Məhkəmə qərarları › İş №2-1(112)-4018/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4018/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4018/2024 31.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinə və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı «iddiaçının əmək haqqında pul vəsaitinin tutulması hərəkətlərinin qanunsuz sayıması, həmin vəsaitin qaytarılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizısi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinə və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı «iddiaçının əmək haqqında pul vəsaitinin tutulması hərəkətlərinin qanunsuz sayıması, həmin vəsaitin qaytarılması və dəymiş ziyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi iddiaçı kimi çıxış edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı sosial sığorta haqqı borcun ödənilməsi tələbini irəli sürərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 2-1(82)-637/2018 saylı iş üzrə 15 mart 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-nin sosial sığorta haqqı üzrə 767.85 manat borcunun onun əmlakı hesabına həmin iş üzrə iddiaçı DSMF Bakı şəhəri üzrə X1 İdarəsinin xeyrinə tutulması qərara alınmışdır. Qərar 3 sentyabr 2018-ci il tarixdə hüquqi qüvvəsini almış və onun icrası Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə həvalə edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru «İcra haqqında» və «İcra məmurları haqqında» Azərbaycan Respublikasının qanunlarının müddəalarını kobud sürətdə pozmuş, əsassız olaraq cavabdeh hüquqi şəxs "xxxx" MMC-nin borcunun hazırkı iddiaçının (İddiaçı) əmək haqqından tutulması barədə qanunsuz sənəd – 21 sentyabr 2022-ci il tarixli məktub tərtib etmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin rəisi isə, həmin qanunsuz sənədi imzalamış və 2-1-(82)- 637/2018 saylı iş üzrə 15 mart 2018-ci il tarixli icra sənədini onun (İddiaçı) müəllim vəzifəsində işlədiyi Abşeron-Xızı Təhsil İdarəsinə göndərmişdir. Bu səbəbdən mühasibatlıq onun əmək haqqından 2022-ci ilin noyabr ayında 478,72 manat, 2022-ci ilin dekabr ayında 289,13 manat olmaqla, ümumilikdə 767.85 manat vəsaiti tutaraq 2-1(82)-637/2018 saylı işə heç bir aidiyyatı olmayan dövlət orqanına Suraxanı rayon DSMF-nin hesabına köçürmüşdür. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə ünvanlanmış 15 mart 2018-ci il tarixli 2-1(82)-637/2018 saylı icra vərəqəsi üzrə tələbkar DSMF Bakı şəhəri üzrə X1 İdarəsi, borclu isə "xxxx" MMC-dir. Lakin Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin məhkəmə qərarının icra olunması üçün Abşeron-Xızı Təhsil İdarəsinə ünvanlanmış 23 dekabr 2022-ci il tarixli məktubunda boclu kimi "xxxx" MMC deyil, o (İddiaçı), qeyd olunmuşdur. Həmçinin bu rəsmi sənəddə tələbkar kmi DSMF Bakı şəhəri üzrə X1 İdarəsi yox, Fondun Suraxanı rayon şöbəsi göstərilmişdir. Göründüyü kimi, qeyd olunan rəsmi sənədlərdən məlum olur ki, Suraxanı rayon İcra şöbəsinin rəisi və icra məmuru qanunsuz olaraq məhkəmə qərarında borclu və tələbkar qismində çıxış edən şəxsləri ayrı şəxlərlə əvəz etmişlər. Həmin hərəkətləri ilə qanunvericiliyə zidd olan sənədi icra etməyi məhkəmə aktına və icra vərəqəsinə aidiyyəti olmayan müəllim vəzifəsində işləyən işçinin, yəni hazırkı iddiaçının əmək haqqından tutululmasını tələb etmişlər. Bundan başqa, «İcra haqqında» Qanunun tələbinə əsasən icra məmuru icra sənədini aldığı gündən 2 ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Lakin sözügedən icra işinin 4 ildən sonra həyata keçirilməsi müəmmalıdır. İddiaçını qanunsuz olaraq icra işində tərəf kimi qəbul etmişlər, lakin icraya yönəldilən sənədləri rəsmi olaraq ona təqdim etməmişlər. Bu hərəkətləri ilə onlar iddiaçının həmin dövrdə şikayət etmək hüququnu məhdudlaşdırmışlar. Pozulmuş hüquq və mənafeyinin müdafiəsi üçün əvvəlcə Suraxanı rayon İcra şöbəsinə şifahi müraciət edilmişdir. Şöbə Abşeron-Xızı Təhsil İdarəsinə və DSMF Suraxanı rayon şöbəsinə məktublar təqdim etmiş, məktublarda 767.85 manat vəsaitin onu əmək haqqı hesabından yanlışlıqla tutulması etiraf olunmuşdur. Həmçinin müraciətlərdə xahiş edilmişdir ki, 767.85 manat onun hesabına geri qaytarılsın. Lakin İdarə cavab məktubunda bildirmişdir ki, vəsaitin geri qaytaılması mümkünsüzdür. DOST Mərkəzindən isə iddiaçı bildirilmişdir ki, DSMF Suraxanı rayon şöbəsi istruktur dəyişikliyi ilə əlaqədar fəaliyyətini dayandırmışdır. Bundan sonra iddiaçı qanunsuz olaraq əmək haqqından tutulmuş vəsaitin geri qaytarılması məqsədilə 29 sentyabr 2023-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Nazirliyin İcra baş idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin qeyd olunan məsələ araşdırılmamışdır. Beləliklə, iddia qeyd olujnan dəlillərə və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra baş idarəsi və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin vəzifəli şəxsləri və icra məmurları yuxarıda qeyd edilən qanunsuz hətəkətləri ilə onun Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquq və azadlıqlarımı,qanuni mənafelərimi pozazaraq mənə maddi ziyan vurmuşlar. Vəzifəli şəxs və icra məmuru qanunsuz hətəkətləri ilə mənim və ailəmin maddi təminatının pozulmasına səbəbkar olmuşlar. Bu səbəbdən həmin dövlət orqanları ondan tutulan 767.85 manat əmək haqqını və ona vurulan maddi ziyana görə 2.500 manat kompensasiyanı ödəməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 26, 68, 71-ci maddələrinə, İPM-in 2, 33, 45-ci maddələrinə, «İcra məmurları haqqında» Qanunun 9, 11ci maddələrinə əsaslanaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin 2-1(82)- 637/2018 saylı iş üzrə 15 mart 2018-ci il tarixli icra vərəqəsində olan borc tələbinin hazırkı iddiaçının əmək haqqına yönəldilməsi hərəkətləri əsassız və qanunsuz hesab edilərək, ondan tutulmuş 767.85 manat əmək haqqının geri ödənilməsi və təminatına vurulmuş maddi ziyana görə 2.500 manat kompensasiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, tərəflərə müvafiq bildirişlər ünvanlanmışdır. İşin hazırlıq icraatı üzrə məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi (vəkili) gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil bildirdi ki, 15 mart 2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan borcları üzrə qərar çıxarmışdır. Borc ümumilikdə 767,85 manat olmuşdur. Məhkəmə qərarında borcun müəssisənin əmlakı hesabına ödənilməsi göstərilmişdir. Cavabdeh tərəfindən qanunsuz şəkildə hazırkı İddiaçı işlədiyi məktəbə icra vərəqəsi göndərilmişdir. Göndərilən sənəddə borclu "xxxx" MMC-nin əvəzinə İddiaçı, tələbkar DSMF Bakı şəhəri üzrə X1 İdarəsinin əvəzinə DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi qeyd olunmuşdur. Məsələ araşdırılmadan İddiaçı maaşından pul vəsaiti tutulur. Halbuki, icra vərəqəsi qaytarıla bilərdi. Cavabdehə müraciət olunmuş və araşdırma aparılaraq məsələnin həlli xahiş edilmişdir. Müraciətə baxılmamışdır. İcra orqanı inzibati orqan sayılır, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi ilə eyni fikirdə olduğunu bildirdi və iddianı müdafiə etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-ci maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «İcra haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin birinci hissəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Həmin Qanunun 11-ci maddəsinin 5-ci hissəsinə əsasən məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada icra məmuru tərəfindən nəzarət edilir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); - (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Göründüyü kimi, icra qanunvericiliyi icra məmurunun qərarlarından, hərəkət və hərəkətsizliklərindən şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, bu şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Nəzərə alınmalıdır ki, hazırkı işin bağlı olduğu müvafiq icra işi üzrə 2-1(82)- 637/2018 saylı 15 mart 2018-ci il tarixli icra sənədi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Sərəncamının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, hazırkı İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş müvafiq inzibati mübahisə üzrə tərəf kimi çıxış etməsə də, inzibati məhkəmə icraatında müvafiq iddianı qaldırarkən digər mümkünlük şərtlərinə də əməl etməmişdir. Belə ki, ona dəymiş ziyanın əvəzi kimi kompensasiya ödənilmsini inzibati məhkəmə icraatı qaydasında tələb etsə də, iddia qaldırılmamışdan əvvəl inzibati orqana həmin məzmunda müraciəti olmamışdır. Odur ki, iddia “kompensasiya ödənilməsi” hissəsində mümkünsüzdür. Cavabdehin hərəkətlərinin qanunsuz sayılması tələbi də “müəyyən etmə və ya tanınma haqqında” iddia növünə aid olsa da, bu qəbildən olan iddialar subsidiar xarakterlidir və iddia kompensasiya ödənilməsi tələbi hissısində mümkünsüz sayıldığı üçün, bu hissədə də iddia mümkün sayılmamalıdır. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar