Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4001/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 22.04.2014-cü il tarixdən 01.03.2018-ci il tarixədək olan dövr üçün fərq məbləğinin hesablanması və ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 22 aprel 2014-cü il tarixdən əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləğinin azlığı ilə əlaqədar dəfələrlə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, çox cuzi miqdarda artım olmuşdur. 12 fevral 2021-ci il tarixdə müraicətinə əsasən, əmək pensiyasının məbləği 267.32 AZN-dən 354.72 AZN-ə artırılmış və 01.03.2018-28.02.2021-ci il tarixləri üçün yenidən hesablanmışdır. Hesablanan fərq məbləği ödənilmişdir. Lakin, 22.04.2014-cü il tarixdən 01.03.2018-ci il tarixədək olan dövr üçün fərq məbləği hesablanmamış və ödənilməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 09 iyul 2021-ci il tarixli, **********3 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə iddiaçının mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia qismən əsaslıdır və bu səbəbdən də, qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 22.06.1951-ci il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 09 iyul 2021-ci il tarixli, **********3 nömrəli “Keçmiş dövr üzrə fərq məbləğinin hesablanması haqqında” imtina məktubundan görünür ki, ididaçının 28 aprel 2021-ci il tarixli, **********2 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 05 iyun 2021-ci il tarixndə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadı ilə məhkəmələrə sözügedən məsələnin nəzərə alınması tövsiyyə edilmişdir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üçün hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulmuşdur. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən “Vergilər Nazirliyi sistemində işlədiyi dövrdə qazandığı hər rübün yekununa görə mükafat və digər qazancların nəzərə alınaraq, pensiya məbləğinin yenidən hesablanması” barədə ilkin ərizəsi 11.08.2020-ci il tarixdə olmuşdur. Məhkəmə aşağıdakı qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır: Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, 08.10.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Hazırki işin inzibati məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı onun pensiyasının yenidən hesablanması üçün inzibati orqana 11.08.2020-ci il tarixli ərizə ilə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən onun əmək pensiyası yenidən hesablanaraq keçmiş müddət üçün ödənilməli olan məbləğ 01.03.2018-28.02.2021-ci il tarixləri üzrə ödənilmişdir. Halbuki, qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, keçmiş müddət üçün ödənilməli olan pensiya məbləği ən çoxu müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməlidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı pensiya məbləğinin bütün növ əlavələrin nəzərə alınmaqla yenidən hesablanması barədə cavabdeh inzibati orqana müraciəti 11.08.2020-ci il tarixdə olduğundan, iddiaçıya həmin tarixdən üç il əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləği ödənilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaranmış pensiya fərqi məbləğinin onun müraciət etdiyi 11.08.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4001/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4001/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver