Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3998/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində soyadın dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1971-ci il tarixdə tərtib edilmiş 459 saylı doğum haqqında akt qeydinin uşaq bəndində soyadın “Həsənova”dan “Məmmədova”ya düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1971 -ci ildə Bərdə rayonunda anadan olmuş. Yasamal rayonu Qədirli küçəsi, dalan 2, ev 3-də qeydiyyatdadır. Onun doğum haqqında akt qeydi xx.xx.1971 -ci il tarixdə 459 saylı akt qeydi ilə Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Həmin doğum akt qeydində onun soyadı “Həsənova”kimi yazılmışdır. Lakin ona məxsus olan digər sənədlərdə, həmçinin vətəndaşlıq vəziyyəti akt qeydlərində onun soyadı “Məmmədova”yazılmışdır Doğum haqqında akt qeydində dəyişiklik edilməsi barədə Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etdi. Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə 3- 16-5/8-15-1055/15/24 saylı imtina məktubla ona bildirildi ki, doğum qeydiyyata alınan zaman doğum haqqında akt qeydində soyad səhvən “Həsənova” yazılmışdır. Qeyaiyyat şöbəsi tərəfindən soyada düzəliş edilməsindən imtina edilmişdir. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1971-ci il tarixdə 459 saylı doğum akt qeydi tərtib edilərkən uşaq bəndində soyad “Həsənova” yazılmışdır. Lakin şəxsiyyətini təsdiq edən sənəddə soyad “Məmmədova”yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161 -ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Göstərilənlərə əsasən doğum haqqında akt qeydində soyadın “Həsənova”dan “Məmmədova”ya dəyişdirilməsi imkan xaricindədir. Yasamal rayon qeydiyyat şöbəsi aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyə edir.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, İddiaçı haqqında akt qeydinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon qeydiyyat şöbəsinə daxil olmuş müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1971-ci il tarixdə 459 saylı doğum akt qeydi tərtib edilərkən uşaq bəndində soyad “Həsənova” yazılmışdır. Lakin şəxsiyyətini təsdiq edən sənəddə soyad “Məmmədova”yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161 -ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ər!zə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Göstərilənlərə əsasən doğum haqqında akt qeydində soyadın “Həsənova”dan “Məmmədova”ya dəyişiklik edilməsindən imtina edilmişdir.
5. xx.xx.1971-ci il tarixli 459 nömrəli doğum haqqında akt qeydinə əsasən X7 xx.xx.1971-ci il tarixində anadan olduğu qeyd edilmişdir. (Ata: X8, Ana: X5)
6. V-ЖГ № 410205 doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1971-ci il tarixində anadan olmuşdur. (Ata: X8, Ana: X5)
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü
9. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
11. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. III. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi
12. Məhkəmə mövqeyini iddianın mümkünlüyünə qiymət verməklə bildirməyi zəruri hesab edir.
13. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
14. Hazırki iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli faktlar olan doğumun qeydə alınması və nikahın bağlanması faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum haqqında akt qeydində nə nikah haqqında akt qeydində düzəliş edilməsi ilə bağlıdır.
15. İddia mümkündür.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
18. Məhkəmə iclasında İddiaçı məxsus V-ЖГ № 410205 doğum haqqında şəhadətnamənin əslinə baxış keçirilmişdir.
19. xx.xx.1971 -ci ildə Bərdə rayonunda doğulmuş İddiaçı soyadı doğum haqqında akt qeydində “Həsənova” olaraq qeyd olunsa da, doğum haqqında şəhadtnamədə, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə “Məmmədova” olaraq göstərilmişdir.
20. X13 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X2rşı).
21. Beləliklə, məhkəmə hesab edir ki, doğum haqqında akt qeydində buraxılmış texniki xətanın aradan qaldırılaraq soyadının “Həsənova”dan “Məmmədova”ya dəyişdirilməsini istəyir. Məhkəmə nəzərə alır ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində, eləcə də digər sənədlərdə iddiaçının soyadı “Məmmədova” olaraq göstərilmişdir. Odur ki, müvafiq dəyişikliyin edilməsi üçün kifayət qədər əsas var, əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq düzəlişin həyata keçirilməsindən imtina edilməsi demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz.
22. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X4rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).
23. Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı).
24. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus xx.xx.1971-ci il tarixli 459 nömrəli doğum haqqında akt qeydində “Həsənova” soyadının “Məmmədova” olaraq dəyişdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. xx.xx.1971-ci il tarixində Bərdə rayonunda doğulmuş İddiaçı məxsus xx.xx.1971-ci il tarixli 459 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında “Həsənova” soyadının “Məmmədova” olaraq dəyişdirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva