Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4010/2022 24.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müddətsiz təyin edilmiş İİ dərəcəli əlilliyin təyin edilməsindən imtina edilməsi barədə cavabdehin qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 23.11.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci ildə Yevlax rayonunda doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra, 2001-ci ildə X3 Unversitetinə daxil olaraq, “ibtidai sinif müəlliməsi” ixtisası üzrə təhsil almışdır. Həmin təhsil müəssisəsində təhsilini başa vurduqdan sonra, 2007-ci ildən hazırki vaxtadək Yevlax rayonu, Malbinəsi kənd ümumi orta məktəbində işləyir. 2013-cü ilin aprel ayında səhhəti anidən pisləşməyə başlamış, xüsusən də mədə ağrıları ağır formada kəskinləşmişdir. Bundan dərhal sonra, ilkin olaraq, Yevlax rayon Mərkəzi Xəstəxanasına, sonra isə göndəriş əsasında Milli Onkologiya Mərkəzinə müraciət etmişdir. Onu müayinə edən həkimlər “C16.3 Mədə antral hissəsinin xərçəngi, cərrahi əməliyyat və 6 kurs PKT’ diaqnozu ilə təcili əməliyyat olunmağını bildirmişdir. Bundan sonra 01.04.2014-cü il tarixdə Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşdur. Əməliyyatdan sonra epikriz əsasında Milli Onkologiya Mərkəzi tərəfindən ona “C16.3 Mədə antral hissəsinin xərçəngi, cərrahi əməliyyat və 6 kurs PKT" diaqnozu qoyulmuş və bu barədə tibbi rəy verilmişdir. Həmin rəy əsasında tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş və müvafiq qərarla ona İİ qrup əlillik təyin edilmiş və pensiyanın verilməsi üçün zəruri sənədlər DSMF-nın Yevlax rayon şöbəsinə göndərilmişdir. Növbəti il, yəni 01.07.2016-ci il tarixdən cavabdeh inzibati orqan tərəfindən müayindən keçirilərək, 5 il müddətinə İİ qrup əlillik təyin edilmişdir. 2021-ci ildə cavabdeh inzibati orqan təkrar həkim müayinələrindən keçirilməyi üçün ona təyin edilmiş İİ qrup əlilliyi ləğv etmişdir. Yevlax rayon Mərkəzi xəstəxanasının göndərişi əsasında Milli Onkologiya Mərkəzində yenidən həkim müayinəsindən keçirilmişdir. Müayinənin nəticəsinə dair Milli Onkologiya Mərkəzi tərəfindən 02.02.2021-ci il tarixdə tibbi rəy verilmiş və ona “C 16.3 Mədə antral hissəsinin xərçəngi, cərrahi əməliyyat və 6 kurs PKT/ “C16.3-Mədə çıxacağı dəhlizinin bədxassəli yeni törəməsi pT2N0m0 mərhələ İB G3” diaqnozu qoyulmuşdur. Verilmiş tibbi rəy və ona əlavə edilmiş sənədlər Yevlax rayon Mərkəzi xəstəxanası tərəfindən cavabdeh inzibati orqana göndərilsə də, təyin edilmiş müddətli İİ qrup əlillik bərpa edilməmişdir. Buna səbəb kimi Yevlax rayon Mərkəzi xəstəxanası tərəfindən göndərişin natamam doldurulması göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin və elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatdan müəyyən olunur ki, 20.01.1970-ci ildə Yevlax rayonunda doğulmuş İddiaçı Yevlax rayonu, Malbinəsi Ərazi Dairəsi, Malbinəsi kəndində qeydiyyatdadır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Yevlax şəhəri Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair 2-1(112)-4010/2022 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4010/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4010/2022
24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver