Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-400/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “texniki şərtin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildə yaşayış, sudan və sanitar tikililərdən (hamam, tualet) mütamadi istifadə nəticəsində yaranmış tullantı sularının ümumi istiadədə olan kanalizasiya qovşaqlarına qoşulmasına və texniki şərtin verilməsinə dair cavadehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 45.5 kv/ metr olan mənzili 2017-ci ildə alqı-satqı yolu ilə almışdır və bu mənzil onun tam mülkiyyətindədir. Həmin mənzili alarkən mənzilə tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, bu mənzildə 50 ildən çox müddətdə yaşayış olduğu üçün bütün kommunal xidmətlərlə (su, kanalizasiya, işıq, qaz və sair) təchiz olunmuşdur. O, ailəsi ilə birlikdə həmin mənzildə yaşadığı və su təchizatı ilə bağlı hər-hansı narahatçılığı olmadığı üçün, sudan və sanitar tikililərdən (hamam, tualet) mütamadi istifadə nəticəsində yaranmış tullantı suları xüsusi borularla axıdılaraq ümumi istifadədə olan kanalizasiya qovşaqlarına qoşulmuşdur. Ümumi istifadədə olan kanalizasiya qovşağı, ona məxsus su xəttindən və sanitar məntəqələrdən 20 metr məsafədə olmaqla qonşunun həyətində yerləşir. Həmin mənzildə ailəsilə birlikdə yaşadıqdan qısa müddət sonra, qonşu tərəfindən müvafiq kanalizasiya borusunun onun həyətindən keçməklə ümumi istifadədə olan kanalizasiya şəbəkəsinə qoşulmasının etirazı ilə üzləşmişdir. Onun qonşuları ilə hər-hansı düşmənçilik və ya ədavəti yoxdur. Çox mehriban qonşudurlar. Amma qonşu ilə aralarındakı şifahi razılaşmaya əsasən ərizə ilə müraciət edərək sudan və sanitar tikililərdən (hamam, tualet) mütamadi istifadə nəticəsində yaranmış tullantı sularının xüsusi borularla axıdılaraq ümumi istifadədə olan kanalizasiya qovşaqlarına qoşulması üçün texniki şərt almalıdır. Çünki, onun evinin arxasında, daha yaxın məsafədə ümumi istifadə üçün nəzərdə tutulmuş digər bir kanalizasiya qovşağı mövcuddur. Bu kanalizasiya qovşağıda təxminən 15 metr məsafədə yerləşir. Bununla bağlı “Azərsu" ASC-yə müraciət edərək sudan və sanitar tikililərdən (hamam, tualet) mütamadi istifadə nəticəsində yaranmış tullantı sularının xüsusi borularla axıdılaraq, ümumi istifadədə olan kanalizasiya qovşaqlarına qoşulmasına dair texniki şərtin verilməsini xahiş etmişdir. Müraciətilə bağlı hazırki vaxtadək hər hansı tədbir görülməmiş və ya baxış keçirilməmişdir. Cavabdeh təşkilatın müraciətini cavablandırmadığını nəzərə alaraq elektron qaydada da müraciət etmişdir. Amma cavabdeh təşkilatın xx.xx.2020-ci il tarixli cavab məktubundan da görünür ki, əsassız olaraq müraciətindən imtina edilmişdir. Həmin müraciətinə cavab olaraq da qeyd edilmişdir ki, qanuna uyğun olaraq müvafiq sənədlər “Azərsu" ASC-yə təqdim edilməlidir. Göründüyü kimi cavabdeh təşkilat ümumi, formal sözlərlə müraciətə baxmaqdan imtina edir. Hesab edir ki, cavabdeh təşkilatın müraciətinə baxmaqdan imtinası əsassız olduğu üçün, üzərinə müvafiq öhdəlik qoyulmalıdır. Qeyd olunanlara əsasən sudan və sanitar tikililərdən (hamam, tualet) mütamadi istifadə nəticəsində yaranmış tullantı sularının xüsusi borularla axıdılaraq ümumi istifadədə olan kanalizasiya qovşaqlarına qoşulmasına dair müvafiq texniki şərtin verilməsi ilə bağlı cavabdeh təşkilatın üzərinə öhdəlik qoyulmasını doğru hesab edir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1983-cü ildə doğulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* №li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerəşən 45,5 kv. metrdən ibarət olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2668 nömrəli reyestr kitabının 248592 nömrəli vərəqində, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, Cavabdeh ASC tərəfindən veilmiş İƏ-01/8-303 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən yaşayış evinin kanalizasiya xəttinə qoşulması üçün, "Su təchizatı və tullantı suları haqqında’ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq sənədlər Cavabdeh ASC-yə təqdim edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/3178 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki; - İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən onun qoşulmağa iddia etdiyi Cavabdeh ASC-nin balansında olan fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə və qurğulara qədər olan məsafənin 17 metr, ortaq hasardan isə 12 metr olduğu müəyyən edilmişdir. - İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindəki su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki xətləri (boruları) onun qoşulmağa iddia etdiyi Cavabdeh ASC-nin balansında olan fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə və qurğulara qoşulması normativ tələblərə zidd deyildir, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 275 saylı xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın tələblərinə uyğun olub olmamasını müyyən etmək mümkün olmadı. İPM-nin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə öhdəliyin icrası haqqında iddia onunla xarakterizə olunur ki, iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində qeyd olunmuşdur ki, kanalizasiya sistemi- yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir. Həmin Qanunun 4.1-ci bəndinə əsasən Fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; c) su ehtiyatlarından səmərəli istifadə olunması; ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması. Həmin Qanunun 5.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 275 saylı xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 1.2.2-ci bəndinə əsasən, texniki şərtlər - obyektlərin su təchizatı və tullantı sularının axıdılması sisteminə (STTSAS-a) qoşulması məqsədi ilə layihənin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Həmin Qaydaların 2.1-ci bəndinə müvafiq olaraq sifarişçinin tikinti obyektinin su təchizatı və tullantı sularının axıdılması sisteminə (STTSAS) qoşulması su təchizatı və kanalizasiya müəssisəsi (STKM) tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə görə, fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə və qurğulara qədər məsafə L=30,0 m olduğu halda qoşulmalar STKM tərəfindən hazırlanan texniki şərtlərə əsasən, bu məsafədən artıq olduğu halda fərdi yaşayış evinin yerləşdiyi ərazinin perspektiv layihəsinə uyğun şəbəkələrin inşası ilə verilməlidir. Həmin Qaydaların 2.3-cü bəndinə uyğun olaraq STKM sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik və tikinti normalarına uyğun STTSAS-ın mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. Həmin Qaydaların 2.20-ci bəndinə əsasən, texniki şərtlərin verilməsindən aşağıdakı hallarda səbəbləri konkret əsaslandırılmaqla rəsmi qaydada imtina edilir: -2.20.1. Qaydaların 2.9-cu və 2.10-cu bəndlərində nəzərdə tutulmuş sənədlərin bu Qaydaların 2.14-cü bəndi ilə müəyyən edilmiş müddətdə tam təqdim edilməməsi (çatışmazlıqların və uyğunsuzluqların aradan qaldırılmaması); - 2.20.2. texniki şərtlərin verilməsinin STKM-in indiki və gələcək məişət (təsərrüfat) içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaratması; - 2.20.3. istehlakçının daxili su və kanalizasiya xidmətlərinin şəbəkəsinin vəziyyəti su və kanalizasiya şəbəkələrinin xətlərinin texniki istismarı üzrə normativ hüquqi aktlara uyğun gəlməməsi; - 2.20.4. sifarişçinin qoşulma barədə müraciətindən imtina etməsi; -2.20.5. tikinti sahəsində mövcud su təchizatı və ya kanalizasiya şəbəkə və qurğularının mühafizəsi və ya köçürülməsinin mümkün olmaması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq olunmuş Cavabdeh ASC-nin Nizamnaməsinin 3-cü bəndində Cəmiyyətin əsas məqsəd və funksiyaları: Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının yaşayış məntəqələrində aidiyyəti üzrə sosial-iqtisadi sifarişlərin yerinə yetirilməsi və ictimai tələbatın ödənilməsi üçün məhsul istehsal etmək, iş yerinə yetirmək, xidmət göstərmək və mənfəət əldə etməkdir.( 3.1.); Cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir (3.2.); Bu məqsədlə Cəmiyyət (3.3): suyun götürülməsi, emalı, nəqli və satışı sahəsində tabeliyində olan təşkilatların fəaliyyətini təşkil edir və onların bu sahədə fəaliyyətini tənzimləyir, tabeliyindəki sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət edir(3.3.1); tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin ahəngdar işi üzrə tabeliyində olan aidiyyəti təşkilatların fəaliyyətini təşkil edir və onlara nəzarəti həyata keçirir (3.3.2); tabeliyində olan müəssisələr tərəfindən 3.3.1-ci və 3.3.2-ci maddələrdə sadalanan bütün iş və xidmətlərin, yaxud ayrılıqda onların hər birinin dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslərlə müvafiq müqavilə bağlamaqla, təşkilinə və həyata keçirilməsinə nəzarət edir (3.3.3); Su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş sanitar-mühafizə zonalarının yaradılması və ona nəzarət rejiminin həyata keçirilməsini təmin edir (3.3.4); su təchizatı üçün yerüstü su obyektlərindən suyun götürülməsini təşkil edir (3.3.5); su təchizatı məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yeraltı su obyektlərindən istifadə edir(3.3.6); su obyektlərindən xüsusi məqsədlər üçün istifadə hüququndan istifadə edir (3.3.7); su quyularının qazılması sahəsində fəaliyyət göstərir (3.3.8); istehsal olunan suyun və axıdılan çirkab sularının miqdarının təyin edilməsi üçün sərfölçənlərin və tələbatçıların sifarişi ilə suölçmə cihazlarının quraşdırılmasını təmin edir və istismara qəbul edir (3.3.9); ətraf mühitin qorunması ilə bağlı öz səlahiyyətləri daxilində müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir (3.3.10); su və kanalizasiya xətlərinə qoşulmalar üçün hüquqi və fiziki şəxslərin müraciətləri əsasında mövcud sistem və qurğuların texnoloji imkanlarını nəzərə alaraq, müvafiq texniki şərtlər verir və həmin şərtlərə əməl edilməsi üzərində nəzarəti həyata keçirir (3.3.11). İşin araşdırılan hallarından göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məxus yaşayış sahəsinə istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması məqsədilə texniki şərtin verilməsindən imtina olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 275 saylı xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nda nəzərdə tutulmuş heç bi qanuni əsas mövcud deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsi, ev 14 ünvanında yerləşən 1 saylı mənzilə istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün İddiaçı texniki şərtin verilməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq Cavabdeh ASC-dən 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsi, ev 14 ünvanında yerləşən, 1 saylı mənzilə istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün İddiaçı texniki şərtin verilməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-400/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-400/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver