Məhkəmə qərarları › İş №2-1(112)-4005/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4005/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4005/2025 08.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası X1 İnsan Hüquqları Məhkəməsində olan səlahiyyətli Nümayəndəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “kompensasiyanın ödənilməsi” tələblərinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası X1 İnsan Hüquqları Məhkəməsində olan səlahiyyətli Nümayəndəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 22 000 manat pulun tutularaq kompensasiya olaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və 6 saylı hüquq məsləhətxanasının vəkili olmuşdur. O, Bakı şəhərində fəaliyyət göstərmişdir. 10 dekabr 2014-cü ildə Vəkillər X3 vəkillik fəaliyyətinin dayandırılması və vəkilliyinə xitam verilməsi üçün məhkəməyə müraciət edilməsi barədə qərar vermişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(007)-567/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş və onun Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməyi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6275/2015 saylı, 11sentyabr 2015-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Beşinci Sessiyasının Palata tərkibində (Avropa Məhkəməsi) qəbul etdiyi 81024/12 və 28198/15 saylı şikayətlər üzrə 25 iyun 2020-ci il tarixli qərarında iddiaçının Vəkillər Kollegiyasından xaric edilməsinin Konvensiyanın 8 və 10-cu maddələrinin pozuntusu olduğunu müəyyən etmişdir. Avropa Məhkəməsinin qərarı qüvvəyə mindikdən sonra, 4 dəfə (27 iyul 2020-ci il, 30 noyabr 2020-ci il, 03 iyun 2022-ci il və 25 iyun 2022-ci ildə) yazılı şəkildə Azərbaycan Respublikası X1 İnsan Hüquqları Məhkəməsində olan səlahiyyətli Nümayəndəsinə müraciət edərək Avropa Məhkəməsinin 25 iyun 2020-ci il tarixli qərarının icra edilməsini xahiş etmişdir. Həmçinin, 10 mart 2021-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət edərək Avropa Məhkəməsinin 25 iyun 2020-ci il tarixli qərarını həm ingilis, həm də Azərbaycan dilində olan variantını onlara təqdim edərək bu qərarın icra edilməsi ilə bağlı aşağıdakıların edilməsini xahiş etmişdir: 10 mart 2021-ci ildə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edərək onlardan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 dekabr 2015-ci il tarixli 1 -2 (102)-1511/2015 saylı qərarını və onunla bağlı Bakı Apellyasiya məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1556/2015 saylı 10 sentyabr 2015-ci il tarixli qərarının tam ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə; Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli 1(102)-157/2016 saylı qərarının və bu iş üzrə digər məhkəmə aktlarının tam ləğv edilməsi və Azərbaycan Respublikası Vəkillər X2 qarşı Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməyi barədə iddiasına xitam verilməsi barədə. Nə Azərbaycan Respublikası X1 İnsan Hüquqları Məhkəməsində olan səlahiyyətli Nümayəndəsi, nə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu onun müraciətlərinə yazılı cavab verməmişlər. Son nəticə olaraq Avropa Məhkəməsinin 25 iyun 2020-ci il tarixli qərarı 4 ildən artıqdır ki, icra olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu onun müraciəti əsasında işə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxmaq istəmir, Vəkillər Kollegiyası onun vəkilliyini bərpa etmir. Bu səbəbdən onun hüquqlarının pozuntusu 4 ildən artıqdır ki, davam edir. Bu halda iddiaçıya vurulan zərər artmaqda davam edir. Bu səbəbdən ona vurulan zərərin artdığı üçün bu zərərin ödənilməsini hüququnun pozulmasında rol oynayan qurumlardan tələb etmişdir. Bu məqsədlə cavabdehlərə və üçüncü şəxsə müraciət edərək son dörd ildə məhkəmə qərarı icra edilmədiyi üçün 22 000 manat məbləğində zərərin ona ödənilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi onun 6 il müddətində kollegiyadan kənarda qalmağını nəzərə alaraq ona 18.000 avro kompensasiya ödənilməsini zəruri hesab etmişdir. Hazırda daha 4 ildir ki, hüquqları bərpa edilməyib. Müraciət etdiyi qurumlar bu qərarın icra edilməsi üçün heç bir addımlar atmırlar. Bu səbəbdən iddiaçının hüquqlarının daha 4 il pozulmuş qalmaqda davam etdiyi üçün həmin təşkilatlar ona kompensasiya ödəməlidirlər. Bu məbləğ Avropa Məhkəməsi tərəfindən müəyyən edilən məbləğə proporsional olaraq götürüldükdə 12 000 avro təşkil edir. Bu məbləğ Azərbaycan manatına konvertasiya edildikdə təxminən 22 000 manat edir. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsi ona 12 sentyabr 2024-cü il tarixli, 1-8-12- 1/2-B-67xx-xx-10696/2024 saylı məktubu ilə cavab verərək bildirib ki, əlavə kompensasiyanın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun səlahiyyətlərinə aid deyil. Bununla belə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin adı çəkilən qərarının icrası üzrə müraciəti qeydə alınmışdır. Cavabdeh Azərbaycan Respublikası X1 İnsan Hüquqları Məhkəməsində olan səlahiyyətli Nümayəndəsinə ünvanladığı məktub da Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş, Ali Məhkəmə də 17 sentyabr 2024-cü il tarixli, 1-8- 12/2-B-6724/2-23- 10947/2024 saylı məktubu ilə ona 12 sentyabr 2024-cü il tarixli məktubla cavab verildiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyası isə ümumiyyətlə məktuba cavab verməmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi 18 avqust 2024cü il tarixli 3-23/2-B-744-21-477/2024 saylı məktubu ilə cavab verərək bildirmişdir ki, müraciətdə qaldırılan məsələlər Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də təsbit olunmuş səlahiyyətlərə daxil deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər təyin edilmiş məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı iddia tələbində iddiaçının tələbi cavabdehlərdən 22 000 manat pulun tutularaq kompensasiya olaraq ona ödənilməsindən ibarətdir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi iddiaçının iddia tələbi İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş “inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiadır. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbini 3 cavabdehə qarşı yönəltmişdir:

1. Azərbaycan Respublikası X1 İnsan Hüquqları Məhkəməsində olan səlahiyyətli nümayəndəsi.

2. Azərbaycan Respublikası Ali Məhkəməsi.

3. Azərbaycan Respublikası Vəkillər Kollegiyası. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır (3.2.). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (4.). İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (5.1.). İnzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (7.1.). Göründüyü kimi iddiaçı öz tələbini inzibati orqan olmayan vəzifəli şəxsə, Azərbaycan Respublikası X1 İnsan Hüquqları Məhkəməsində olan səlahiyyətli nümayəndəsinə qarşı yönəltmişdir. Belə olan halda iddiaçı kompensasiyanı şəxsən həmin şəxsdən tələb edirsə, bu halda mülki qaydada iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etməli, yaxud həmin şəxsin təmsil etdiyi inzibati orqana qarşı iddia qaldırmalı idi. İnizbati məhkəmə icraatı qaydasında vəzifəli şəxsin cavabdeh kimi qoyularaq iddianın şəxsən həmin şəxsə qarşı yönəldilməsi isə yolverilməzdir. Qeyd edilməlidir ki, digər cavabdehlərin hər biri müxtəlif inzibati orqanlar olmaqla, qanunvericiliklə onlara aid edilmiş səlahiyyətlərə malikdirlər. İddiaçının iddia tələbi isə yalnız bir inzibati orqanın səlahiyyətinə aid ola, onların hüquqlarının pzulması bir orqanın hərəkət və ya hərəkətsizliyi üzündən baş verə və tələb bir inzibati orqana qarşı yönəldilə bilərdi. Lakin, iddiaçı isə öz tələblərini 2 inzibati orqana və 1 vəzifəli qarşı yönəltmişdir. Qeyd edilən məsələlər məhkəmə iclasında iddiaçının nəzərinə çatdırılsa da, iddiaçı öz tələbini müdafiə edərək iddianın dəyişdirilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası X1 İnsan Hüquqları Məhkəməsində olan səlahiyyətli Nümayəndəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “kompensasiyanın ödənilməsi” barədə iddiası mümkün sayıla bilməz. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyini üçüncü şəxs kimi göstərmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinin müzakirə edilməsi üçün məhkəmə iclası təyin etdiyi və iddianı mümkün hesab etmədiyi üçün üçüncü şəxsin cəlb edilməsi məsələsinə münasibət bildirməyi zəruri hesab etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, hazırkı iş üzrə qəbul edilən qərar hətta iddia təmin və ya rədd ediləcəyi təqdirdə belə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hər hansı marağına toxunmur. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdehlər Azərbaycan Respublikası X1 İnsan Hüquqları Məhkəməsində olan səlahiyyətli Nümayəndəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “kompensasiyanın ödənilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verə bilər.

Hakim: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar