Məhkəmə qərarları › İş №2-1(112)-4009/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4009/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4009/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Xaşa-Xuna bağlar sahəsindəki 151 №-li kooperativ ərazisində 46 №-li order ilə ona xx.xx.1993-cü il tarixli, 531 №-li qərarına əsasən Xaşa-Xuna bağlar sahəsində 151 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 21Q/4 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4009/2022 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Xaşa-Xuna bağlar sahəsindəki 151 №-li kooperativ ərazisində 46 №-li order ilə ona xx.xx.1993-cü il tarixli, 531 №-li qərarına əsasən Xaşa-Xuna bağlar sahəsində 151 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 21Г/4 (21Q/4) saylı bağ ayrılmışdır. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 21Г/4 (21Q/4) bağ sahəsi üzərində hüquqlarımın qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrinə ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq İdarənin **********09 nömrəli, xx.xx.2021-ci il tarixli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Müraciəti ilə əlaqadar olaraq bildirmişdir ki, “Təqdim edilən Bağlar təsarrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasan bağların bölgüsünə dair sxematik xəritəyə va bağ nömrələrinin ardıcıllığına əsasan bağ sahəsi 21D saylı bağın ərazisinə uyğun gəlir. Həmçinin, texniki baxış keçirilən zaman bağ sahasinin ölçüsü sənəd üzrə 1200 kvm. qeyd olunsa da faktiki ölçüsünün 769 kvm. olduğu aşkar olunmuşdur. Bundan başqa, təqdim etdiyi bağ sahəsinə dair Bakı şəhər icra hakimiyyəti tərəfindən verilmiş sərəncamın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır”. Bakı Şəhəri İcra Hakimiyəti tərəfindən təqdim edilən arxiv arayışında ona ayrılan bağ sahəsi ilə bağlı sərancamın nömrəsi, tarixi, torpaq sahəsinin yerləşmə ərazisi göstərilmişdir. Həmin orderin əsli DƏDRX-ə təqdim edilmiş və orada ona ayrılan bağın sahəsinin ölçüsü və nömrəsi öz əksini tapmışdır. Göstərilən səbəblərdən də hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən bağların bölgüsünüə dair sxematik xəritəyə və bağ nömrələrinin ardıcıllığına əsasən bağ sahəsi 21D saylı bağın ərazisinə uyğun gəlir. Həmçinin, texniki baxış keçirilən zaman bağ sahəsinin ölçüsü sənəd üzrə 1200 kvm. qeyd olunsa da faktiki ölçüsünün 769 kvm. olduğu aşkar olunmuşdur. Bundan başqa, təqdim edilən bağ sahəsinə dair Bakı şəhər icra hakimiyyəti tərfindən verilmiş sərəncamın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il, **********09 saylı cavab məktubu ünvanlanmışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X7 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Xaşa-Xuna bağlar sahəsinin 151 nömrəli koperativi tərəfindən verilmiş 46 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin orderə əsasən İddiaçı Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1993-cü il tarixli 531 saylı qərarına əsasən Xaşa-xuna bağlar sahəsində 151 nömrəli BTK nəzdində 0,12 ha. torpaq sahəsi olan 21Г/4 (21Q/4) nömrəli bağ sahəsi ayrılmışdır. - İddiaçıya Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən ünvanlanmış M- 493-112 saylı, xx.xx.2021-ci il tarixli arxiv arayışdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1993-cü ilə dair sərəncamlar kitablarında aşağıdakı sərəncam vardır: “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında (bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1993-cü il tarixli, 48 saylı protokolu)” 531 №-li, xx.xx.1993-cü il tarixli sərəncama görə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988ci il 195 saylı qətnaməsinə əsasən İddiaçı - Xaşa-Xuna 151 №-li BTK-də bağ sahəsi ayrılmışdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********58 nömrəli məktuba əlavə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 151 №-li BTK-nın sxematik xəritəsinin surətindən görünür ki, BTK-nın ərazisində 21B, 21V, 21Q, 21D və 21E nömrəli bağ sahələri qeyd edilmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********91 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna bağ massivi 151 №-li BTK-nın nəzdində 21B, 21V, 21Q, 21D, 21E saylı bağ sahələrinə dair məlumat idarənin arxivində aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,1136 hektar torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. - X9 və Ekspertiza Mərkəzi MMC-nin məhkəməyə ünvanlanmış 59 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna bağ massivində yerləşən 151 saylı BTK-nın nəzdində yerləşən 21Q/4 saylı bağ sahəsinin hazırki vəziyyəti bağ sahələrinin sxeminə əsasən naturaya uyğundur, sahəsi 0,10 hektardır, digər bağ sahəsi ilə üst-üstə düşmür, yaşayış məntəqəsinin torpaqlarına aid olmaqla Dövlət mülkiyyətidir, koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********44 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin sərhədlərinin 2 tərəfi hasar (2-10 cərgə), 2 tərəfi isə şərtidir. Tikili yoxdur. Bundan başqa sözügedən ərazinin faktiki sahəsi 769,0 kvm. təşkil edir. Həmçinin nəzərə çatdırılır ki, qeyd olunan ərazi sxematik xəritə və qonşu bağ sahələrinin nömrə ardıcıllğına əsasən 24D saylı bağın ərazisinə uyğun gəlmişdir. - İdarə tərəfində iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********09 №-li məktubun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləən 21Q/4 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizəsinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, təqdim etdiyi Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi idarənin arxivində aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritəyə və bağ nömrələrinin ardıcıllığına əsasən bağ sahəsi 21D saylı bağın ərazisinə uyğun gəlir. Həmçinin, texniki baxış keçirilən zaman bağ sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd olunsa da, faktiki ölçüsünün 769 kvm. olduğu aşkar olunmuşdur. Bundan başqa, təqdim etdiyi bağ sahəsinə dair Bakı şəhər icra hakimiyyəti tərfindən verilmiş sərəncamının arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 29 mart 1993-cü il tarixli, 531 №-li qərarına əsasən İddiaçı Xaşa Xuna bağlar sahəsində 151 №-li BTK nəzdinə 0,12 hektar torpaq sahəsi olan 21Q/4 №-li bağ ayrılımış və bununla bağlı 151 №-li BTK-a tərəfindən İddiaçı 46 №-li order verilmişdir. İddiaçı həmin bağ üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən təqdim etdiyi Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi idarənin arxivində aşkar olunmaması, elektron kadastr məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritəyə və bağ nömrələrinin ardıcıllığına əsasən bağ sahəsinin 21D saylı bağın ərazisinə uyğun gəlməsi, həmçinin, texniki baxış keçirilən zaman bağ sahəsinin ölçüsünün sənəd üzrə 1200 kv.m qeyd olunsa da, faktiki ölçüsünün 769 kvm. olması, bundan başqa təqdim etdiyi bağ sahəsinə dair Bakı şəhər icra hakimiyyəti tərfindən verilmiş sərəncamının arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmaması əsas göstərilməklə təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. - 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Xaşa-Xuna bağ sahəsindəki 151 №-li BTK tərəfindən X5 verilmiş 46 №-li orderin əsli iddiaçıda mövcuddur və onun arxiv nüsxəsinin cavabdehdə olmaması iddiaçının iradəsindən asılı olmayan haldır. Bundan əlavə həmin order mübahisələndirilməmiş və onun mötəbər olmaması ilə bağlı hər hansı hal mövcud deyildir. İşin araşdırılmış hallarından göründüyü kimi 29 mart 1993-cü il tarixli, 531 №-li qərarına əsasən İddiaçı Xaşa-Xuna bağ sahəsində 15` №-li BTK nəzdinə 0,12 hektar torpaq sahəsi olan 21Q/4 №-li bağ ayrılımışdır. Belə olan halda sonuncu “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən həmin torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə etmişdir. İddia edilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, orderin arxiv nüsxəsinin aşkar edilməməsi, bağın çatışmayan hissəsinin qonşu bağın ərazisi daxilinə düşməsi hüquqların qeydiyyatından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş bağların bölgüsünə dair sxematik xəritədə 21Q nömrəli bağ mövcduddur. Hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Eyni zamanda məhkəməyə araşdırılması zamanı müəyyən edilmişdir ki, 21Q/4 nömrəli bağ sahəsinin çatışmayan hissəsi (0,12-0,769=0,649 ha) iş üzrə üçüncü şəxs, ünvan 3 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsinin mülkiyyətçisi X7 tərəfindən özbaşına olaraq zəbt edilmişdir. İş üzrə üçüncü şəxs X7 məhkəmə iclasında həmin faktı təsdiq edərək iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsinin ona məxsus olan hasarın daxilində olduğunu, istənilən vaxt hasarın sökülərək torpağın əsl sahibinə qaytarılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı isə hal-hazırda həmin hasarın sökülərək ona məxsus olan torpaq sahəsinin ölçülərinin bərpa olunduğunu bildirmiş və bunu təsdiq edən ortofoto görüntüləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin: - 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. - 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. - 7.2-ci bəndinə görə mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq struktur bölməsinin mütəxəssisinin, həmin Komitənin rayon (şəhər) şöbəsinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnaməsi əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı 151 №-li BTK-nın üzvü kimi təsdiq edilərək bağ sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyət orqanının qərarı (sərəncamı) və ona uyğun olaraq müvafiq BTK tərəfindən verilmiş Xaşa-Xuna bağ sahəsindəki sahəsi 0,12 hektar olan 21Q/4 nömrəli bağ sahəsinin ayrılmasına dair 46 №-li order ləğv edilmədiyindən, etibarsız sayılmadığından, eləcə də mübahisələndirilmədiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Qanunvericiliyə görə müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər bağ sahəsinə hüququn qeydə alınması üçün əsasdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı qanuni əsaslarla istifadəsinə verilmiş torpaq sahəsi ilə bağlı “gözlənilən mülkiyyət hüququ" əldə edilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Akimova Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, 02 iyun 1993-cü il tarixdə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» adlanan müqavilə bağlanılmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəzinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə işin faktiki hallarına qiymət verərək qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan 21Q/4 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtina olunması üçün əsaslar mövcud deyildir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən, 0,12 ha. torpaq sahəsi olan 21Q/4 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən, 0,12 ha. torpaq sahəsi olan 21Q/4 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar