Məhkəmə qərarları › İş №2-1(112)-3998/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3998/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3998/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə qarşı “dəymiş ziyanın ödənilməsi və xx xxxxxx 2020-ci il tarixli aktın təqdim edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə qarşı iddia ərizəsi ilə Bakı inzibati Məhkəməsinə müraciət edərək, ona dəymiş 14150 ABŞ dolları və həmin məbləğə bank uçot dərəcəsi üzrə hesablanmış 2813,10 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi və Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin vaxtı keçmiş sənədlərin məhv etmə komissiyasının xx xxxxxx 2020-ci il tarixli aktının Bakı İnzibati Məhkəməsinə və ona təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İşin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədilə məhkəmə iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmişdir. Cavabdehə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işin hallarının müzakirəsini mümkün saymışdır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq məhkəmə iclasında iddiaçıya “hüquqi yardım” göstərərək, iddia ərizəsi üzrə cavabdehin inzibati orqan olmadığını, tələbi üzrə dəqiqləşdirilmə aparılmalı olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, Səbail rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1398/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən İddiaçı ilə X3 arasında xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş borc müqaviləsinə əsasən yaranmış 14150 ABŞ dolları və həmin məbləğə bank uçot dərəcəsi üzrə hesablanmış 2813,10 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh X2 tutulub iddiaçıya ödənilməsi qeyd edilmişdir. İcra sənədi xx.xx.2010-cu il tarixdə icraya yönəldilmiş və icra şöbəsində müəyyən tədbirlər görülərək cavabdehin Bakıda və Şəkidə əmlakları aşkar edilmişdir. Lakin həmin əmlakların əldə edilməsi tədbirləri sona qədər həyata keçirilməmişdir.İş üzrə borclu X3 2010-cu il tarixdən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin apa axtarış işinin nəticələrinə uyğun olaraq, X1 şəhərində yaşamağı aşkar edilmişdir. Məhkəmə qətnaməsinin Rusiya ərazisində tanınması və icra olunması üçün iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə müvafiq sənədlər və onların rus dilinə tərcüməsi toplanaraq Səbail Rayon Məhkəməsinə təqdim edilmiş, həmin sənədlər toplu şəkildə Rusiya Federasiyasının müvafiq məhkəməsi tərəfindən tanınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinə göndərilmişdir. Lakin xx xxxxxx 2020-ci il tarixində akt tərtib edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli, 32 nömrəli qərarına əsasən məhv edilmişdir. Bununla da qətnamənin beynəlxalq səviyyədə icrası mümkün olmamış, iddiaçının maddi zərər çəkməsinə səbəb olmuşdur. Qeyd olunanlardan birmənalı olaraq göründüyü kimi, hazırki işin mübahisələndirilən halları 2(009)-1398/2010 saylı məhkəmə işində olan sənədlərin vaxtı keçmiş sənədlər kimi məhv edilməsi ilə bağlıdır. Məhkəmə İPM-in 1.1-ci maddəsinin tələbi baxımından, ilk öncə onu qeyd edir ki, inzibati qaydada qaldırılan iddianın ilkin mümkünlük şərti inzibati hüquq münasibətlərindən yaranmasıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər – tələbin iddia müddətinə dair normada riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyasından ümumi (publik) hüquq sahəsinə qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlarından irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şətlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1 bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş, iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlüş şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn: məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.(9-cu bənd). Müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Hazırki iddia tələbi üzrə cavabdeh qismində göstərilmiş Səbail Rayon Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na inzibati orqan kimi daxil edilməmişdir. Hətta cavabdeh hazırki halda inzibati orqan kimi qəbul edilsə belə iddia mümkünsuz iddiadır. Belə ki, iddiaçı tələbinin birinci hissəsində cavabdehdən ona dəymiş ziyanı tələb edir. Tələb edilən məbləğ qismində Səbail rayon Məhkəməsinin 2(009)-1398/2010 saylı xx xxx 2010-cu il tarixli qiyabi qətnaməsi ilə borc müqaviləsi əsasında yaranmış borclu X2 tutulmalı olan məbləği qeyd edir. Məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş izahatlardan da aydın olur ki, qiyabi qətnamə icraya yönəldilmiş, icra sənədləri məhv edilməmiş, müvafiq icra və probasiya şöbəsinin icraatındadır. Beləliklə də, məhkəmə tərəfindən qəbul edilmiş qiyabi qətnamə icraya yönəldildiyindən, məhz xx xxxxxx 2020-ci il tarixli aktla iddiaçıya ziyanın vurulması sübuta yetirilmir. İddiaçının tələbinin ikinci hissəsi-xx xxxxxx 2020-ci il tarixli sənədlərin məhv edilməsinə dair aktın təqdim edilməsi ilə bağlıdır. Məhkəmə bildirir ki, iş üzrə araşdırma zamanı iddiaçı tərəfindən həmin aktın tələb edilməsi ilə bağlı ilkin müraciətin olmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri, Səbail rayon Məhkəməsinə qarşı “dəymiş ziyanın ödənilməsi və xx xxxxxx 2020-ci il tarixli aktın təqdim edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri, Səbail rayon Məhkəməsinə qarşı “dəymiş ziyanın ödənilməsi və xx xxxxxx 2020-ci il tarixli aktın təqdim edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar