Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4006/2023 03.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı “kompensasiya ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən X1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində yerləşmiş (11 saylı İnternat məktəbinin yanı) 322,0 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində vurulmuş ziyan olaraq 483.000 manat vəsaitin iddiaçının xeyrinə tutulması barəsində; Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq həmin əmlakın dəyərinin 20%-nin yəni 96.600 manat iddiaçının xeyrinə tutulması barəsində; Cavabdehdən İddiaçı2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində yerləşmiş (11 saylı İnternat məktəbinin yanı) 258,0 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində vurulmuş ziyan olaraq 387.000 manat vəsaitin iddiaçının xeyrinə tutulması barəsində; Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq həmin əmlakın dəyərinin 20%-nin yəni 77.400 manat vəsaitinin iddiaçının xeyrinə tutulması barəsində; cavabdehdən iddiaçının xeyrinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barəsində qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində yerləşmiş (11 saylı İnternat məktəbinin yanı) 322,0 kv.m olan qeyri-yaşayış sahəsi Bələdiyyə sənədləri ilə iddiaçıya məxsus olması tam sübuta yetirlir. Göstərilən sahələr üçün İddiaçı1 hər-hansı bir kompensasiya ödənilməmiş və əmlakları məhv edilmişdir. Kompensasiyanın ödənilməsi ilə bağlı etmiş olduğu müraciət nəticəsiz qalmışdır. İddiaçı bildirir ki, Dövlət Ehtiyacları üçün hər bir kv.m sahəyə görə 1500 manat nəzərdə tutulub əmlakına vurulmuş ziyan olaraq 322 kv.m * 1500= cəmi 483.000 manat İddiaçı1 Sadiq oğluna ziyan vurulmuşdur. İddiaçı2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində yerləşmiş (11 saylı İnternat məktəbinin yanı) 258,0 kv.m olan qeyri-yaşayış sahəsi Bələdiyyə sənədləri ilə iddiaçıya məxsus olması tam sübuta yetirilir. Göstərilən sahələr üçün İddiaçı2 hər-hansı bir kompensasiya ödənilməmiş və əmlakları məhv edilmişdir. Kompensasiyanın ödənilməsi ilə bağlı etmiş olduğu müraciət nəticəsiz qalmışdır. Bildirilir ki, Dövlət Ehtiyacları üçün hər bir kv.m sahəyə görə 1500 manat nəzərdə tutulub əmlakıma vurulmuş ziyan olaraq 258 kv.m * 1500= cəmi 387.000 manat İddiaçı2 ziyan vurulmuşdur. Cavabdehə ünvanlanmış müraciətlərdə kompensasiyaları ödəməkdən imtina edilmişdir. Cavabdehin 31 mart 2021-ci il tarixli vurulmuş ziyana görə kompensasiya məbləğlərinin ödənilməsindən imtina edilmişdir. İddiaçı bildirir ki, cavabdehin imtinası əsassızdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunununu 1.1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; Həmin Qanunun 7.3.1-ci maddəsinə əsasən torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alman torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alman binalara (evlərə, tikililərə, qurğulara da şamil edilir). Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əmlak dəyərinin 20 faizinin ödənilməsi təmin edilməmişdir. Azərbaycan Republikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işğüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hər hansı məhkəmə qərarı olmadan iddiaçılara məxsus olan tikililər qanunsuz olaraq sökülmüş və iddiaçılara qarşı ayrı seçkiliyə yol verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ-ci bəndinə əsasən Hamı qanun və məhkəmə qarşısında bərabədir. Həmin maddənin İİİ-cü bəndinə əsasən Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Həmin maddənin İV-ci bəndinə əsasən Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Həmin maddənin V-ci bəndinə əsasən Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Göründüyü kimi cavabdeh tərəfindən əmlaklarına vurulmuş ziyana görə bu günə qədər hər-hansı bir kompesnasiya məbləğləri ödənilməmiş və ödəməkdən imtina edilmişdir.
3. Tərəflər məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
5. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
7. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
8. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
9. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən iddiaçılara hüquqi yardım məktubu göndərilərək qeyri-yaşayış sahəsininin onlara məxsusluğuna dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsini təklif etməsini və bununla bağlı ağlabatan vaxt təyin edilməsinə baxmayaraq məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıların hazırkı iddia tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
10. Odur ki, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.
11. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq olmadığından həmin hüququn məhdudlaşdırılması hazırki işdə olduğu kimi hüquqi müdafiəyə ehtiyacı olmadığı halda yol veriləndir. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının 53-cü bəndində əsasən İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər.
13. Məhkəmə hesab edir ki, idda mümkün sayılmadığından iddia ərizəsində qeyd edilən cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməlidir.
14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva