Məhkəmə qərarları › İş №2-1(112)-4002/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4002/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4002/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “möhlət hüququnun bərpa edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respubikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2027-ci ilədək verilmiş möhlət hüququnun bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona xx.xx.2027-ci ilədək verilmiş möhlət hüququnun bərpa edilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci il tarixdə anadan olmuşdur. O, həqiqi hərbi xidmət etməmişdir. İddiaçının himayəsində İ qrup əlil X3 vardır. Onun köməyə ehtiyacı olduğuna görə ərizə ilə Bakı şəhəri Xəzər rayon İcra hakimiyyətinin xx.xx.2015-ci il tarixli Sərəncamı ilə iddiaçı Fəxrəddin Quliyev üzərində patron (köməkçi) təyin edilmişdir. Cavabdehin müvafiq qərarı ilə xx.xx.2027-ci ilədək möhlət hüququ verilmişdir. Cavabdeh qanunsuz hərəkətlərinin əsassız olaraq möhlət hüququnu ləğv etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, qanunvericilikdə himayəsində xəstə ana, ata, bacı, qardaş, həyat yoldaşı olduğu təqdirdə şəxsə möhlət verilir. Əmi, dayı və digər qohumlar qanunvericilikdə nəzərdə tutulmamışdır. Yəni, iddiaçıya vaxtıkən səhv möhlət verilmişdir. Bu səbəbdən iddiaçıya verilən möhlət ləğv edilmiş, ona möhlət verən şəxs isə cəzalandırılmışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qediyyatdadır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, o, Xəzər rayon İcra Hakimiyyətinin müvafiq Sərəncamı ilə başqa övladı olmayan, 1-ci qrup əlil qohumu Fəxrəddin Quliyevin üzərində patron (köməkçi) təyin edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsi tərəfindən 2016-cı ilin iyul çağırışına cəlb edilərkən “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanununun 19.1.1-ci maddəsinin tələblərinə zidd olaraq ona ailə vəziyyətinə görə möhlət hüququ verilmişdir. Qeyd olunan Qanunda patronajlıqla bağlı möhlət hüququnun verilməsi nəzərdə tutulmadığından onun möhlət hüququ xx.xx.2023-cü il tarixdən ləğv olunmuşdur. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 100 nömrəli sərəncamı ilə iddiaçının xx.xx.1951-ci il təvəllüdlü X1 üzərində patronajlığı təyin edilmişdir. Sərəncamda iddiaçının X1 qardaşı nəvəsi olduğu qeyd edilmişdir. Çağırışçının (hərbi qulluqçunun) ailə vəziyyətinin yoxlanılması haqqında xx.xx.2016cı il tarixli Aktın 15-ci bəndində göstərilmişdir ki, çağırışçı İddiaçı ailəsinə maddi və mənəvi köməklik göstərir. O, Xəzər rayon İcra Hakimiyyətinin qərarına əsasən X3 üzərində qəyyum patronajlıq təyin olunmuşdur və onun qohumu 1-ci qrup əlildir. Səhhəti ilə əlaqədar kənar şəxsin köməyinə ehtiyacı var, kömək olmadan hərəkət edə bilmir. Çağırışçı ona qulluq edir. Akt cavabdehin məsul şəxsləri tərəfindən imzalanmışdır. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində qarşı möhlət hüququnun bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir (2.0.2.).Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür (12.1.). Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; zabitlərin həqiqi hərbi xidmətinə – müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər (12.2.). Qanunun qeyd edilən müddəalarından göründüyü kimi 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrində çağırış üzrə hərbi xidmət keçməlidirlər. Həmin Qanunun 18-ci maddəsində göstərilmişdir ki, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: ailə vəziyyətinə görə; sağlamlıq vəziyyətinə görə; təhsili davam etdirmək üçün, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək); deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar (18.1.). Göründüyü kimi vətəndaşlara ailə vəziyyəti ilə əlaqədar çağırış üzrə hərbi xidmətdən möhlət verilə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi hallarını tənzimləyir. Həmin maddədə göstərilmişdir ki, ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir: başqa övladı olmayan İ dərəcə əlilliyi olan ata, yaxud ana; 3 və daha çox uşaq; İ dərəcə əlilliyi olan arvad; 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda); 18 yaşınadək və yaxud İ dərəcə əlilliyi olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda. İddiaçı əmisi üzərində patronaj təyin edilməsinə əsaslanaraq onun hərbi xidmətdən möhlət hüququnun bərpa edilməsini xahiş edir. Lakin, Qanunun yuxarıda qeyd olunan müddəalarından görünür ki, iddiaçının əsaslandığı hal ona hərbi xidmətdən möhlət hüququ verilməsi üçün əsas deyildir. Belə ki, iddiaçının əmisi üzərində patronaj təyin edilməsi ona hərbi xidmətdən möhlət verilməsi üçün əsas sayıla bilməz. Bu səbəbdən məhkəmə hesabe dir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “hərbi xidmətdən möhlət hüququnun bərpa edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar