Məhkəmə qərarları › İş №2-1(112)-3998/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3998/2020

10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3998/2020 10.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (3-cü şəxslər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, "xxxx" ASC) qarşı kompensasiyanın hesablanması tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (3-cü şəxslər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməklə ona kompensasiya hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. ünvan 1 ünvanda da yaşayır. xx.xx.2014-cü il tarixində "xxxx" ASC ilə İddiaçı arasında 80002973 saylı kredit müqaviləsi bağlanmış və bank tərəfindən ona 12 (on iki) ay müddətinə, illik 33 (otuz üç) faiz ödəmək şərti ilə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir.Eyni zamanda 80002973 saylı kredit müqaviləsinə əlavə olaraq X2 və X5 ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin eyni tarixdə, yəni xx.xx.2014-cü il tarixində 80002973 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı olaraq girov müqaviləsi bağlanmışdır.İddiaçı banka olan kredit borcunu tam olaraq ödəmiş, ödəniş müddətində heç bir gecikməsi olmamışdır. Həmçinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən ona kompensasiya məbləği ödənilməlidir.İddiaçı bununla bağlı elektron şəkildə şikayət məktubu ünvanlanmış, şikayət məktubuna cavab olaraq bildirilmişdir ki, kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditlərin onun adına olmasının müəyyən edilməsi mümkün olmamışdır. Bununla əlaqədar sorğu edilən kredit üzrə müqavilələrin həqiqiliyinin və eyniləşdirilməsinin məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışdır.Qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Belə ki, ona aid şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin "xxxx" ASC tərəfindən Mərkəzi Kredit Reyestrinə səhv daxil edilməsinə görə o, hal-hazırda kompensasiya məbləğini ala bilmir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir.Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə ləğv olunmuş "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixdə 6.370 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanılmasına dair müvafiq qeydlər bazaya ötürülmüşdür. Lakin vətəndaşın ümumi kredit tarixçəsinə "xxxx" ASC tərəfindən borclunun eyniləşdirilməsi həyata keçirilmədən şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi xxxxxxx olan (bu nömrə İddiaçı aiddir), lakin seriya nömrəsi AZE15519355 (bu nömrə başqa bir şəxsin şəxsiyyət vəsiqəsinin məlumatıdır) kimi qeyd edilən şəxsə məxsus kredit məlumatları əlavə edilmişdir. Nəticədə İddiaçı kredit tarixçəsi barədə məlumatlar ziddiyyətli və qeyri-dəqiq olduğundan onun adı Fərmanın təsiri çərçivəsində düşən şəxslərin siyahısına əlavə olunmamışdır.İddiaçının eyni iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsində qaldırdığı iş üzrə keçirilmiş məhkəmə iclası zamanı "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 1020 saylı məktubda bildirilmişdir ki, İddiaçı ilə bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 010CASA17160001 saylı kredit müqaviləsinə dair məlumatların rəsmiləşdirilməsi zamanı şəxsiyyət vəsiqəsinin seriya nömrəsində bir rəqəm texniki olaraq səhv qeyd edilmiş və bu rəqəm faktiki olaraq AZE ******** olduğu halda, AZE 15519355 kimi sistemə daxil edilmişdir.Göstərilənləri nəzərə alaraq, İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona ləğv olunmuş “Dəmirbank" ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 568,39 manat məbləğində kompensasiya məbləğinin hesablanmasına etiraz edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər İPM-in bu müddəasının tələblərini və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X3 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 02 iyul tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 20 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının şifahi dinləmələr keçirilmədən, onun iştirakı olmadan baxılmasına razı olduğunu bildirmişdir. Digər tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 20 iyun 2014-cü il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki, “kredit verən” "xxxx" ASC ilə “kredit alan” İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən İddiaçı 12 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə 02 saylı, 31 mart 2015-ci il tarixli əlavə sazişdən görünür ki, müqavilənin bəndlərinə dəyişiklik edilərək, kredit 1861,29 ABŞ dolları məbləğində təyin olunmuş və kredit müqaviləsi xx.xx.2015-ci il tarixədək uzadılmışdır. İşdə olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi İddiaçı məxsusdur. İşdə olan "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 1020 saylı, 23 yanvar 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, onunla "xxxx" ASC arasında 16 iyun 2017-ci il tarixdə imzalanmış 010CASA171670001 saylı kredit müqaviləsinə əsasən ona 4000 AZN məbləğində kredit ayrılmışdır. Həmin kredit məlumatlarının rəsmiləşdirilməsi zamanı şəxsiyyət vəsiqəsinin seriya nömrəsində bir rəqəm mexaniki olaraq səhv qeyd edilmişdir. Belə ki, şəxsiyyət vəsiqəsinin seriya nömrəli faktiki AZE ******** olduğu halda, AZE 15519355 kimi daxil edilmişdir. 17 noyabr 2019-cu il tarixdə edilmiş müraciət əsasında sözügedın xətanın düzəlişinə dair bank tərəfindən Azərbaycan Kredit Bürosuna və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Kredit Reyestr Xidmətinə 26 noyabr 2019-cu il tarixli 7904 və 7903 saylı məktublar göndərilmişdir. 22 yanvar 2020-ci il tarixdə Azərbaycan Kredit Bürosuna edilən sorğuya cavab olaraq bildirilmişdir ki, müvafiq düzəlişlər artıq icra edilmişdir. Həmçinin bildirilmişdir ki, onun "xxxx" ASC-də müvafiq dövrdə olan kredit Azərbaycan manatı valyutasında olduğundan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanının əhatəsi dairəsinə düşmür. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş SF15367 saylı, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC ilə bağlanmış 20 iyun 2014-cü il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 1861,29 ABŞ dolları kredit borcu üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə aparılmışdır. Həmin kredit məbləği borcalanın bağlanmış öhdəliklərinin siyahısında qeyd edilmişdir. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı 20 iyun 2014-cü il tarixli, ******* saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 12 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 6370 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərini 24 avqust 2015-ci il tarixdə tam icra etmişdir. İddiaçı götürdüyü kredit məbləğinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il, 551 saylı Fərmanının əhatə dairəsinə düşdüyü halda, həmin Fərmanın ona münasibətdə tətbiq edilmədiyindən, onun adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməklə, ona kompensasiya hesablanmasını tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı sözügedən Fərmanın təsir dairəsinə düşən şəxslərin siyahısına aid olduğu halda müraciətinin təmin edilməsindən imtina edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 28 noyabr 2019-cu il tarixli Sərəncamından görünür ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi qərara alınmışdır. Belə ki, cavabdeh iddiaçının yuxarıda göstərilən Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməməsinə əsas olaraq X1 Kredit Reyestrinin və Fərman çərçivəsində yaradılmış məlumat bazasına əsasən kredit müqaviləsinə dair qeydlər daxil edilsə də, lakin iddiaçının ümumi kredit tarixçəsinə "xxxx" ASC tərəfindən borclunun eyniləşdirilməsi həyata keçirilmədən şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi xxxxxxx olan (bu nömrə İddiaçı aiddir), lakin seriya nömrəsi AZE15519355 (bu nömrə başqa bir şəxsin şəxsiyyət vəsiqəsinin məlumatıdır) kimi qeyd edilən şəxsə məxsus kredit məlumatları əlavə edildiyini, nəticədə İddiaçı kredit tarixçəsi barədə məlumatların ziddiyyətli və qeyri-dəqiq olduğundan onun adının Fərmanın təsiri çərçivəsində düşən şəxslərin siyahısına əlavə olunmadığını göstərilmişdir. Halbuki iş materiallarında olan sənədlər əsasənda müəyyən edildi ki, iddiaçı ilə "xxxx" ASC arasında 16 iyun 2017-ci il tarixdə imzalanmış 010CASA171670001 saylı kredit müqaviləsi Azərbaycan manatı valyutasında olduğundan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanının əhatəsi dairəsinə düşmür. Həmin kredit məlumatlarının rəsmiləşdirilməsi zamanı iddiaçının şəxsiyyət vəsiqəsinin seriya nömrəsində bir rəqəm mexaniki olaraq səhv qeyd edilmiş, şəxsiyyət vəsiqəsinin seriya nömrəli faktiki AZE ******** olduğu halda, AZE 15519355 kimi daxil edilmişdir. Sözügedən xətanın düzəlişinə dair bank tərəfindən Azərbaycan Kredit Bürosuna və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Kredit Reyestr Xidmətinə 26 noyabr 2019-cu il tarixli 7904 və 7903 saylı məktublar göndərilmişdir. 22 yanvar 2020-ci il tarixdə Azərbaycan Kredit Bürosuna edilən sorğuya cavab olaraq bildirilmişdir ki, müvafiq düzəlişlər artıq icra edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının 1-ci bəndinə əsasən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”ndan görünür ki, Bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2-ci bəndinə əsasən 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Həmin Fərmanının 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilmişdir. İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi 20 iyun 2014-cü il tarixində bağlandığından, ona verilmiş kredit məbləği 10000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmadığından onun həmin Fərmanın çərçivəsinə daxilində sözügedən kredit müqaviləsi üzrə kompensasiya almaq hüququ olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə digər bank arasında Azərbaycan manatı valyutasında bağlanmış kredit müqaviləsi üzrə məlumatların Mərkəzi Kredit Reyestrinə səhv daxil edilməsinə istinad edərək onun adının kompensasiya alacaq şəxslər siyahısına daxil edilməməsi əsassız olmuşdur və iddiaçını kompensasiya almaq hüququndan məhrum etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməklə ona kompensasiya hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 75-ci və 85-ci maddəsinə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və ona kompensasiyanın hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar