Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3998/2023 12.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1, üçüncü şəxs X4 iştirakları ilə, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, X6) “mənzilin üzərində olan müvəqqəti məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/99m saylı, xx.xx.2015-ci il tarixli məktub əsasında iddiaçının mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 15/84 saylı mənzilin üzərinə qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məlum hadisələrlə əlaqədər Laçın rayonundan məcburi köçkün düşmüşdür. Hazırda mülkiyyətində olan və faktiki olaraq yaşadığı Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 15/84-saylı paylı mülkiyyətdə olan mənzilin üzərinə Daşınmaz Əmlakın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhdudiyyət qoyulmuşdur. Bu haldan iddiaçı yaxın vaxtlarda xəbər tutmuş və bununla bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli; **********13 saylı cavab məktubunda bildirmişdir ki, qeyd olunan daşınmaz əmlak üzərinə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin 1/99m saylı, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Sorğu ilə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinə müraciət edilmiş, sözügedən məhdudiyyətin hansı səbəbdən qoyulmasının və uzun müddət (7 il) bu məhdudiyyətin saxlanılmasının qanunsuz olduğu və məhdudiyyətin götürülməsi xahiş edilmişdir. Lakin hal-hazırda kimi, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran məhdudiyyətin hansı səbəbdən qoyulması, məhdudiyyətin götürülübgötürülməməsi barədə iddiaçıya hər hansı rəsmi məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadına əsasən iddiaçının iddia tələbinin cavabdehə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə münasibətdə dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində işə cəlb edilmişdirlər. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/99m saylı, xx.xx.2015-ci il tarixli məktubu əsasında onun mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 15/84 saylı mənzilin üzərinə qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Vətəndaş İddiaçı mülkiyyətində olan (paylı) Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 15/84 saylı evin 11 saylı mənzilin üzərinə qoyulmuş məhdudiyyət barədə ətraflı məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı Vəkil Bürosu tərəfindən İdarəyə 202 saylı, xx.xx.2022-ci il tarixli (********** daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli) sorğu verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilir ki, ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı (1 otaq (21 kv.m)), X4 (1 otaq (18 kv.m)) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeyd olunan daşınmaz əmlak üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/99m saylı, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə də istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, ÖM seriyalı, 222056 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi 15/84 ünvanda yerləşən 39,0 kv.metr yaşayış sahəsindən ibarət evin 21,0 kv.metr (1 otaq) olan hissəsi X2, 18,0 kv.metr (1 otaq) olan hissəsi X4 paylı mülkiyyətlərindədir. -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları keçəsi, 15/84 saylı evin 11 saylı mənzilin üzərinə AR Daxili İşlər Nazirliyinin 1/99m saylı, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. -Cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 15/84 saylı evin 11 saylı mənzili İddiaçı (1 otaq) və X4 (1 otaq) paylı mülkiyyətindədir. Qeyd olunan ünvanda yerləşən daşınmaz əmlak üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/99m saylı, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən cavabdehə ünvanlanan xx.xx.2015-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Beynəlxalq Bankının külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə müraciəti əsasında Daxili İşlər Nazirliyində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Yaranmış zərurətlə əlaqədar təqdim edilmiş siyahıda adları qeyd olunan şəxslərə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlak (yaşayış və qeyri-yaşayış sahəsi) barədə məlumatların təqdim olunması, eləcə də onların özgəninkiləşdirilməsinin dayandırılması üçün göstəriş verilməsi xahiş edilmişdir. -Cavabdeh tərəfindən iddiaçı tərəfin Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi 15/84 saylı evin 11 saylı mənzilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlak üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/99m saylı, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuş, lakin həmin məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı müraciətin daxil olmamışdır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konsititusiyasının: -13-cü maddəsinin İ hissəsin əəsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.3-cü maddəsinə əsasən, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə)- qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsində hüquqların dövlət qeydiyyatının dayandırılması əsasları öz əksini tapmışdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 7 gün müddətində verilməlidir. Bu cür sorğulara vaxtında cavab verməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Sorğuların forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. Bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər edilməlidir. Cinayət işinin icraatı zamanı əmlak üzərində həbsin qoyulması CPM-in 249-cu maddəsinə uyğun olaraq məhkəmə və ya müstəntiqin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 251.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs qoyulması haqqında qərar cinayət işi üzrə məhkəməyədək icraat zamanı müstəntiq, məhkəmə icraatı zamanı isə icra məmuru tərəfindən icra olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. Qanunvericilikdə əşyanın yüklülüyü dedikdə qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya məxsus, tələbdə qeyd edilmiş daşınmaz əmlak üzərində hər hansı məhdudiyyət və yüklülük olmamış, həmin əmlak üzərinə həbs qoyulmamışdır. Cavabdehin etirazının dəlilini əsasını təşkil edən Daxili İşlər Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan xx.xx.2015-ci il tarixli məktub əmlak üzərində qanun və ya əqd əsasında yüklülük yaradan hal kimi qiymətləndirilə bilməzdi. Yəni, qeyd edilən məktub iddiaçıya məxsus əmlak üzərinə məhdudiyyətin qoyulmasına heç bir hüquqi əsas yaratmır. Odur ki, hazırkı iş üzrə cavabdeh orqanın iddiaçıya məxsus əmlaklar üzərinə həbs qoyulmasını bildirməsi iddiaçının əmlak hüquqlarını pozulmasına səbəb olmuşdur. İnzibati işin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan iddiaçıya məxsus daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) qanun və ya əqd əsasında mövcud olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və bu halı sübut edə bilməmişdir (cavabdeh inzibati orqan bunun əksini təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir). Təqdim edilən yeganə məhdudlaşma əsası isə yuxarıda qeyd edilən, qanuna və əqdə əsaslanmayan Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan məktub olmuşdur. Odur ki, məhkəmə hesab edir ki,cavabdeh inzibati orqan iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli müvəqqəti xarakter daşıdığı göstərilən məktub uzun müddət ərzində mülkiyyətçinin əmlak üzərində hüquqlarının həyata keçirilməsinə məhdudiyyət tətbiq etməsini nəzərdə tutmamışdır.Həmin məktub mahiyyət etibarilə mülki və cinayət prosessual qaydada tədbirlərin həyata keçirilməsinə qədər olan hüquqi mexanizmi nəzərdə tutmuşdur. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlak üzərindən məhdudiyyətin götürülməsindən imtina edilməsinin qanuni əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunzidd qiymətləndirilməli və iddia təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/99m saylı, xx.xx.2015-ci il tarixli məktub əsasında X2 mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 15/84 saylı mənzilin üzərinə qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/99m saylı, xx.xx.2015-ci il tarixli məktub əsasında X2 mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 15/84 saylı mənzilin üzərinə qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3998/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3998/2023
12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver