Məhkəmə qərarları › İş №2-1(112)-4014/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4014/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4014/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» qarşı iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 507/511 məhəllə, ev l0a ünvanda yerləşən 1 otaqdan ibarət 58 saylı mənzilin ümumi sahəsi 58,80 m. kv. olmaqla, qeyri-yaşayış sahəsi olaraq, iddiaçının adına qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə vəzifə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ələsgər Ələkbərov küçsi 507/511 məhəllə, ev 10 ünvanda yerləşən, 1 otaqdan ibarət 58 saylı mənzil ******* saylı, MA seriyalı Çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Çıxarışa əsasən mənzilin yaşayış sahəsi kimi ümumi sahəsi 30,37 m.kv., göstərilmiş, lakin mənzilin 6,5 m.kv. olan köməkçi sahəsinə aid olan eyvan texnili pasportda göstərilməsinə baxmayaraq Çıxarışda göstərilməmişdir. Mənzilin ümumi sahəsi binanın layihəsinə uyğun olaraq 36.87 m.kv. təşkil edir. Mənzil 20 (iyirmi) ildən çoxdur ki, qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. İddiaçı 2009-cu ildə sənəd üzrə mənzili, lakin faktiki olaraq qeyri-yaşayış sahəsini satın almışdır. 2009-cu ildən hal-hazıra qədər olan müddət ərzində mənzildən faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edir. Bidirmişdir ki, mənzilin küçəyə baxan hissəsi əsas küçəyə deyil binaların daxilində olan küçəyə tərəfdə yerləşmişdir. Bu hal qeyri-yaşayış sahəsinin yeni tərtib olunmuş layihəsində öz əksini tapır. Mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsində mənzilin həyətə baxan hissəsində yerləşən, mənzilin köməkçi sahələri ilə birlikdə daxili divarların rekonsturuksiyası nəticəsində mənzilin sahəsi genişlənmişdir. Bunun nəticəsində mənzilin ümumi sahəsi 58,80 m. kv. olmuşdur. Artıq on iki ildir ki., ailəsinin və digər işçilərin ailələrinin maddi ehtiyaclarının ödənilməsi üçün mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edir. Lakin mənzil qeyri-yaşayış sahəsi kimi hüquqi qeydiyyata alınmayıb. Göstərilən səbəblərə əsasən, iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən, 1 otaqdan ibarət 58 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması, çıxarışların və texniki pasportların verilməsinə dair, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə rəsmi müraciətlər etmişdir. Lakin iddiaçıya **********79 saylı 18 mart 2021-ci il tarixli imtina məktubu verilərək müraciyyətinin icrasından imtina edilmişdir. ünvan 2 ünvanda yerləşən, 1 otaqdan ibarət 58 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi, faktiki vəziyyətdə, sənədləşdirmə işlərini aparmaq fikrindəyəm. İddiaçı hesab edir ki, cavabdeh idarə tərəfindən heç bir sənədləri araşdırmadan, əsassız olaraq müraciətinin icrasından imtina edirlər. İddiaçı bu halın yəni cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Revsteri Xidmətinin İ saylı Bakı şəhər Ərazi İdarəsinin hərəkətlərini özbaşınalıq süründürməçilik kimi qiymətləndir. Cavabdeh təşkilatın imtinası əsassızdır və bir vətəndaş olaraq qanuni şəkildə ona məxsus olan və uzun illər boyu qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən mənzilin qeyri-yaşayış sahəsi kimi faktiki vəziyyətdə qeydiyyata alınmasına dair çıxarışın verilməsi Azərbaycan Respublikasını ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməlidir. Buna görə də öz hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müractiət etməyi qərara almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəm iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 507/511 məhəllə, ev l0a ünvanda yerləşən 1 otaqdan ibarət 58 saylı mənzilin qeyri yaşayış sahəsi olaraq iddiaçının adına qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2-1(114)-4014/2022 nömrəli qərardad ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi F.Əlizadə iddiaya qarşı yazılı etirazına uyğun eyniməzmunlu izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı məlum olmuşdur ki, mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Mənzil Məcəlləsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, mənzilin daxilində rekonstruksiya işləri aparılaraq 26.7 kv.m sahə artırılıb və əlavə sahə ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə **********79 saylı xx.xx.2021 tarixli məktubda izahat verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (bundan sonra keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.9-cu maddəsinə əsasən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - MA seriyalı ******* nömrəli xx.xx.2009-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. - ünvan 3 ünvanında yerləşən mənziə dair xx.xx.2009-cu il tarixdə tərtib edilmiş Daşınmaz Əmlakın Texniki Pasportu; - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə xx.xx.2021-ci il tarixli bildiriş məktubu; - Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 507-511-ci məhəllə, 10 a saylı 5 mərtəbəli yaşayış binasınn 1-ci mərtəbəsində yerləşən, vətəndaş İddiaçı məxsus 58 saylı mənzilin və mənzilə əlavə edilmiş sahənin qeyri-yaşayış sahəsinə çevirilməsinin eskiz lahiyəsi; - məhkəmənin müvafiq sorğusuna əsasən cavabdeh inzibati orqan tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktub və məktuba əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri; - cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli etiraz məktubu; - məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri;

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mümkün iddiadır, mahiyyəti baxımından əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiacı hazırki iddia tələbi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə mənfi cavab verilməsinə əsas kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarının olmadığı göstərilmişdir və qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina olunmuşdur. İddiaçı həmin tələblə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 507/511 məhəllə, ev l0a ünvanda yerləşən 1 otaqdan ibarət 58 saylı mənzilin qeyri yaşayış sahəsi üzərində iddiaçının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması, çıxarışın və texniki pasportun verilməsi öhdəiyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan Azərişıq ASC-nin və Azərsu ASC-nin qəbzlərinndən görünür ki, ünvan 5 ünvanında yerləşən əmlaka dair (qeyri yaşayış sahəsi olaraq ) ödənişlər aparmışdır. İş materiallarında olan Bakı şəhəri “Azərbaşenerji”nin “Energetik” Mənzil-Tikinti kooperativinin idarə heyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 26 nömrəli Arayışından görünür ki, İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən əmlak hazırda qeyri-yaşayış sahəsi olaraq istifadədədir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi,507- 511-ci məhəllə,10 a saylı 5 mərtəbəli yaşayış binasınn 1-ci mərtəbəsində yerləşən, vətəndaş İddiaçı məxsus 58 saylı mənzilin və mənzilə əlavə edilmiş sahənin qeyri-yaşayış sahəsinə çevirilməsinin eskiz lahiyəsində daşınmaz əmlakın ümumi sahəsi 58.8 kv.m olaraq göstərilmişdir. İş materiallarında olan MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil xx.xx.2009-cu il tarixdən İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Məhkəmə iş materaillarını araşdırıb hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi üçün hər hansı bir məhdudiyyət yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.4-cü maddəsinə əsaəsn qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə görə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə görə çoxmənzilli binalarda mənzillərin qeyriyaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun preambulasında göstərilmişdir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən 1 otaqdan ibarət 58 saylı mənzilə dair mülkiyyət hüququ müvafiq qaydada qeydiyyata alındığından və uzun müddətdir ki, qeyri-yaşayış sahəsi kimi istifadə edildiyindən və müvafiq qurumlar tərəfindən buna dair hər hansı məhdudiyyət yaradılmadığından, həmçinin giriş-çıxış üçün başqa şəxslərin maraqlarına toxunmayan texniki imkanları olduğundan (bu hal cavabdeh tərəfindən təkzib olunmur) iddiaçının müraciəti üzrə cavabdehin həmin əmlakın qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, MA seriyalı ******* nömrəli xx.xx.2009-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış iddiaçının adına rəsmiləşdirilən mənzilin qanunsuz istifadəsində olmadığını, eləcə də tikilinin qanunsuz inşa edilmədiyini ehtiva edir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 6 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətində olan daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil qeyri-yaşayış sahəsi kimi dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar