Məhkəmə qərarları › İş №2-1(112)-4006/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4006/2020

20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4006/2020 20.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinədair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-282/5 nömrəli 17 dekabr 2019-cu il tarixli və 49 saylı xx.xx.2020-ci tarixli qərarlarının ləğv edilməsi, İddiaçı və ailə üzvlərinə (arvadı Naeem Rahila, oğlanları X5 Naeem Younis, X6 Younis və qızı X8 Naeem Younis) “qaçqın” statusunun verilməsi haqqında vəsatətinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqdləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-282/5 nömrəli 17 dekabr 2019-cu il tarixli və 49 saylı xx.xx.2020-ci tarixli qərarlarının qanunsuz hesab edilməsi, İddiaçı və ailə üzvlərinə (arvadı Naeem Rahila, oğlanları X5 Naeem Younis, X6 Younis və qızı X8 Naeem Younis) “qaçqın” statusunun verilməsi haqqında vəsatətinin təmin edilməsi və İddiaçı və ailə üzvlərinə (arvadı Naeem Rahila, oğlanları X5 Naeem Younis, X6 Younis və qızı X8 Naeem Younis) “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Pakistan İslam Respublikasının Kvetta şəhərində anadan olmuşdur. Milliyyətçə pəncabi, dini etiqadına görə xristian olduğunu, 2001-2005-ci illərdə Karaçi Universitetində Kommersiya ixtisası üzrə bakalavr pilləsində təhsil aldığını, 2004-2005-ci illərdə “D-X2”da, 2005-2009-cu illərdə isə “X7” şirkətində əmək resursları üzrə icraçı vəzifəsində çalışdığını bildirmişdir. Özü və ailə üzvləri barədə məlumat verən iddiaçı evli olduğunu, bu evlilikdən üç övladının dünyaya gəldiyini, valideyinlərinin vəfat etdiyini, 2 bacısı və 2 qardaşının olduğunu bildirmişdir. İddiaçı Kvettada yaşadığı müddətdə xristianlığın təbliği ilə məşğul olduğunu, sonradan bu dinin təbliğatı ilə məşqul olan “GİDEON” adlı təşkilata qoşulduğunu, vəzifəsinin xristianlar arasında icili yaymaqdan ibarət olduğunu, buna görə 2011-ci ildə bir qrup naməlum şəxs tərəfindən özünün və arvadının fikizi təziqə məruz qaldığını və bu təziqlərin 2015-ci ildə daha da çoxaldığını bildirmişdir. İddiaçı sonuncu dəfə 2019-cu ildə naməlum şəxslərin onun oğlu Younis Eshbanini oğurlamağa cəhd etdiklərini, lakin oğlunun hadisə yerindən qaçaraq hadisə yerindən xilas edildiyini, bundan sonra Pakistanda yaşamaqdan ehtiyyat etdiklərini və ölkəni tərk edərək xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasına gəldiklərini bildirmişdir.19 sentyabr 2019-cu ildə iddiaçı sığınacaq vəsatəti ilə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və iddiaçı ilə müsahibə aparmışdır.İddiaçı Pakistana geri qayıdacağı halda ailə üzvləri ilə birlikdə həyatlarının təhlükədə olduğundan qorxduğu üçün mənşə ölkəsinə qayıtmaq istəmir.17 dekabr 2019-cu ildə cavabdeh orqan 282/5 saylı qərarı ilə iddiaçıya sığınacaq verməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili X1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Cahangir Rəhimov məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 dekabr 2019-cu il tarixli İQ-282/5 saylı qərarının surətindən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı Younis N.M-ə və ailə üzvlərinə (arvadı, xx.xx.1978-ci il təvəllüdlü Naeem Rahila, oğlu, xx.xx.2003-cü il təvəlldlü X5 Naeem Younis, qızı, xx.xx.2005-ci il təvəllüdlü X8 Naeem Younis və oğlu, xx.xx.2011-ci il təvəllüdlü X4 Naeem Younis) qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 49 saylı qərarının surətindən görünür ki, qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli İQ-282/5 saylı qərarından Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xristianlığın təbliği ilə məşğul olduğunu, buna görə də naməlum şəxs tərəfindən özünün və ailə üzvlərinin fikizi təziqə və təqibə məruz qaldığını, bundan sonra Pakistanda yaşamaqdan ehtiyyat etdiklərini və ölkəni tərk edərək Azərbaycan Respublikasına gəldiklərini bildirmiş, ona görə də cavabdehin qərarı ilə razılaşmayaraq qərarın qanunsuz hesab edilməsini və ona qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir siyasi qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı və ailə üzvləri barəsində əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir. Göstərilən dəlillər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş qərarı qanuni və əsaslı hesab edir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə mübahisələndirilən qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar