Məhkəmə qərarları › İş №2-1(112)-4017/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4017/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4017/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin təyin edilməsi” tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 190 manat birdəfəlik ödəmənin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsini və xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ilin aprel, may, iyul, avqust ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 01.03.2021-ci il tarixli 2-1(112)-4017/2021 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı işsizlik statusunun və işsizliyə görə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi üçün online qaydada qeydiyyatdan keçmişdir. Müraciətinə cavab olaraq sms vasitəsilə bildiriş gəlməmişdir. Bundan sonra cavabdeh orqana yazılı şəkildə müraciət etmişdir. 12 yanvar 2021-ci il tarixli, **********9 saylı cavab məktubu ilə iddiaçıya bildirilmişdir ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır. Araşdırmalar nəticəsində istifadənizdə iki və daha çox daşınmaz əmlak olması səbəbindən 190 manat birdəfəlik ödənişlə bağlı müraciətinə imtina verilmişdir. Müvafiq hüququnu araşdırılarkən məlumatlar ümumiləşdirilmiş informasiya bazasından əldə edilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, onun adına ümumiyyətlə daşınmaz əmlak yoxdur. Cavabdeh orqan tərəfindən ona 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı əsassız olaraq imtina verilməsi onun qanunvericliklə qorunan hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmışdır. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Beləliklə, birdəfəlik ödəmənin verilməsi Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.9-cu (əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara), 2.3.10-cu (əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə), 2.4-cü (birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir) və 3.8-ci (Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur) bəndləri nəzərə alınmaqla həyata keçirilir. İddiaçı (FİN: xxxxxxx) barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 3.8-ci maddəsinə əsasən, nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zamanı onun mülkiyyətində iki və daha çox daşınmaz əmlakın olması səbəbindən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq qanuni əsaslar çərçivəsində imtina olunmuşdur. Qeyd edilən səbəbdən Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş sözügedən Qaydanın 2.3.11-ci bəndinə əsasən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə ərizə təqdim edərək, şifahi məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 09.06.2021-ci il tarixli **********92 saylı məktubundan görünür ki, İddiaçı adına Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemindən (MAS-da) portaldan çıxarışından görünür ki, iddiaçı 17.04.2020-ci il tarixdə işaxtaran kimi qeydiyyatdan keçmişdir. Ona mülkiyyətində iki və daha çox daşınmaz əmlak olması səbibindən 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Həmçinin, iddiaçının əri X2 (VÖEN **********) fərdi sahibkar kimi 12.10.2021-ci il tarixə qədər qeydiyyatda olmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Bakı şəhəri, Surxanaı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə, 9b nömrəli fərdi yaşayış evi 10.02.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 3 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının 12.01.2021-ci il tarixli **********9 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına uyğun olaraq 190 manat birdəfəlik ödəmənin təyin olunması ilə bağlı müraciətinə baxılmış, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmış, əlavə aparılan araşdırmalar nəticəsində istifadəsində iki və daha çox daşınmaz əmlak olduğu səbəbindən 190 manat birdəfəlik ödənişlə bağlı müraciətinə imtina verilmiş, müvafiq hüququ araşdırılarkən məlumatları ümumiləşdirilmiş informasiya bazasından əldə edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırki işdən müəyyən olunur ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi 190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2; 1.3; 1.4; 2.1- ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə (2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara (2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Sonradan “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı, 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara (2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. İşin araşdırılan hallarından məlum olur ki, cavabdeh iddiaçıya mülkiyyətində iki və daha çox daşınmaz əmlak olması səbibindən 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində yalnız bir əmlak (Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə, 9b nömrəli fərdi yaşayış evi 10.02.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır) aşkar edilmişdir. Lakin, cavabdeh daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın elektron sistemindən istifadə etdiyi zaman iddiaçının mülkiyyətində iki və daha çox daşınmaz əmlak olmasını müəyyən etmişdir. Sistemdə qeydin olması hazırkı halda cavabdeh inzibati orqanın təqsirliliyi kimi qəbul edilə və cavabdehin üzərinə iddiaçının tələbinin təmin olunması barədə müvafiq öhdəliyin qoyulması üçün əsas ola bilməz. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanunverciliyə uyğun olmuşdur. Belə ki, cavabdeh həmin sistemdə iddiaçının adına iki və daha çox əmlak olması səbəbindən Qaydaların 2.3.11-ci bəndinə əsasən iddiaçıya 190 manat birdəfəlik ödənişin verilməsindən imtina etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfin təqdim etdiyi iddiaçının barəsində fərdi məlumatlar və Alt Sistemdən çıxarılmış baza məlumatlarından görünür ki, iddiaçının əri X1 (VÖEN **********) fərdi sahibkar kimi 12.10.2021-ci il tarixə qeydiyyatda olması müəyyən edilmişdir. Buna görə də, Qaydaların 2.3.9-cu bəndinə əsasən (əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan)) iddiaçıya 190 manat birdəfəlik ödənişin edilməsi qanunsuz olardı. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ilin aprel, may, iyul, avqust ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar