Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3999/2024 03.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Xətai Rayonu Xətai Bələdiyyəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Xətai rayonu Xətai Bələdiyyəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və Tərtər Rayon İcra Hakimiyyəti) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlərin hər biri tərəfindən 7500 manat kompensasiya ödənilməsi yaxud mənzil növbəsi saxlanılmaqla Tərtər rayonunun Suqovuşan qəsəbəsində 2 otaqlı bağ evi və 15 sot torpaq sahəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən cavabdehlərdən Bakı şəhəri İcra Hakimiyyətinin təqsiri üzündən 1999-cu ildən növbədənkənar torpaq sahəsi ilə təmin edilməməsi səbəbindən, Xətai Rayon Bələdiyyəsinin isə torpaq sahəsi ilə təmin etmədiyi səbəbindən hər birindən 75.000 manat kompensasiya tutulması, 75.000 manat əldən çıxmış faydanın və eyni məbləğdə həm də cavabdehlərdən mənəvi ziyanın əvəzinin tutulması öhdəliyinin cavabdehlərə həvalə edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı sığınacaq yeri olmayan məskunlaşdırılmamış Ermənistan qaçqınıdır, 2-ci qrup əlil kimi müavinətləri 1992-ci ildən ödənilmir, pasport qeydiyyatı yoxdur, pasportu qüvvədən düşüb, asan nömrə ala bilmir. Apellyasiya məhkəməsinə müraciət etmək imkanı yoxdur. Bu səbəblərdən pulsuz vəkillə təmin olunmalıdır. Cavabdehin etirazı: İddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Xətai Rayon Xətai Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Xətai Rayon Xətai Bələdiyyəsinin mülkiyyətində fərdi yaşayış evinin tikintisi və digər məqsədlər üçün torpaq sahəsi olmadığı üçün iddiaçının mülkiyyətinə bələdiyyə torpaq sahəsi ayrılmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd olunmuşdur ki, mövcud qanunvericiliyə uyğun olaraq vətəndaşlara fərdi ev tikintisi məqsədilə torpaq sahəsinin ayrılması Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyəti xaricindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13114/2023 nömrəli qərarından da göründüyü kimi iddiaçının cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı növbədənkənar mənzilin verilməsi barədə iddiası rədd edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, bununla bağlı inzibati icraat haqqında qanunvericilikdə müvafiq norma mövcuddur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsindən də göründüyü kimi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. AR MM-nin: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Hazırkı iş üzrə də vəziyyət belədir. Belə ki, yuxarıda qeyd olunan dispoziya şərtləri mövcud olmamış, cavabdehlərin iddiaçıya münasibətdə hər hansı hüquqa zidd, təqsirli hərəkəti olmamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən:
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.
2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16.4-cü maddəsinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyətinin səlahiyyətlərindədir. Göründüyü kimi Azərbaycan torpaq sahələrinin vətəndaşlara verilməsi prosesi əsasən “Torpaq Məcəlləsi” ilə tənzimlənir. Bu məcəllə torpaq mülkiyyəti, istifadəsi, ayrılması və seatılması ilə bağlı əsas qaydaları müəyyən edir. Məhkəmə hesab edir ki, hazırda qüvvədə olan qanunvericiliyin tələblərində torpaq sahəsinin ayrılması və ya icarəyə verilməsi ilə bağlı iddiaçıya münasibətdə hər hansı hüquqazidd mövqeyi nümayiş olunmadığından, onun cavabdehlərdən tələb etdiyi maddi ziyanın yaranmasından da söhbət gedə bilməz. Qeyd olunmalıdır ki, AR İPM-nin 14.3-cü maddəsinin tələblərinə uyğun olaraq məcburetmə, dolayısı ilə də hər nə qədər birbaşa göstərilməsə də öhdəliyin icrası və kompensasiya ilə bağlı iddia növlərində inzibati praktikada təsdiq edir ki, sübutetmə yükü əsasən iddiaçı tərəfin üzərinə düşür. Yalnız inzibati orqan iddiaçının arzuladığı inzibati aktın və ya hərəkətin qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında kimi 75.000 manat zərər vurulmasına dair iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə mənəvi zərər ilə bağlı hissədə də hesab edir ki, iddia rədd olunmalıdır ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 nömrəli 3 noyabr 2008-ci il Qərarının 10-cu bəndinə görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə də Plenum Qərarının 10-cu bəndində nəzərdə tutulan fərdi xüsusiyyətlər nəzərə alınmaqla rəhbər tutaraq, hesab edir ki, 2000 manat məbləğ müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər hansı hərəkətləri nəticəsində sarsıntı və iztirab keçirdiyi müəyyən olunmadığından, iddia həmin hissədə də rədd olunmalıdır. Göründüyü kimi iddiaçı iddia tələbinin təmini üçün əsas olan halları sübut edə bilməmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində hazırkı iddia üzrə cavabdehin qanuna zidd əməli - hərəkət və ya hərəkətsizliyi müəyyən edilmədiyindən iddiaçıya zərərinin cavabdeh tərəfindən aradan qaldırılmasından söz edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov