Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4009/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı “mülkiyyət hüququ üzrə faktın müəyyən edilməsi və qeydiyyat hərəkətlərinin aparılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin balansında olan **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı MMC-nin mülkiyyətçisi olması faktının müəyyən edilməsi və Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən həmin nəqliyyat vasitəsi üzərində qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçın balansında olan “X4” markalı, yarımqoşqu tipli, 1987-ci il buraxılışlı, göy rəngli, ** ZB *** dövlət nömrə nişanlı yarımqoşqunun təmiri zamanı gövdə hissəyə baxış keçirilmiş və məlum olmuşdur ki. həmin hissədə olan nömrə (şassi nömrəsi) yararsız vəziyyətə düşmüş va oxunaqlı vəziyyətdə deyildir. Nömrə qeyd olunmuş digər birka isə naməlum şəraitda düşüb itmişdir. Baş vermiş hadisə barədə tərəflərindən araşdırılması üçün Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinə məktub ünvanlanmış va təhqiqat aparılması xahiş olunmuşdur. Bundan sonra Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin ekspertləri tərəfindən təhqiqat işi aparılaraq yarımqoşquya yerində aidiyyəti baxışlar keçirilmiş va arayış verilmişdir. Həmin sənədlər və Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin arayışı əlavə edilməklə, Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə müraciət edərək İddiaçı MMC-yə məxsus **-ZB-*** dövlət nömrə nişanlı yarımqoşqunun qeydiyyat şəhadətnaməsində müvafiq dəyişikliklər edilərək yenisinin (şassi nömrəsiz) verilməsi barədə müraciət etmişdirlər. Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin cavab məktubunda qeyd edilir ki, BDYP-nin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, 22 yanvar 2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddia ərizəsinin olduğu kimi baxılmasını istəyir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İPM-in 35.1-ci müddəasının mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Hazırkı iddia tələbi nəqliyyat vasitəsinin İddiaçı MMC-nin mülkiyyətçisi olması faktının müəyyən edilməsi və Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən həmin nəqliyyat vasitəsi üzərində qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsindən ibarətdir. Tələbin birinci hissəsi ilə bağlı qeyd edilir ki, faktın müəyyən edilməsi ifadə tərzi ilə əlaqəli iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Tələbin ikinci hissəsi ilə bağlı qeyd edilir ki, mübahisə predmeti nəqliyyat vasitəsi üzərində qeydiyyat hərəkətləri aparılmışdır. Belə ki, AA №491091 nömrəli şəhadətnaməyə əsasən “X4” markalı, yarımqoşqu tipli, 1987-ci il buraxılışlı, göy rəngli, **-ZB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahiki kimi İddiaçı MMC müəyyən edilmişdir. Məhkəmənin iddiaçının arzuladığı məqsədə çatması üçün düzgün hüquqi müdafiə vasitələrindən istifadə etməsi barədə (müəyyən dəyişikliklər edilərək yeni şəhadətnamənin verilməsi və s.) məhkəmə iclasında etdiyi təklifi iddiaçı tərəfindən qəbul edilməmiş və iddia ərizəsinə olduğu kimi baxılması xahiş edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiada göstərilən tələb bir hissədə inzibati mübahisə olmadığından, digər hissədə məhkəmə müdafiəsi hüququnun realizəsi üçün zərurət müəyyən olunmadığından hazırkı tələbə mahiyyəti üzrə baxıla bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı “mülkiyyət hüququ üzrə faktın müəyyən edilməsi və qeydiyyat hərəkətlərinin aparılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4009/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4009/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver