Məhkəmə qərarları › İş №2-1(112)-4002/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4002/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4002/2021 19.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mövcud və qüvvədən düşmüş qanunvericiliyə əsasən pensiya hüququnun yarandığı gün 14.08.2020-ci il tarixdən güzəştli şərtlərlə ona əmək pensiyasının təyin edilməsi və ötən ayların pensiya məbləğinin hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun pensiya hüququ 60 yaşının tamam olduğu 14.08.2020-ci il tarixdə yaranmışdır və 24.09.2020-ci ildə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir, lakin ona 21.01.2021-ci il tarixdə imtina cavabı verilmişdir. O, 01.09.1977-ci ildən 22.06.1978-ci ilə kimi 16 №-li Peşə məktəbində əyani təhsil almış, 30.06.1978-ci ildən işə başlamış, 21.10.1978-02.12.1980-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra yenə həmin işinə qayıtmışdır. O, 30.06.1978-ci ildən 01.02.2001-ci ilədək Bakı Baş Tikinti İdarəsində 301 və 303 nömrəli Trestlərdə quraşdırıcı (montajnik) işləmişdir. Lakin səhvən əmək kitabçasına dülgər yazılmışdır. Onun bir briqadada işlədiyi iş yoldaşları ərizə ilə bunu təsdiq etmişlər, lakin cavabdeh orqan həmin ərizələrin əslini itirmişdir. Onun işlədiyi quraşdırıcı vəzifəsi güzəştli pensiya təyininə imkan verir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18170,05 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər ediməsi barədə” 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir və həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. 01.07.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Bundan əlavə, iddiaçının ümumi və xüsusi stajı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə etməsinə imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər yarımbəndində (a) dülgərlər peşəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 18 iyul 1978-ci il tarixli ******* nömrəli əmək kitabçasında 30.06.1978-01.02.2001-ci il tarixləri arasındakı dövr ərzində 303 saylı Tikinti İdarəsində dülgər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi peşə yuxarıda qeyd olunan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə məşğul olan dülgər peşəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Bundan başqa iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 6 ay) təşkil edir. Bundan əlavə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 08.01.2021-ci il tarixli **********2 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər yarımbəndində (a) dülgərlər peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 18 iyul 1978-ci il tarixli ******* nömrəli əmək kitabçanızda 30.06.1978- 01.02.2001-ci il tarixləri arasındakı dövr ərzində 303 saylı Tikinti İdarəsində dülgər peşəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz peşə yuxarıda qeyd olunan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə məşğul olan dülgər peşəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Bundan başqa Sizin ümumi iş stajınız da 25 ildən az (23 il 6 ay) təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17115,03 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 08.09.2020-ci il tarixli BA-00464-2020 saylı arxiv arayışından görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 303 saylı Tikinti idarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında xx.xx.1960-cı il təvəllüdlü vət. İddiaçı 30.06.1978-ci il tarixli, 99/s saylı əmrlə Texniki Peşə məktəbini bitirdikdən sonra 30.06.1978-ci il tarixdən 3-cü dərəcəli dülgər vəzifəsinə işə qəbul olunması, 19.10.1978-ci il tarixli, 162/s əmrlə hərbi xidmətə çağırışla əlaqədar olaraq 21.10.1978-ci il tarixdən işdən azad olunması və 1978-ci ilin iyul, avqust, sentyabr, oktyabr aylarına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 303 saylı Tikinti İdarəsinin 1977-ci ilə dair natamam arxiv sənədlərinin əmr kitablarında və əmək haqqı cədvəllərində vət.İddiaçı barəsində heç bir məlumat yoxdur. BBTİ 303 saylı Tikinti İdarəsinin 1981-2001-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Zərərli işlə bağlı Dövlət Arxivinin Bakı filialında hər hansı bir məlumat saxlanılmır. İş materiallarında olan NZ seriyalı ******* nömrəli İddiaçı məxsus hərbi biletin surətindən görünür ki, İddiaçı 21.10.1978-ci il tarixdən 02.12.1980-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin 20.04.2021-ci il tarixli məktubundan görünür ki, 20.04.2021-ci il tarixə olan uçot baza məlumatlarına əsasən İddiaçı vergi ödəyicisi kimi 10.05.2006-cı il tarixdə uçota alınması və 22.01.2016-cı il tarixdə isə vergi uçotunun ləğv edilməsi barədə məlumat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.09.1977-ci ildən 22.06.1978-ci ilədək 16 nömrəli texniki peşə məktəbində təhsil almış, 30.06.1978-ci ildə Bakı şəhəri X2 İcraiyyə Komitəsi Bakı Baş Tikinti İdarəsinin X3 Tikintisi İdarəsi 303 nömrəli Tİ Trestə 3-cü dərəcəli dülgər vəzifəsinə işə qəbul edilmiş, 21.10.1978-ci ildə Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar olaraq işdən azad edilmişdir, 21.10.1978-ci ildən 02.12.1980-cı ilədək Sovet Ordu sıralarında hərbi xidmət keçmişdir, 03.02.1981-ci ildə Bakı şəhəri X2 İcraiyyə Komitəsi Bakı Baş Tikinti İdarəsinin X3 Tikintisi İdarəsi 303 nömrəli Tİ Trestə 3-cü dərəcəli dülgər vəzifəsinə işə qəbul edilmiş, 01.03.1983-cü ildə 4-cü dərəcəli dülgər vəzifəsinə keçirilmiş, 01.10.1987-ci ildə əmək haqqının ödənilməsinin yeni tarif şərtlərinin tətbiqi ilə əlaqədar olaraq 3-cü dərəcəli dülgər vəzifəsinə keçirilmiş, 01.05.1988-ci ildə 4-cü dərəcəli dülgər vəzifəsinə keçirilmiş, 01.07.1989-ci ildə 5-ci dərəcəli dülgər vəzifəsinə keçirilmiş, 01.04.1995-ci ildə 303 nömrəli Tikinti İdarəsinin ləğv edilməsi ilə əlaqədar 301 nömrəli Tikinti idarəsinə keçirilmiş, 01.02.2001-ci ildə AR ƏM-nin 69-cu maddəsinə əsasənn öz xahişi ilə işdən azad edilmiş, 01.10.2014-cü ildə Xətai rayonu 316 saylı Körpələr Evi - Uşaq Baxçasına 1 ştat vahidi ilə gözətçi vəzifəsinə təyin edilmiş, 01.10.2015-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. O, 60 yaşının tamam olduğu 14.08.2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçı 01.09.1977-ci ildən 22.06.1978-ci ilədək 16 nömrəli texniki peşə məktəbində təhsil almışdır, 30.06.1978-ci ildə Bakı şəhəri X2 İcraiyyə Komitəsi Bakı Baş Tikinti İdarəsinin X3 Tikintisi İdarəsi 303 nömrəli Tİ Trestə 3-cü dərəcəli dülgər vəzifəsinə işə qəbul edilmiş, 21.10.1978-ci ildə Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar olaraq işdən azad edilmişdir, 21.10.1978-ci ildən 02.12.1980-cı ilədək Sovet Ordu sıralarında hərbi xidmət keçmişdir, 03.02.1981-ci ildə Bakı şəhəri X2 İcraiyyə Komitəsi Bakı Baş Tikinti İdarəsinin X3 Tikintisi İdarəsi 303 nömrəli Tİ Trestə 3-cü dərəcəli dülgər vəzifəsinə işə qəbul edilmiş, 01.03.1983-cü ildə 4-cü dərəcəli dülgər vəzifəsinə keçirilmiş, 01.10.1987-ci ildə əmək haqqının ödənilməsinin yeni tarif şərtlərinin tətbiqi ilə əlaqədar olaraq 3-cü dərəcəli dülgər vəzifəsinə keçirilmiş, 01.05.1988-ci ildə 4-cü dərəcəli dülgər vəzifəsinə keçirilmiş, 01.07.1989-ci ildə 5-ci dərəcəli dülgər vəzifəsinə keçirilmiş, 01.04.1995-ci ildə 303 nömrəli Tikinti İdarəsinin ləğv edilməsi ilə əlaqədar 301 nömrəli Tikinti idarəsinə keçirilmiş, 01.02.2001-ci ildə AR ƏM-nin 69-cu maddəsinə əsasənn öz xahişi ilə işdən azad edilmiş, 01.10.2014-cü ildə Xətai rayonu 316 saylı Körpələr Evi - Uşaq Baxçasına 1 ştat vahidi ilə gözətçi vəzifəsinə təyin edilmiş, 01.10.2015-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin 20.04.2021-ci il tarixli məktubuna əsasən 20.04.2021-ci il tarixə olan uçot baza məlumatlarına əsasən İddiaçı vergi ödəyicisi kimi 10.05.2006-cı il tarixdə uçota alınması və 22.01.2016-cı il tarixdə isə vergi uçotunun ləğv edilməsi barədə məlumat müəyyən edilmişdir. Məhkəmə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar qeyd edir ki, iddiaçı 30.06.1978-ci ildən 01.02.2001-ci ilədək Bakı Baş Tikinti İdarəsinin X3 Tikintisi İdarəsi 301 və 303 nömrəli Tikinti İdarələrində dülgər vəzifəsində işləmişdir. Həmin vəzifə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır. Dülgər peşəsi həmin Siyahıda «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» adlanan 29-cu Bölmədə «Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər» Yarımbölməsində («a» fəhlələr) nəzərdə tutulmuşdur. İddiaçı isə X3 tikintisi sahəsində işləmişdir və həmin sahə qeyd olunan sahə ilə («Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər») uyğunluq təşkil etmir. Bu səbəbdən də qeyd olunan dövrlər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik deyildir. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 39000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18170,05 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalından az təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar