Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4001/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 600 kv.m ölçüdə 96 nömrəli bağ sahəsi üzvlük kitabçasına əsasən ona ayrılmışdır. Cavabdeh qeyd etmişdir ki, üzvlərin siyahısında onun adı aşkar edilməmiş, hasarlama və mərzçəkmə işləri aparılmamışdır. Halbuki tərəfindən həmin bağ sahəsi qanuni əsaslarla onun istifadəsində olmuş, bələdiyyə vergiləri ödənilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmiş, torpaq sahəsinin bir hissəsi torpaq sahəsinin ayrıc aktından kənar yerləşmişdir. Həmçinin, digər torpaq sahələri ilə bağ sahəsi ümumi hasar daxilində olduğundan çıxarışın verilməsindən imtina edilir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sahil bağçılıq tərəfindən iddiaçıya verilmiş üzvlük kitabçasından görünür ki, fəhlə peşəsi üzrə işləyən İddiaçı 96 saylı 600 kv.m ölçüdə bağ sahəsi istifadəsinə verilmişdir. Cavabdehin imtinasından görünür ki, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar edilməməsi, bir hissə torpaq sahəsinin ayrıc aktından kənar yerləşməsi və digər torpaq sahələri ilə ümumi hasar daxilində olması səbəbindən torpaq sahəsinin qeydiyyatından imtina edilmişdir. Bələdiyyənin tədiyyə bildirişindən görünür ki, istifadədə olan torpaq sahəsi ilə bağlı iddiaçı tərəfindən bələdiyyə vergisinin ödənilməsi həyata keçirilmişdir. Məhkəmə sorğusuna cavabdehin cavab məktubundan görünür ki, 95 və 97 saylı bağ sahəslərinin dövlət qeydiyyatına alınması həyata keçirilməmişdir. 96 saylı bağ sahəsinin ayrılmasına dair hər hansı sənəd də aşkar edilməmişdir. Eyni zamanda cavabdeh birliyin nəzdində 94 və 99 bağ sahələrinə və 98,100 saylı bağ sahələrinə dair qeydə alınma barədə sənədləri təqdim etmişdir. X2 məxsus 100 saylı bağ sahəsinə dair çıxarışdan, eləcə də iddiaçının təqdim etdiyi ayrıc aktı və bağ sahələrinin yerləşməsinə dair xəritədən çıxarışdan görünür ki, iddiaçının torpaq sahəsi ilə paralel yerləşən 100 saylı bağ sahəsinə çıxarış verilmişdir. X1 məxsus 99 saylı bağ sahəsinə dair çıxarışdan, eləcə də iddiaçının təqdim etdiyi ayrıc aktı və bağ sahələrinin yerləşməsinə dair xəritədən çıxarışdan görünür ki, iddiaçının torpaq sahəsi ilə paralel yerləşən həmin saylı bağ sahəsinə çıxarış verilmişdir. Həmin sorğuya əsasən təqdim edilmiş 1995-ci il tarixdən əvvəlki tarixə üzvlərin siyahısından görünür ki, iddiaçının adı həmin siyahıda aşkar edilməmişdir. Müayinə aktından görünür ki, adıçəkilən torpaq sahəsi 95 və 97 nömrəli bağ sahələri ilə eyni hasar daxilindədir, 96 saylı bağ sahəsi iddiaçının faktiki istifadəsindədir və həmin bağ sahəsində tikili də mövcuddur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 3 əsas gətirir:
1. Bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması;
2. Bağ sahəsinin bir hissəsinin ayrıc aktından kənar yerləşməsi ;
3. Bağ sahələrinin bir hasar daxilində yerləşməsidir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Bağ sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının mübahisələndirilən bağ sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır ki, həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş üzvlük kitabçasından (əsli) görünür ki, iddiaçı adıçəkilən bağçılıqyoldaşlıq təsərrüfatının üzvü olmuş və ona 96 saylı bağ sahələri ayrılmışdır. Göründüyü kimi, iddiaçı mübahisə predmetini təşkil edən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədə malikdir. Sözügedən sənədin mövcudluğu isə şübhə doğurmur. Çünki, hər nə qədər də cavabdeh iddiaçının adının kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olmamasına istinad etsə də, iddiaçının bağ sahəsi üzərində hüquqlarının qeydə alınması üçün üzvlük kitabçası mövcuddur. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, sözügedən bağ sahələri ilə bağlı hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi ilə bağlı sorğuya cavab məktubunda həmin nömrə altında olan bağ sahəsinə dair digər fiziki şəxsin adına sənədin olub-olmaması və ya sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hər hansı bir fiziki şəxsin müraciətinin olub-olmaması cavabdeh tərəfindən bildirilməmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bağçılıq yoldaşlığın üzvlərinin siyahısında olmaması yox, olması halı üzvlük kitabçasının mötəbərliyinə daha çox şübhə yaradar. Belə ki, məhkəmə sorğusuna əsasən təqdim edilən “Sahil” bağçılıq-yoldaşlığın yeganə üzvlərin siyahısından görünür ki, həmin siyahı tarix qeyd edilməsə belə 1995-ci il tarixdən, yəni iddiaçıya üzvlük kitabçasının verildiyi tarixdən əvvəlki tarixə aiddir. Həmin bağ sahəsi isə yeganə siyahıya uyğun olaraq heç kimə ayrılmamışdır. Göründüyü kimi bağçılıq-yoldaşlığa yeni üzvlər qəbul edilsə də siyahının yenilənməsi həyata keçirilməmişdir ki, həmin hal konstitison hüquq kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina əsası qismində çıxış edə bilməz. Belə ki, nə siyahının tərtib edilməsi, nə də onun yenilənməsi iddiaçının məsuliyyət sferasına aid deyil, üzvlüyə yeni qəbul və üzvlük kitabçasının verilməsindən sonra üzvlərin siyahısının yenilənməsi həyata keçirilməli idi ki, həmin siyahının yenilənməməsi cavabdehin imtinasını əsaslı hesab edə bilməz. Cavabdehin digər imtina əsası onunla bağlıdır ki, bağ sahəsinin bir hissəsi ayrıc aktından kənarda yerləşir. Bununla bağlı, ilkin olaraq qeyd edilməlidir ki, bağ sahəsi ayrıc aktından kənarda yerləşsəydi belə, bu halı vəziyyəti iddiaçının ziyanına dəyişməzdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-301/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərlə bağlı vurğulayır ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Avtonəqliyyattexnika” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında A.Qədimlinin adına 27 deyil 22 saylı bağ sahəsinin ayrılmasının qeyd olunması, həmçinin həmin bağ sahəsinin elektron kadastr məlumatlarına əsasən digər bağçılıq-yoldaşlığının – “Avtomobil Nəqliyyat Nazirliyi” təsərrüfatının ayrıc aktının daxilində yerləşməsi iddiaçının təqsiri deyil və qeyd edilən hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Lakin, hazırkı halda ayrıc aktından kənarda yerləşmə ilə bağlı 2 məqama diqqət edilməsi zəruridir. İlkin olaraq, qeyd edilməlidir ki, cavabdehin təqdim etdiyi sənədlərdən də görünür ki, 600 kv.m torpaq sahəsinin hamısı yox, yalnız bir hissəsi ayrıc aktından kənardadır, digər hissə isə ayrıc aktı daxilindədir ki, ayrıc aktından hissəvi kənarlaşmada istər iddiaçının təqsirinin olmaması, istərsə də ayrıc aktının tərtibatı zamanı və ya ümumi torpaq sahələrinin koordinatlarının uyğunlaşdırılması kimi hallar həmin kənarlaşma olsa belə ağlabatandır və həmin hal məhkəmə hesab edir ki, vəziyyəti iddiaçının ziyanına şərh edə bilməz. İkinci məqam isə odur ki, təqdim edilən sənədlərdən də göründüyü kimi iddiaçının torpaq sahəsi ilə paralel yerləşən və ayrıc aktından hissəvi kənarda olan digər bağ sahələrinə cavabdeh tərəfindən çıxarış verilmiş, həmin şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır ki, iddiaçıya münasibətdə fərqli yanaşmanın nədən ibarət olması əsaslandırılmamışdır. Halbuki, eyni Bağçılıq Yoldaşlığına eyni qaydada üzv qəbul edilmiş həmin şəxslərin hüquqları qeydiyyata alındığı və onlara bu barədə müvafiq çıxarışların verildiyi halda, iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Həmin normaya əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul olunmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-557/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da bərabərlik baxımından digər bağçılıq-yoldaşlıq tərəfindən verilmiş sənədlər əsasında çıxarışın verilməsinə dair iş üzrə eyni mövqedən yanaşılmış, bərabərlik hüququnun pozuntusuna yol verilmə xüsusi olaraq vurğulanmışdır ki, həmin mövqenin hazırkı iş üzrə də məhkəmə hesab edir ki, tətbiqi zəruridir. Həmin işdən də görünür ki, “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş “Bağçının üzvlük kitabçası”na əsasən, iddiaçı Bağçılıq Yoldaşlıq Cəmiyyətinə üzv qəbul olunmuş və ona Hövsan qəsəbəsində 0,05 ha sahəsi olan Z-3 saylı bağ torpaq sahəsi ayrılmışdır. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, təqdim edilmiş bağçılıq yoldaşlığı təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Məhkəmə isə işin digər faktiki halları ilə yanaşı, hazırkı iş üzrə oxşar faktiki halları da qiymət verərək, iddianın təmin edilməsi barədə mövqe ilə razılaşmışdır.
Cavabdehin imtina əsası kimi göstərdiyi 3 hala münasibətdə məhkəmə bildirir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş müayinə aktından da göründüyü kimi, bağ sahələri digər bağ sahələri ilə hasar daxilindədir və bağ sahəsində köməkçi tikili mövcuddur. Hasar daxilində olduğu 95 və 97 nömrəli bağ sahələridir. Doğrudur bağ sahələrinin bir hasar daxilində olması iş materialları ilə öz təsdiqini tapır. Lakin, cavabdeh nəzərə almamışdır ki, iddiaçı hasar daxilində olan bütün torpaq sahələrinə dair çıxarışın verilməsini tələb etmir. Onun tələbi 96 saylı bağ sahəsi ilə bağlıdır. Torpaq sahəsinə qanuni əsaslarla sahiblik edən şəxs onu bir hasar daxilində edib-etməməkdə sərbəstdir. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə
qərara aldı: İddia təmin edilsin. “Sahil” bağçılıq-yoldaşlığı tərəfindən İddiaçı istifadəsinə verilmiş və faktiki sahibliyində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 96 saylı 600 kv.m ölçüdə bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov