onun 09.07.1998-ci il tarixdən 28.03.2003-cü il tarixədək portalda fəhlə peşəsində işlədiyi müddəti ilə üst-üstə düşmüşdür. Bu səbədən Məhkəmə, “Əmək pensiyaları haqqında Qanunun” 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının razılığı əsasında həmin dövrü kəsintisiz olaraq nəzərə alınmışdır. Nəzərə alınan dövr 17.11.1993-12.10.1998 (qazma köməkçisi) + 12.10.1998-28.03.2003 (fəhlə). Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı = 20 il 01 ay 02 gün (26.07.1985-12.07.1993; 17.11.1993-01.01.2006) təşkil edir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun 09.07.1998-28.03.2003cü il tarixləri arasındaki dövr ərzində portalda fəhlə, 28.03.2003-23.03.2006-cı il tarixləri arasındaki dövr ərzində isə balast üzrə operatorun köməkçisi peşələrinin 1 №-li Siyahıda 1100000a-11297 kodu və 1100000a-13590 kodu altında nəzərdə tutulan peşələrə uyğun olmamasını əsas gətirmiş, iddiaçının 17.11.1993-12.10.1998-ci il tarixlərdə qazmaçı köməkçisi kimi işlədiyi müddəti mübahisələndirməmiş və güzəştli iş stajına daxil etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın mübahisələndirdiyi dövr 09.07.1998- 01.01.2006-cı illəri əhatə edir. Bu hissədə araşdırmanı aparmazdan əvvəl Məhkəmə qeyd edir ki, iddiaçının ümumi iş stajına qiymət verilərkən “Xüsusiləşdirilmiş Texniki Vasitələrinə” Dəniş Kəşfiyyat Qazma İdarəsində işlədiyi müddət ilə X2 LTD-də işlədiyi müddətin bir hissəsinin üst-üstə düşdüyü müəyyən edilmiş, iddiaçının razılığı əsasında iddiaçının X2 LTD-də işlədiyi müddət 09.07.1998-ci il tarixdən deyil, 12.10.1998-ci il tarixdən nəzərə alınmışdır. Belə olan halda iddiaçının 12.10.1998-01.01.2006-ci illər üzrə işlədiyi dövrün güzəştli iş stajına daxil edilib-edilməməsinə qiymət verilməlidir. Məhkəmə, İddiaçı əmək fəaliyyətini həyata keçirdiyi portalda fəhlə, eləcə də ballast üzrə operator köməkçisi peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda konkret olaraq hansı bölmədə, hansı kod üzrə peşədə (eyni peşədirsə bir kod üzrə, peşələr fərqli olduğu təqdirdə hər peşə üzrə kod ayrı-ayrılıqda göstərilməklə) işləməsi barədə məlumatın, eləcə də iddiaçının ümumilikdə hansı dövrlər üzrə güzəştli iş stajına malik olması barədə məlumatın, eləcə də iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi portalda fəhlə və balastr üzrə operator peşəsinin cavabdehin imtinasında qeyd etdiyi qazma quyuların qazmaçıları və qazma qurğularının maşinisti peşəsi ilə eyniyyət təşkil edib-etməməsi, eyniyyət təşkil edirsə peşələrin Siyahiya uyğun olmadan yazılmasının səbəbləri, eyniyyət təşkil etmirsə, ayrı-ayrılıqda hər peşə üzrə göstərilməklə əmək funskiyalarında həmin peşələr üzrə fərqli və oxşar cəhətlər ilə bağlı məlumatın təqdim edilməsi ilə bağlı X3 LTD-yə sorğu ünvanlamışdır. Sorğuya cavab məktubunda qeyd olunmuşdur ki: -İddiaçı 09 iyul 1998-ci il tarixindən X2 Ltd MMC-də portalda fəhlə peşəsinə işə qəbul edilmiş və 28 mart 2003-cü ildə İstiqlal qazma qurğusunda ballast üzrə operatorun köməkçisi peşəsinə keçirilmiş və 23 mart 2006-cı ildə ballast üzrə operator vəzifəsinə keçirilmişdir. Portalda fəhlə peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş, Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın (sonradan-Siyahı) X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində 1100000a— 11297 şifrəsi ilə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə, ballast üzrə operatorun köməkçisi peşəsi isə həmin bölmədə 1100000a—13590 şifrəsi ilə qeyd edilmiş qazma qurğularının maşinistləri peşəsinə tam identik olmaqla güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. Portalda fəhlə və ballast üzrə operator köməkçisi peşələrinin qeyd edilən Siyahının yuxarıda qeyd edilən bölməsində göstərilmiş peşələrlə zahiri oxşarlığının olmamasına baxmayaraq, vəzifə öhdəliklərinə görə həmin peşələrətam identikdir.  Portal fəhləsinin peşə öhdəliklərinə Qazımaçının rəhbərliyi altında dərin qazıma qurğusu ilə quyuların qazılması texnoloji prosesinki ayrı-ayrı növlərinin aparılması, Qazıma avadanlığın işə salınmağa hazırlanması və endirmə-qaldırma əməliyyat zamanı (Portalda) yuxarıdakı işlərin aparılması, Qazıma məhlulunun hazırlanması, ağırlaşdırılması və kimyəvi işlənməsi. Qazıma avadanlığının, alətlərin təmizlənməsi, yağlanması və məhlulum dövr etməsinə nəzarət. İşləri aiddir ki, bu da VTİSK-da Dənizdə üzən qazma aqreqatının qazmaçı köməkçisi peşəsinə identikdir və Siyahıda 1100000а—11297 şifrəsi ilə qeyd edilmişdir.  Ballast üzrə operator peşəsinin öhdəliklərinə qazıma üçün qurğularında, transmissiyalar və pnevmatik sistemə xidmət edilməsi. Qazma avadanlığı və avtomatika cihazlarının sökülməsi, yığılması, mərkəzləşdirilməsi, nasazlıqların aradan qaldırılması və tənzimlənməsi. Ballast sisteminin bütün nasoslarını və klapanlarını yerli və uzaqdan idarə edilməsi..Soyutma, yağlama və yanacaq vermə sistemlərinin, turbotransformatorların, turbomuftaların, güc aqreqatlarının avtomatik qoruyucu sistemlərinin tənzim edilməsi və saz hala salınması. Qazıma və güc avadanlığına xidmət edən fəhlələrə rəhbərlik edilməsi aiddir ki, bu da VTİSK-da neft və qaz üzrə qazma qurğusunun maşinisti peşəsinə identikdir və Siyahıda 1100000a—13590 şifrəsi ilə qeyd edilmişdir. Məhkəmə bir daha vurğulamağı zəruri hesab edir ki, yuxarıda da göstərildiyi kimi, oxşar mübahisələr ilə bağlı Ali Məhkəmənin bir çox qərarlarında “Burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər” ifadələri göstərilmişdir. Bunun əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının X2 Ltd MMC-də işlədiyi portalda fəhlə və ballast üzrə operatorun köməkçisi peşəsi – Siyahıda 1100000a—11297 şifrəsi altında nəzərdə tutulmuş neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə, ballast üzrə operatorun köməkçisi peşəsi isə həmin bölmədə 1100000a—13590 şifrəsi ilə qeyd edilmiş qazma qurğularının maşinistləri peşəsi ilə eyni funksional xarakter daşıyır ki, bu da məhkəmə sorğusuna cavab məktubunda əks olunmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçının “Xüsusiləşdirilmiş Texniki Vasitələrinə” X5 İdarəsində qazmaçı köməkçisi, həmçinin X2 LTD MMC-də portal fəhləsi və ballast üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş, Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında 1100000а—11297, 1100000a—13590 kod altında nəzərdə tutulan qazma quyularının qazmaçıları və neft və qaz üzrə qazma qurğusunun maşinisti peşəsinə uyğun olduğundan, onun 17.11.1993-01.01.2006-cı il tarixədək işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Həmin müddət üzrə müvafiq illəri cəmlədikdə məlum olur ki, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən (12 il 01 ay 15 gün) çox təşkil edir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur.İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasından savayi, həmçinin də, təqdim olunmuş güzəştli arayışda aşkar olaraq göstərilmişdir. Beləliklə, iddiaçıya 31.12.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə hesab edir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni 31.12.2019-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı 52 yaşdan, yəni 31.12.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar