Məhkəmə qərarları › İş №2-1(112)-40/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-40/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-40/2023 14.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti mənzilin təhvil verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 57 saylı Xüsusi Təyinatlı Yaşayış X2 əsasən Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, “Qırmızı Şərq 1” hərbi şəhərciyi, ev 136, mənzil 173 ünvanında yerləşən xidməti mənzilin təhvil-təslim aktı əsasında iddiaçıya verilməsi öhdəliyinin icrasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 04 avqust 2001-ci il tarixindən həqiqi hərbi xidmətdədir. İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmət keçməsi ilə əlaqədar onunla (kirayəçi) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi (kirayəyə verən) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 57 saylı Xüsusi Təyinatlı Yaşayış X2 əsasən, ünvan 1 ünvanında yerləşən xidməti mənzil onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Ancaq mənzil müqavilənin şərtlərinə zidd olaraq bu günə qədər onlara təhvil verilməmişdir. Nəticədə cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunan xx.xx.2019-cu il tarixli, 57 saylı Xüsusi Təyinatlı Yaşayış X1 verilməsinə əsas Bakı Qarnizon rəisinin xx.xx.2019-cu il tarixli, 19 saylı qərarı olmuşdur. Hal-hazırda iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xəstəliyi ilə əlaqədar həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı raportla müraciət etmişdir. İddiaçıya xidməti vəzifələrinin icrası ilə əlaqədar İİ qrup hərbi əlil statusu verilmişdir. Belə ki, Mənzil İstismar İdarəsi (kirayəyə verən) ilə iddiaçının (kirayəçinin) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 57 saylı Xüsusi Təyinatlı Yaşayış X4 üzrə kirayəyə verən tərəfindən naməlum səbəblərdən icra edilməmişdir. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən kirayəyə verən digər şəxslərin hüquqlarından azad və yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə cavab verən vəziyyətdə olan yaşayış sahəsini təhvil-təslim aktına əsasən kirayəçiyə vermək (təhvil-təslim aktı tərtib olunduqdan sonra bu müqavilə ilə birlikdə saxlanılır) vəzifəsini üzərinə götürmüşdür. Eləcə də həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən kirayəçi yaşayış sahəsini təhvil-təslim aktına əsasən kirayəyə verəndən təhvil almaq vəzifəsini üzərinə götürmüşdür. Nəticədə Mənzil İstismar İdarəsi üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Qeyd edilən öhdəliyin cavabdeh orqan tərəfindən yerinə yetirilməsi ilə bağlı iddiaçının müraciətləri bu günə qədər müsbət həll edilməmişdir. İddiaçının ailə üzvləri qeyd edilən yaşayış sahəsinə qeydiyyata düşsələr də, həmin yaşayış sahəsindən bu günə qədər istifadə edə bilmirlər. İddiaçı ilə yaşayış sahəsinin verilməsi barədə qeyd edilən müqavilə bağlandığı üçün o, yaşayış sahəsinə ehtiyacı olan qulluqçular sırasından çıxarılmışdır. Nəticədə yaşayış sahəsi ilə bağlı ona verilən müavinət kəsilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İddiaçı qarşı “xüsusi təyinatlı yaşayış X1 etibarsız hesab edilməsi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli 2(004)-5370/2019 saylı qətnaməsi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin iddia tələbi təmin edilməmişdir. Müdafiə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(103)-904/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı qarşı “xüsusi təyinatlı yaşayış X1 etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 03 sentyabr 2020-ci il tarixli 2(102)-3032/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(103)-904/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xidməti mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış X1 surətindən görünür ki, kirayəyə verən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi Bakı şəhəri Yasamal rayonu, “Qırmızı Şərq 1” h/ş küçəsi, 136 nömrəli binada, 173 nömrəli mənzildə yerləşən, dövlət mənzil fonduna aid, yaşayış hissəsi 51,1 kv.metrdən ibarət 3 otaqlı yaşayış sahəsini kirayə haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə müddətsiz kirayəçi İddiaçı sahibiliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5370/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair iddiasının qismən təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 57 saylı Xüsusi Təyinatlı Yaşayış X2 əsasən iddiaçı və ailə üzvlərinin qanuni istifadəsinə verilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən xidməti mənzildən cavabdeh X9 ailə üzvləri- X5, X7 və X8 ilə birlikdə çıxarılması, həmin mənzildən cavabdehə və ailə üzvlərinə aid əşyaların çıxarılaraq mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10%-i iddiaçıya, 90%-i cavabdehə aid edilməklə, cavabdeh X3 27 (iyirmi yeddi) manat pul alınaraq İddiaçı ödənilməsi, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı qarşı xüsusi təyinatlı yaşayış X1 etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddia üzrə ödənilməli olan 10 manat dövlət rüsumu iddiaçıya aid edilməklə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 10 (on) manat pulun dövlət büdcəsinə köçürülməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-904/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, birinci iddia üzrə cavabdeh X9 və ikinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5370/2019 saylı, 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, birinci iddia üzrə İddiaçı cavabdeh X6 qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd edilmiş, ikinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı qarşı “xüsusi təyinatlı yaşayış X1 etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi F.Ə.Mirzəyev arasında xx.xx.2019-cu il tarixli, 57 saylı “Xüsusi təyinatlı yaşayış X4 bağlanması barədə” müqavilə etibarsız hesab edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3032/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, birinci iddia üzrə İddiaçı cavabdeh X6 qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair və ikinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı Məmməd oğluna qarşı “xüsusi təyinatlı yaşayış X1 etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli 2(103)-904/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli, 2(103)-904/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçı ərizəsində tələbinin faktiki əsası kimi kirayə müqaviləsinə istinad edir ki, həmin müqavilədə tərəflərin qarşılıqlı mülki hüquq və vəzifələrini əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilənin bağlanmasının iddiaçının xidməti ilə əlaqədar olması, o cümlədən müqavilə tərəflərindən birinin inzibati orqan olması tərəflər arasında olan mülki hüquq münasibətinə (müqavilə münasibətinə) təsir etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.2-ci maddəsinə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Başqa sözlə, dövlət hakimiyyəti orqanları mülki hüquq münasibətlərinin subyektlərindən biridir. Məhkəmə vurğulayır ki, iş üzrə tərəflər könüllü surətdə müqavilə bağlamaqla qarşılıqlı hüquq və vəzifələrə malik olduğundan, bu münasibətdə bərabərhüquqlu subyekt kimi iştirak etmişdir və tərəflər arasında olan bu müqavilə münasibəti inzibati orqanla şəxsin hakimiyyət tabeli münasibəti kimi, həmçinin inzibati orqanın digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə bir daha vurğulayır ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının əsaslandığı müqavilə artıq yuxarıda istinad olunan məhkəmə aktları ilə etibarsız sayılmışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti mənzilin təhvil verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar