Məhkəmə qərarları › İş №2-1(112)-4008/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4008/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4008/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə Cavabdehin nümayəndəsi X1 (Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2rşı sənədlərin yenidən araşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakışəhəri, N.Vəzirovküçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ukrayna Respublikasının Gömrük işi və Maliyyə Universiteti tərəfindən İddiaçı adına verilmiş 30 iyun 2016-cı il tarixli, B 16 213960 nömrəli diplom üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərində qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3947/2017 saylı, 21 noyabr 2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Ukrayna Respublikasının Gömrük işi və Maliyyə Universiteti tərəfindən verilmiş 30 iyun 2016-cı il tarixli, B 16 213960 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 aprel 2018-ci il tarixli, 2-1(103)-731/2018 saylı qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3947/2017 saylı, 21 noyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1675/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 aprel 2018-ci il tarixli, 2-1(103)-731/2018 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2892/2018 saylı, 17 dekabr 2018ci il tarixli qərarına əsasən iddia təmin edilərək, Ukrayna Respublikasının Gömrük işi və Maliyyə Universiteti tərəfindən verilmiş 30 iyun 2016-cı il tarixli, B 16 213960 nömrəli diplom üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 262/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərarına əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 2892/2018 saylı, 17 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2725/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Rasim Hüseynov tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-262/2019 saylı, 18 iyun 2019-cu il tarixli ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İşə Bakı İnzibati Məhkəməsində baxılarkən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Ukrayna Respublikasının Gömrük işi və Maliyyə Universiteti tərəfindən İddiaçı adına verilmiş 30 iyun 2016-cı il tarixli, B 16 213960 nömrəli diplom üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi ilə bağlı sənədlərin yenidən araşdırılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şükürlü X5 Respublikasının dövlət ali təhsil müəssisəsi olan Gömrük işi və Maliyyə Universitetinə 2012-ci ildə daxil olmuş, 2016-cı ildə həmin Universiteti bitirərək, “Uçot və audit" üzrə bakalavr ixtisasına yiyələnmişdir. Universitet tərəfindən ona 30 iyun 2016-cı il tarixli, B 16 213960 nömrəli bakalavr diplomu və həmin diploma eyni tarixli, 907927 nömrəli əlavə verilmişdir. Bundan sonra iddiaçı həmin diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi səlahiyyətlərini icra edən Samir Vəliyev tərəfindən göndərilmiş 26 dekabr 2016-cı il tarixli, 1437/ANİ nömrəli cavab məktubunda iddiaçının aldığı ixtisasın ölkə ərazisində tanınmasının mümkün hesab edilmədiyi bildirilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukrayna Respublikası Gömrük və Maliyyə Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddətdə olduğundan diploma əlavə edilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Həmin məktub göndərilən vaxt iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. Cavabdeh təşkilatın iddiaçının aldığı ixtisasın ölkə ərazisində tanınmasından imtinası aşağıda qeyd olunanlara əsasən tamamilə qanunsuz və əsassızdır. İddiaçı Şükürlü X5 Respublikasının Gömrük işi və Maliyyə Universitetinə 2012-ci ildə daxil olmuşdur. İkinci kursda oxuyarkən, həmin kursun tədris planını ödəyə bilmədiyi üçün o, Universitet rəhbərliyinin 17 fevral 2014-cü il tarixli, 87 nömrəli əmri ilə təhsildən kənarlaşdırılmışdır. Lakin sonradan iddiaçı bütün fərq imtahanlarını müvəffəqiyyətlə verdiyi üçün, 07 oktyabr 2014-cü il tarixli, 670 nömrəli əmrlə üçüncü kursa bərpa edilmiş və təhsilini davam etdirmişdir. İddiaçı 2016-cı ildə təhsilini müvəffəqiyyətlə başa çatdırmış və müvafiq ixtisasa yiyələnmişdir. İddiaçının təhsil aldığı dövrdə qısa müddətdə Ukrayna Respublikasında olmaması, həmin vaxt onun təhsildən kənarlaşdırılması ilə bağlı olmuşdur. Bu fakt həmin təhsil müəssisəsi tərəfindən verilən 14 iyul 2016-cı il tarixli, 47 nömrəli arayışla da təsdiq olunur. Həmin arayışı iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq olunan "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndində qeyd olunur ki, Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndində isə qeyd olunur ki, bu Qaydaların 3.6-cı bəndində göstərilən əsasların biri üzrə mənfi rəyin verilməsi Ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina üçün səbəb ola bilər. Qaydaların 3.7-ci bəndinə əsasən mənfi rəy yalnız aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda, təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçıya münasibətdə Qaydaların 3.7-ci bəndində qeyd olunan halların heç biri mövcud deyildir və onun aldığı ixtisas ölkəmizdə müəyyən edilən təhsil standartlarına tam uyğundur. Buna görə də onun aldığı ixtisas ölkə ərazisində tanınmalı və ekvivalentlyinə dair müvafiq şəhadətnamə verilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar, ekspert rəyində qeyd edilir ki, həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Göründüyü kimi qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyrimümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ. 1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Eyni zamand, əhəmiyyətli fərq dedikdə “təlim nəticələri” arasında olan fərq nəzərdə tutulur. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq təsdiq təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 2.1.48-ci bəndinə əsasən, təlimin nəticələri- təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən, təlimin nəticələrinin qiymətləndirilməsi - müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bu baxımdan da iddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun olmadığı müəyyən edilmişdir. Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsi dedikdə “bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə” nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 4.1-ci bəndinə əsasən: Bakalavr dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; - peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.7. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2. auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3. təcrübələrdə iştirak etməsi; 3.2.7.4. laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5. kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6. imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7. buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 3.2.8. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1. məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2. məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. 3.2.9. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. Hesab olunur ki, sözügedən müddət ərzində tədris yükünün mənimsənilməsi qeyri- mümkündür. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verdi. İzahatında əlavə olaraq göstərdi ki, iddiaçının müraciət etdiyi dövrdə mövcud olan qaydalara əsasən mərhələli şəkildə yoxlama aparılmış, onun yalnız təhsil müddəti yoxlanılaraq, bu barədə mənfi rəy verilmişdir. İddiaçının dil biliyi və sair əsaslar yoxlanılmamışdır. Cavabdehin nümayəndəsi sonra iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Gömrük İşi və Maliyyə Universiteti tərəfindən verilmiş B 16 № 213960 saylı, xx.xx.2016-cı il tarixli bakalavr diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2016-cı ildə universitei bitirmiş və Uçot və audit üzrə bakalavr ixtisasına yiyələnmişdir. Diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə A-39408 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İşdə olan Gömrük İşi və Maliyyə Universiteti tərəfindən verilmiş B 16 № 213960 saylı, xx.xx.2016-cı il tarixli bakalavr diplomuna 907927 saylı əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı Gömrük İşi və Maliyyə Universitetində 4 il ukrayn dilində əyani təhsil almışdır. Universitetdə xx.xx.2012-ci ildən xx.xx.2016-cı ilə kimi olan dövrdə oxuduğu müddət ərzində ixtisası üzrə tədris olunmuş fənnlərdən, təcrübələr, dövlət attestasiyası və kurs işlərindən (layihələr) kafi, məqbul və yaxşı qiymətlər almış, nəqliyyat və infrastruktura dərəcəsi üzrə dövlət imtahanı vermişdir. Diploma əlavə Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə A-39409-16 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İşdə olan Ukrayna Təhsil və Elm Nazirliyi Gömrük İşi və Maliyyə Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 47 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2012ci ildən (birinci kursa qəbul edilmə barədə xx.xx.2012-ci il tarixli 670-ks saylı əmr) xx.xx.2016-cı ilə qədər 6.030509 “Uçot və audit” ixtisasının gündüz təhsil forması üzrə Gömrük işi və Maliyyə Universitetinin İdarəetmə fakültəində təhsil alıb. Təhsil müqavilə üzrə aparılıb. Təhsil aldığı müddətdə İddiaçı xx.xx.2013-cü il tarixli 378-ks saylı əmrlə ikinci kursa keçirilmişdir. İİ kursdan tədris planını yerinə yetirmədiyi üçün xx.xx.2014-cü il tarixli 87-ks saylı əmrlə xaric edilmişdir. xx.xx.2014-cü il tarixli 670-ks saylı əmrlə akademik fərqi ləğv etmək üçün İİİ kursa qəbul edilmişdir. Dördüncü kursa keçirilmə barədə xx.xx.2015-ci il tarixli 125-ks saylı əmr. İddiaçı xx.xx.2016-cı ildən xx.xx.2016-cı il tarixli 477-ks saylı əmrlər təhsili başa vurmuş, ona “Uçot və audit üzrə bakalavr” ixtisası və B 16 213960 saylı, 30 iyun 2016-cı il tarixli bakalavr diplomu verilmişdir. Gündüz formalı bakalavr təhsil-ixtisas səviyyəsi üzrə normativ təhsil müddəti 4 ildir. Gömrük işi və Maliyyə Universiteti dövlət ali təhsil müəssisəsidir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən verilmiş 17 iyul 2017-ci il tarixli, 2020 saylı arayışdan görünür ki, İddiaçı 25 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya verilmiş 26 dekabr 2016-cı il tarixli, 1437/ANİ saylı imtina məktubundan görünür ki, iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi məqsədi ilə daxil olmuş xx.xx.2016-cı il tarixli müraciətinə baxılmışdır. Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukrayna Respublikası Gömrük və Maliyyə Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq olunan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğun olmalıdır. Bu qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bəndində göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün səbəbdir. Göstərilənləri nəzərə alaraq, Qaydaların 3.7-ci bəndinə əsasən Ukrayna Respublikası Gömrük və Maliyyə Universiteti tərəfindən onun adına verilmiş B 16 213960 nömrəli xx.xx.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Beləliklə işdə olan sənədlərdən görünür ki, İddiaçı 2016-cı ildə Gömrük İşi və Maliyyə Universitetini Uçot və audit üzrə bakalavr ixtisası üzrə bitirmiş, bu barədə Gömrük İşi və Maliyyə Universiteti tərəfindən verilmiş B 16 № 213960 saylı, xx.xx.2016-cı il tarixli bakalavr diplomu verilmiş və diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə A-39408 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1 -ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənəd-lərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Göründüyü kimi, Ukrayna Respublikası da qeyd olunan Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyi tanınmışdır. İşin hallarından görünür ki, iddiaçı tərəfindən diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət olunsa da, lakin sonuncu Ukrayna Respublikası Gömrük və Maliyyə Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddia tələbi üzrə iddiaçı aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentiyinin müəyyən edilməsini deyil, diplom üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi ilə bağlı sənədlərin yenidən araşdırılmasını cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və diplom üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi ilə bağlı sənədlərin yenidən araşdırılmasına zərurət vardır. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı 07 sentyabr 2016-cı il tarixdə diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 26 dekabr 2016-cı il tarixli məktubla müraciəti cavablandırılmışdır. Həmin müddətdə isə iddiaçı həqiqi hərbi xidmətdə olmuşdur. Həmçinin həmin araşdırması zamanı cavabdeh tərəfindən yalnız iddiaçının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddət ərzində Ukrayna Respublikası ərazisində olub-olmaması yoxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 1.4-cü bəndinə əsasən, Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.4-cü bəndinə əsasən, ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Göründüyü kimi cavabdeh iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olmasını əsas gətirməklə diplomun tanınmasından imtina etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda şəxsin ali təhsil aldığı dövlətdə hansı müddətdə olub-olmamasının yoxlanılması müəyyən edilməmiş və bu hər hansı bir qanunvericiliklə tənzimlənməmişdir. Buna baxmayaraq məhkəmə araşdırması dövründə məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 711504 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2012-ci ildə ölkə ərazisindən çıxmış, xx.xx.2012-ci ildə geri qayıtmış, xx.xx.2013-cü ildə ölkə ərazisindən çıxmış, xx.xx.2013-cü ildə geri qayıtmış, xx.xx.2013-cü ildə ölkə ərazisindən çıxmış, xx.xx.2013-cü ildə geri qayıtmış, xx.xx.2013-cü ildə ölkə ərazisindən çıxmış, xx.xx.2013-cü ildə geri qayıtmış, xx.xx.2014-cü ildə ölkə ərazisindən çıxmış, xx.xx.2014-cü ildə geri qayıtmış, xx.xx.2014-cü ildə ölkə ərazisindən çıxmış, xx.xx.2014-cü ildə geri qayıtmış, xx.xx.2014-cü ildə ölkə ərazisindən çıxmış, xx.xx.2014-cü ildə geri qayıtmış, xx.xx.2015-ci ildə ölkə ərazisindən çıxmış, xx.xx.2015-ci ildə geri qayıtmış, xx.xx.2015-ci ildə ölkə ərazisindən çıxmış, xx.xx.2015-ci ildə geri qayıtmış, xx.xx.2016-cı ildə ölkə ərazisindən çıxmış, xx.xx.2016-cı ildə geri qayıtmışdır. Bununla da müəyyən edilmişdir ki, iddiaçı təhsil aldığı müddət ərzində 2012/2013cü tədris ilində 8 ay 15 gün, 2013/2014-cü tədris ilində 4 ay 17 gün, 2014/2015-ci tədris ilində 5 ay 19 gün və 2015/2016-cı tədris ilində 7 ay 12 gün müddətində Ukrayna Respublikasında olmuşdur. Həmçinin Ukrayna Təhsil və Elm Nazirliyi Gömrük İşi və Maliyyə Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 47 saylı arayış əsasında iddiaçının təhsil müddəti ilə bağlı bir sıra hallara aydınlıq gətirilmişdir. Belə ki, həmin arayışdan görünür ki, iddiaçı təhsil aldığı müddətdə İİ kursdan xaric edilsə də, sonradan İİİ kursa qəbul edilmiş və təhsilini başa vurmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tədris müddəti ərzində Ukrayna Respublikasında olduğu müddət təhsil alması üçün qısa müddət hesab edilə bilməz. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan halların mövcud olmasının yenidən ətraflı yoxlanması üçün əsaslar mövcuddur. “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyaya dair Protokolun 2-ci maddəsinə görə heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Ukrayna Respublikasının Gömrük işi və Maliyyə Universiteti tərəfindən iddiaçının adına verilmiş 30 iyun 2016-cı il tarixli, B 16 213960 nömrəli diplom üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi ilə bağlı sənədlərin yenidən araşdırılması vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73.1, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İdda təmin edilsin. Ukrayna Respublikasının Gömrük işi və Maliyyə Universiteti tərəfindən İddiaçı adına verilmiş 30 iyun 2016-cı il tarixli, B 16 213960 nömrəli diplom üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi ilə bağlı sənədlərin yenidən araşdırılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar