Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4011/2025 17.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil- Kooperativ Təsərrüfatı İdarəsinə qarşı “məlumatın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil- Kooperativ Təsərrüfatı idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti ilə bağlanmış müqaviləyə əsasən “X3” MMC-nin Bakı şəhər İcra Hakimiyyətinə neçə kv.m. yaşayış sahəsi borcu qalması barədə rəsmi məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 466 saylı sərəncamı, Bakı İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2014-cü il tarixli 14/157 saylı ayrıc aktı, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 13 saylı sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında yerləşən 0.386+0.08 ha torpaq sahəsi “X3” MMC-yə icarəyə verilmiş, həmin torpaq sahəsində iki girişli 18 mərtəbəli+texniki mərtəbə yaşayış binasının tikintisinə icazə verilmişdir. “X3” ilə İddiaçı MMC arasında 19 mart 2020-ci il tarixində binanın tikintisinə dair sənədlər toplusu və hüquqların İddiaçı MMC-yə satılması barədə notariat qaydasında təsdiq edilmiş Birgə Fəaliyyətə dair müqavilə bağlanmış və binanın tikintisinə başlanılmışdır. Mövcud qaydalara əsasən tikilən hər binadan Bakı şəhər İcra Hakimyyətinə müəyyən miqdarda təmənnasız yaşayış sahəsi ayrılmalıdır. Bu məsələlərlə bağlı cavabdeh Bakı şəhər İcra Hakimyyətinin Başçısının Yanında olan Mənzil Kooperativ Təsərrüfatı İdarəsi məşqul olur. Bakı şəhər İcra Hakimiyyət Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə bir neçə dəfə rəsmi məktubla müraciət edərək “X3”-nin nə qədər kv.m. borcu qalması barədə rəsmi məlumat verilməsi xahiş edilmiş, məktublara mahiyyəti üzrə cavab verilməmiş və 30 iyul 2024-cü il tarixli 3-52-14/2-100/2024 saylı məktubla bildirilmişdir ki, bu məsələ ilə bağlı nümayəndənin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə gəlməsi tələb olunur. Lazımı sənədlər tərtib edilməklə (etibarnamə və s.) nümayəndə bir neçə dəfə həmin idarədə olmuş, lakin müdiriyyətlə görüşə bilmədiyi üçün məsələ açıq qalmışdır, belə ki, idarənin işçiləri bu məsələnin həllinin yalnız rəhbərdən asılı olduğunu bildirmişlər. Nəhayət nümayəndə İdarənin müdiri ilə görüşmüş və ona İdarədə Bakı şəhər İcra hakimiyyəti ilə “X3” MMC arasında bağlanılmış 24 yanvar 2017-ci il tarixli müqavilə təqdim edilərək borcun müqavilədə göstərilən kimi olduğu bildirilmişdir. MMC-də müqaviləyə baxıldıqdan sonra məlum olmuşdur ki, həmin müqavilə rəsmi sənəd kimi qəbul edilə bilməz. Belə ki, həmin müqavilədə yalnız tərəflərdən birinin “X3” MMC-nin imzası vardır, digər tərəfin, yəni Bakı Şəhər İcra Hakimiyyətinin nə imzası, nə də ki, möhürü yoxdur. Bu səbəblərdən cavabdehə yenidən müraciət edərək borcun nə qədər olması barədə rəsmi cavab verilməsi xahiş edilmişdir. Bu dəfə də mahiyyəti üzrə cavab verilmədən bildirilmişdir ki, onların məktubuna cavab verilmişdir. Yenidən cavabdehə müraciət edərək bildirilmişdir ki, onların cavabları çatmamış və təkrar göndərilməsini xahiş etmişlər. Bu məktuba cavab olaraq cavabdehin 13 avqust 2024-cü il tarixli 3-52-14/2-104/2024 saylı məktubunun surəti təqdim edilmişdir. Həmin məktubda borcun nə qədər olması yenə də göstərilməmiş, sadəcə qeyd edilmişdir ki, cəmiyyətin nümayəndəsi idarədə qəbulda olmuş və aidiyyəti məlumat verilmişdir. Digər tərəfdən Bakı Şəhər İcra Hakimiyyəti ilə “X3” MMC arasında bağlanılmış (əslində bağlanmamış) 24 yanvar 2017-ci il tarixli müqavilə rəsmi sənəd kimi qəbul edilə bilməz. Belə ki, həmin müqavilədə yalnız tərəflərdən birinin “X3” MMC-nin imzası vardır, digər tərəfın, yəni Bakı Şəhər İcra Hakimiyyətinin nə imzası, nə də ki, möhürü yoxdur və beləliklə müqavilə bağlanmış və hansısa hüquqi gücə malik bir sənəd kimi sayıla bilməz. Dəfələrlə rəsmi müraciətlər edilməsinə baxmayaraq məlum olmayan səbəblərdən müraciətlərinə mahiyyəti üzrə heç bir cavab ala bilməmişlər. Cavabdeh inadla borcun nə qədər olması barədə rəsmi məktubun verilməsindən yayınır. Cavabdeh iddiaya dair rəsmi münasibətini məhkəməyə təqdim etməmişdir. . Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsi bsrədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 13 nömrəli sərəncamından görünür ki, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, 945-ci məhəllədə yaşayış binasının tikintisi üçün “Nehrəm” Holdinq Kompaniyasına icazə verilmişdir. İşdə olan “X3” MMC (birinci tərəf) ilə İddiaçı MMC (ikinci tərəf) arasında bağlanmış xx.xx.2020-ci il tarixli birgə fəaliyyətə dair müqavilənin surətindən görünür ki, bu müqavilə üzrə Tərəflər razılığa gəlirlər kı, "ikinci tərəf' "birinci tərəfin" təqdim etdiyi Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 466 saylı sərəncamına Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin 2014-cü il tarixli 14/157 saylı ayrıc aktına, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixi, 13 saylı sərəncamına, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin obyektlərinə verilən koda dair şəhadətnaməyə əsasən Bakı şəhəri Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında yerləşən 0.386+0.08 ha torpaqdan 0.16 ha torpaq sahəsi üzərində 1-ci və 2-ci mərtəbələrində qeyri-yaşayış sahələrinin, zirzəmidə 1 mərtəbə avtodayanacəq olacaq bir girişli iki bloklu 18 mərtəbəli (+texniki mərtəbə) yaşayış binasının tikintisi, həm yaşayış binasındakı mənzillərin satışı və bundan irəli gələn işlərin aparılması ilə əlaqədar birgə fəaliyyəti həyata keçirəcəklər. İşdə olan İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə ünvanladığı məktublara əsasən Bakı şəhər İcra Hakimiyyəti ilə bağlanmış müqaviləyə əsasən “X3”-nin Bakı Şəhər İcra Hakimiyyətinə neçə kv.m. yaşayış sahəsi borcu qalması barədə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil-Kooperativ Təsərrüfatı idarəsinin xx.xx.2024-cü il tarixli, 3-52-14/2-100/2024 nömrəli məktubundan görünür ki, İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin İdarəyə göndərilməsinin təmin edilməsi bildirilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil-Kooperativ Təsərrüfatı idarəsinin xx.xx.2024-cü il tarixli, 3-52-14/2-104/2024 nömrəli məktubundan görünür ki, cəmiyyətin rəsmi nümayəndəsi qismində qeyd edilən X2 xx.xx.2024-cü il tarixdə idarədə qəbulda olmuş və aidiyyəti məlumat verilmişdir. Eyni zamanda cavabdehin təqdim etdiyi “X3” MMC-nin Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, MMC 008/14 saylı xx.xx.2014-cü il tarixli məktubu ilə Nərimanov rayonu, X5 küçəsi, 945-ci məhəllədə inşası nəzərdə tutulan 2 girişli 18 mərtəbəli yaşayış binasından 5 mənzili əvəzsiz olaraq köməklik məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna ayırmışdır. Məktubda işçi layihəyə əsasən BŞİH-nin mənzil fonduna ayrılmış məmnzil barədə məlumat verilmişdir. İddiaçı hazırda həmin mənzildən “X3” MMC-nin nəçə kv.metr borcunun qalması barədə məlumat verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci hissəsinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni zamanda Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-in 1.1-ci maddəsi). İddia ərizəsindən görünür ki, iddiaçı hazırda “X3” MMC ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi arasında olan sövdələşməyə əsasən cavabdehə verilməli mənzil barədə məlumat verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, birincisi, iddiaçı ilə cavabdeh arasında yaranmış bu münasibətlərin faktiki əsasını publik hüquq münasibətləri, İdarənin müvafiq sahədə dövlət siyasətini həyata keçirməsi zamanı yaranan münasibətlər təşkil etmir. Çünki İdarənin qanundan irəli gələn belə bir səlahiyyəti mövcud deyil. İkincisi, iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh də onun müraciətini cavablandırmışdır. İddiaçı ona məlumat verilməsini qəbul etsə də, həmin məlumatla, daha doğrusu, Bakı şəhər İcra hakimiyyəti ilə “X3” MMC arasında bağlanılmış 24 yanvar 2017-ci il tarixli müqavilə ilə razı deyil. Məhkəmə hesab edir ki, belə olan halda iddiaçının hüquqi marağı hazırkı iddiaya deyil, müvafiq müqavilənin mübahisələndirilməsinə yönəlmişdir. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-4011/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4011/2025
17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver