Məhkəmə qərarları › İş №2-1(112)-4017/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4017/2022

04.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4017/2022 04.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.04.2003-cü il tarixli 207 N-li “özəlləşdirilmiş torpaq sahəsinə icarə əsasında torpaq sahəsinin əlavə edilməsi haqqında sərəncamının” 1-ci bəndindəki icarə əsasında hissəsi və 5-ci bəndinin qəbul edildiyi andan etibarsız hesab olunması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra Hakimiyyətinin 24.12.2002-ci il tarixli 1051 saylı və "xxxx" MMC-nin 27.11.2002-ci il tarixli 002 saylı məktubları, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 17.10.2002-ci il tarixli 000199 saylı şəhadətnamə nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27.12.2002-ci il tarixli 710 N-li “özəlləşdirilmiş torpaq sahəsində ofis və yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında sərəncamına” əsasən Xətai rayonu, Ələddin Quliyev küçəsindəki 1131-ci məhəllədə yerləşən həmin cəmiyyətin mülkiyyətində olan 6818.5 kv.m torpaq sahəsində çoxmərtəbəli ofis və yaşayış binalarının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.04.2003-cü il tarixli 207 N-li “özəlləşdirilmiş torpaq sahəsinə icarə əsasında torpaq sahəsinin əlavə edilməsi haqqında sərəncamına” əsasən Xətai rayon İcra Hakimiyyəti Başçısının 03.02.2003-cü il tarixli 97 saylı və "xxxx" MMC-nin 17.04.2003-cü il tarixli 027 saylı məktubları nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyətinin 27.12.2002-ci il tarixli 710 saylı sərəncamı ilə yaşayış binalarının tikintisinə icazə verilmiş özəlləşdirilmiş torpaq sahəsinə Xətai rayonu, Ə.Quliyev küçəsindəki 1131-ci məhəllədə çoxmərtəbəli yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün əlavə 0.60 ha torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.04.2003-cü il tarixli 207 N-li Sərəncamın 5ci bəndinə görə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.04.2001-ci il tarixli 303 saylı sərəncamının 4-cü maddəsinə əsasən Bakı şəhər İcra Hakimiyyəti nəzdindəki “İnterservis” müdiriyyəti sifarişçi ilə icarə müqaviləsinin bağlanmasını təmin etməlidir. Həmin sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyəti (“İcarəyəverən”) "xxxx" MTK (“İcarəçi”) ilə arasında 23.01.2007-ci il tarixli 0750 N-li icarə müqaviləsi imzalanmışdır. Bu müqavilənin şərtlərinə əsasən “İcarəyəverən” Bakı şəhəri, Xətai rayonu, Babək prospekti Ə.Quliyev küçəsi 1131-ci məhəllədə sahəsi 6378,5 kv.m olan torpaq sahəsini ” 49 il müddətinə “İcarəçinin istifadəsinə verir. Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsindəki torpaq sahəsinin “İcarəçinin” istifadəsinə verilməsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən "xxxx" MTK-ya 07/01 nömrəli Ayrıc Aktı verilmişdir. Hesab edirik ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.04.2003-cü il tarixli 207 N-li “özəlləşdirilmiş torpaq sahəsinə icarə əsasında torpaq sahəsinin əlavə edilməsi haqqında sərəncamının” 1-ci bəndindəki icarə əsasında hissəsi və 5-ci bəndi etibarsız hesab edilməlidir. Belə ki, qeyd edilən torpaq sahəsində iddiaçı tərəfindən qanunvericiliyə riayət edilməklə çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Həmin torpaq sahəsi "xxxx" MTKnın istifadəsinə verilmişdir. Artın istifadəyə verilmiş həmin torpaq sahəsinin əlavə olaraq həm də icarəyə verilməsi və bu barədə icarə müqaviləsi bağlanması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayə müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icrarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüququan istifadə ilə yanaşı bəhərədən istifadə etmək və gəlir götürmək hüququda da verir. Torpaq sahəsi cavabdeh tərəfindən iddiaçının istifadəsinə yaşayış binasının tikintisi məqsədilə verilmişdir. İddiaçı həmin torpaq sahəsini təyinatı üzrə istifadə etmək üçün təhvil almış, orada yaşayış binası inşa etmişdir. Həmin sərəncamdakı «icarə əsasında» sözü etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəlləinin 59-cu maddəsinə (Fərdi və kooperativ mənzil, bağ evləri və qarac tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahələrinin verilməsi) əsasən yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil-tikinti kooperativlərinin mülkiyyətinə; Azərbaycan Respublikası Prezidentinin 16.06.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 28-ci maddəsinə əsasən icra hakimiyyəti başçıları öz səlahiyyətləri çərçivəsində torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsinə kömək etməlidirlər. Bununla bağlı olaraq iddiaçı hesab edir ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti iddiaçının torpaq sahəsi üzərində istifadə hüquqlarının tanınmasına kömək etməli, əsassız şəkildə müqavilə bağlanılmasına və ondan əsassız olaraq icarə haqqı tutulmasına yol verməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinə görə torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq mülkiyyətçilərinin Torpaq Məcəlləsində nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Bununla bağlı olaraq bildiririk ki, Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamında qeyd olunan torpaq sahəsinin iddiaçının istifadəsinə verildiyi göstərilmişdir. Bundan əlavə, torpaq sahəsi qanuna görə ya müvafiq qərar, ya da müqavilə əsasında verilə bilər. İddiaçıya torpaq sahəsinin verilməsinə dair cavabdeh inzibati orqanın sərəncamı vardır, ona görə də əlavə olaraq icarə müqaviləsinin bağlanılması əsassızdır. Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Qanundan göründüyü kimi, torpaq üzərində hüququn növü müəyyən edilmişdir. Sərəncamda da torpağın iddiaçının istifadəsinə verildiyi göstərilmişdir. Deməli, iddiaçı ilə onun istifadəsinə verilən torpaq sahəsinə dair icarə müqavilələri bağlanılması əsassızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən (Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarım ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Torpaq sahəsinin ondan məhdud istifadə hüququ ilə yüklülüyünün müəyyən edilməsi və bu yüklülüyün şərtləri ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qanunvericiliyin bu normasından da göründüyü kimi, yaşayış binasının yerləşdiyi torpaq sahəsi icarəyə verilmir. Ona görə də həmin icarə müqavilələri əsasında aparılan sənədləşmələr etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir: - torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə (Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər) əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb- sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İnzibati icraat haqqında Qanunun 65.2-ci maddəsinin tələbinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İnzibati icraat haqqında Qanunun 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Qanunun 16.2-ci maddəsinə əsasən Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

2. Özəlləşdirilmiş torpaq sahəsinə icarə əsasında torpaq sahəsinin əlavə edilməsi haqqında Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 29.04.2003-cü il tarixli 207 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən, Xətai Rayon İcra Hakimiyyəti Başçısının 03.02.2003-cü il tarixli, 97 saylı və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin 17.04.2003cü il tarixli, 027 saylı məktubları nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin 27.12.2002-ci il tarixli, 710 saylı sərəncamı ilə yaşayış binalannın tikintisinə icazə verilmiş özəlləşdirilmiş torpaq sahəsinə Xətai rayonu, Ə.Quliyev küçəsindəki 1131-ci məhəllədə çoxmərtəbəli yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün əlavə 0,6 ha torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi; 5- bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23.04.2001-ci il tarixli, 303 saylı sərəncamının 4-cü maddəsinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti nəzdindəki «İnterservis» müdiriyyətinə Sifarişçi ilə icarə müqaviləsinin bağlanmasının təmin etməsi həvalə edilmişdir.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etmirlər.

II. İddianın mümkünlüyü

4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

5. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

6. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X1rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X2rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

7. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

8. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

9. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

10. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

11. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

12. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir. Odur ki, məhkəmə hesab edir ki, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq iddia mümkün sayılmamalıdır.

13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

14. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar