Məhkəmə qərarları › İş №2-1(112)-401/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-401/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-401/2023 24.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana-Südçülük sovxozunda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,1 (1000 kv.m) hektar torpaq sahəsinə dair adına çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli, 25 saylı sərəncamına əsasən iddiaçıya Bakı şəhəri Sabunçu rayonu, Ramana- Südçülük sovxozunda fərdi yaşayış evinin tikintisi üçün 0,1 (1000 kv.m ) hektar torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan iddiaçı torpaq sahəsini daş hasara almış, dəmir darvaza qoymuş, orada ev tikmiş, hal-hazırda da orada ailəsi ilə birlikdə yaşayır. İddiaçı halhazırda həmin torpaq sahəsinə dair çıxarış almaq istəyir. Bununla bağlı sözügedən sənədləri toplayıb cavabdeh idarəyə təqim edib adına çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh əsassız olaraq iddiaçıya imtina etmişdir. İmtinada qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsinin S.Əliyev adına Maldarlıq üzrə Damazlıq Sovxozu ərazisindən kənarda, digər bir hissəsi isə qaz xəttinin mühafizə zolağında yerləşir. Bununla bağlı iddiaçı Dövlət Neft Şirkətinə ərizə ilə müraciət etmiş, onlar isə iddiaçıya məktubla yazılı cavab vermişlər ki, iddiaçıya ayrılmış torpaq sahəsi qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, torpaq sahəsi iddiaçıya sərəncamla ayrılmışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyi qərara almış və iddia tələbini təmin olunmasını xahiş edir.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etirazda bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi torpaq sahəsi 388.0 kv.m hissəsi S.Əliyev adına südçülük-maldarlıq sovxozuna ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşir. Həmçinin torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməyi üçün sənəd üzrə olan sahəni təyin etmək mümkün olmamış və torpaq sahəsinin 75 kv.m hissəsi qaz kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya **********51 saylı xx.xx.2019-cu il və **********41 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci hissəsinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda bildirilmişdir ki, qeyd edilən torpaq sahəsinin bir hissəsi S.Əliyev adına Maldarlıq üzrə Damazlıq Sovxozu ərazisindən kənarda, digər hissəsi isə qaz xəttinin mühafizə zolağında yerləşir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə üçün ayrılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

5. 26.04.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən daşınmaz əmlakın hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,10 hektar, fatiki olaraq isə 0,111 hektardır, 110,0 m2 artıqdır. Torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Torpaq sahəsində bir mərtəbəli yaşayış evi və həyət tikilisi yoxdur.

6. 20.05.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Torpaq sahəsində bir mərtəbəli yaşayış evi və həyət tikilisi yoxdur.

7. İş materiallarına əlavə olunmuş ekspertiza vərəqinə əsasən torpaq sahəsinin yerləşmə cizgisi əlavə olunmamışdır.

8. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim olunmuş S.Əliyev adına Maldarlıq üzrə Damazlıq Sovxozunun ərazisinin kordinatlar üzrə sxematik xəritəsinə əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsi S.Əliyev adına Damazlıq Sovxozunun ərazisindən kənarda yerləşir.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli qeydiyyat-nəzarət vərəqəsinə ərazinin 388 m2 S.Əliyev adına südçülük-maldarlıq soxkozundan kənarda yerləşir. 75 m2 sahə qaz kəmərinin mühafizəsində yerləşir. Yerləşmə sxemi mövcud deyil.

10. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR-ın) iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, qeyd etdiyiniz 1000 m2 torpaq sahəsi SOCAR-ın istismarında olan qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir.

11. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron Rayon Dövlət Arxivi tərəfindən təqdim olunan Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X8 X3 17 fevral 2000-ci il tarixli, № 06 nömrəli əmrindən arxiv çıxarışında qeyd olunmuşdur ki, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərancamına əsasən fərdi ev tikmək üçün İddiaçı (316) 0,1 ha torpaq sahəsi ayrılmışdır.

12. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan "xxxx" MMC tərəfindən 21 iyun 2021-ci il tarixdə tərtib olunmuş mütəxəssis rəyinə əsasən İddiaçı istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunaraq torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir.

13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

14. Məhkəmə iclasında iddiaçı iştirak etmir. II. İddianın növü və mümkünlüyü

15. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

18. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

19. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

20. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

21. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

23. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

25. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi. 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

27. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.

28. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

30. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda yerləşən torpaq sahəsinə dair səlahiyyətli qurum tərəfindən lazımi qaydada təsdiq edilmiş plan-cizgi mövcud olmadığından (iddiaçı tərəfindən təqdim olunan torpaq sahəsinə dair yerləşmə cizgisi hüquqi şəxs – Məhkəmə Ekspertizası Xidmətləri MMC tərəfindən hazırlanıb) iddiaçının “aktivə” hüququ təsdiq edilmir, digər tərəfdən iddiaçının göstərdiyi torpaq sahəsinin bir hissəsi S.Əliyev adına südçülük-maldarlıq sovxozuna ayrılmış ərazidən - ayrıc aktından kənarda yerləşir.

31. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar