Məhkəmə qərarları › İş №2-1(112)-4018/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4018/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4018/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı sayğacın quraşdırılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən və faktiki olaraq onun istifadəsində olan fərdi yaşayış evinin qaz xəttinə qoşularaq sayğac quraşdırılmasının cavabdehin öhdəsinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində tərəfindən fərdi yaşayış evi inşa edilmişdir və onun istifadəsində olan fərdi yaşayış evi və qardaşının yaşadığı fərdi yaşayış evi bir qaz sayğacı və bir elektrik sayğacı quraşdırılmışdır və istifadə edilir. O, Xocəsən Bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində qeydiyyatlı yaşayır və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. O, qaz xəttinin ayrılaraq onun istifadəsində olan fərdi yaşayış evinə qaz sayğacı quraşdırılması və sərbəst istifadə edilməsi üçün "ASAN xidmət" mərkəzinə müraciət etmişdir. Gəlib həyətə baxış keçirmişlər, lakin bu barədə Cavabdehnə müraciət etməyi tövsiyə edilmişdir. Xocəsən Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin yerləşdiyi ərazinin yerqurluşu xəritəsindən çıxarışı verilmişdir. O, "Cavabdeh" İB-nə ərizə ilə müraciət edərək ona aid fərdi yaşayış evinin əlavə qaz sayğacı ilə təchiz edilməsini, onun yaşadığı sahəyə əlavə sayğacın quraşdırılmasını xahiş etmişdir. 11.12.2020-ci il tarixdə verilmiş cavabda mülkiyyət hüququnun bölündüyünü təsdiq edən sənədlər təqdim edildiyi təqdirdə sənədlərin təqdim edilməsi göstərilmişdir. Bu tamamilə əsassızdır, belə ki, özbaşına tikililər qaz sayğacları ilə təmin edilmişdir və bu tip tikililərə sayğac quraşdırılmasına heç bir məhdudiyyət qoyulmamışdır. Halbuki onun ərizəsi təmin edilməli və sayğac quraşdırılması üçün tədbirlər görülməli idi. Fərdi yaşayış evinə sayğacın quraşdırılması zəruridir. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, qeyd olunan ünvanda qaz sayğacı tərəflərindən quraşdırılmış və qazın alqı-satqısına dair X3 ilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq fərdi yaşayış evinin qaz təhcizatı həyata keçirilir. Həmin ünvana əlavə qaz sayğacının quraşdırılması və iddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanması üçün fərdi yaşayış evi üzrə mülkiyyət hüquqlarının bölünməsini təsdiq edən sənədlərin təqdim edilməsi zəruridir. İddiaçı qeyd olunan ünvanın ona aid hissəsi barədə müvafiq sənədlər təqdim edərsə qaz sayğacının quraşdırılması mümkün ola bilər. İddiaçı isə hal-hazırda belə sənədlərə malik deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Tərtər rayonu, Evoğlu kəndində doğulmuşdur. - Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 1378/01 №-li, 21.10.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Xocəsən bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində qeydiyyatsız yaşayır və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 1379/01 №-li, 21.10.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Xocəsən bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində əmlak və torpaq ona məxsusdur, qeydiyyatsız yaşayır və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. - Cavabdeh məhkəməyə ünvanladığı RƏ-77 №-lı, 04.05.2021-ci il tarixli məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı faktiki yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində qeydiyyatsız yaşayan ünvan, Tərtər rayonu, Evoğlu kəndində qeydiyyatda yaşayan X1 adına Binəqədi rayon Xocəsən bələdiyyəsi tərəfindən təqdim olunmuş 212 saylı, 06.02.2020-ci il tarixli arayış əsasında (abonent kodu **********00000) və Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 19.02.2020-ci il tarixdə, AKX-0213745/02- 2020 saylı müqavilə bağlanmışdır. İddiaçı məxsus qeyd olunan ünvanın ona aid hissəsi barədə müvafiq sənədlər təqdim edilərsə qaz sayğacının quraşdırılması həyata keçirilə bilər. - Cavabdeh tərəfində iddiaçıya ünvanlanmış **********30560046X06531 №-lı, 11.12.2020-ci il tarixli məktubdan görünür ki, qeyd olunan ünvanın ona aid hissəsində əlavə qaz sayğacının quraşdırılması həyata keçirilə bilər. Bu halda mülkiyyət hüququnun bölündüyünü təsdiq edən sənədlər təqdim edilməklə bu sahədə xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatına müraciət edilməlidir. Qazlaşdırma qaydaları barədə məlumatla "ASAN xidmət" mərkəzində və www.azerigaz.az saytında tanış ola bilər. Eyni zamanda nəzərinə çatdırlmışdır ki, görüləcək işlər zamanı fərdi ev sahibi ilə bu sahədə xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatı arasında yaranan münasibətlər onlar arasında bağlanan müqavilə ilə tənzimlənir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fizki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə görə isə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 6-cı maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 13-cü maddəsinin 9-cu hissəsinə görə fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 1-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısı – alqı-satqı müqaviləsi əsasında istehlakçının qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən şəxsdir, istehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. - 1.2-ci bəndinə görə qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçıların qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən hüququ şəxsdir, istehlakçı alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquq və ya fiziki şəxsdir. - 1.3-cü bəndinə görə qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. - 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qazpaylayıcı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən iddiaçının yaşadığı fərdi yaşayış evi özbaşına tikili olmaqla hər hansı hüquqmüəyyənedici sənədlərə malik deyildir. Həmin fərdi yaşayış evi bir tikilidən ibarət olmaqla iddiaçı və iddiaçının qardaşı Fərəc Cəfərov öz ailə üzvləri ilə birlikdə yaşayırlar. Cavabdeh inzibati orqan tərəfindən X1 adına Binəqədi rayon Xocəsən bələdiyyəsi tərəfindən təqdim olunmuş 212 saylı, 06.02.2020-ci il tarixli arayış əsasında sonuncu ilə qazdan istifadəyə dair 19.02.2020-ci il tarixdə, AKX-0213745/02-2020 nömrəli müqavilə bağlanmış və ünvan qazla təchiz edilmişdir. Hazırda iddiaçı qardaşı ilə arasında qazdan istifadəyə görə mübahisə olduğunu iddia edərək onunla da qazın alqı-satqısı barədə müqavilə bağlanmasını və qazla artıq təhciz olunmuş yaşadığı evin yenidən qazla təhciz olunmasını cavabdehdən tələb edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri bilir ki, qaz təhcizatının təmin edilməsinin tələb edildiyi fərdi yaşayış evi özbaşına tikilidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən özbaşına tikili olan fərdi yaşayış evi istehlakçı ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən artıq qazla təchiz edildiyindən, həmin yaşayış evinin bölünməsi, ayrılması, müstəqil yaşayış sahəsi kimi qeydə alınması barədə iddiaçı tərəfindən zəruri sənədlər təqdim edilmədiyindən cavabdeh inzibati oqranın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar