Məhkəmə qərarları › İş №2-1(112)-4019/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4019/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4019/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sayğacın quraşdırılması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən və faktiki olaraq onun istifadəsində olan fərdi yaşayış evinin elektrik şəbəkəsinə qoşularaq uçot sayğacı quraşdırılmasının cavabdeh “xxxx” ASC-nin öhdəsinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində tərəfindən fərdi yaşayış evi inşa edilmişdir və onun istifadəsində olan fərdi yaşayış evi və qaynının yaşadığı fərdi yaşayış evi bir qaz sayğacı və bir elektrik sayğacı quraşdırılmışdır və istifadə edilir. O, Xocəsən Bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində qeydiyyatsız yaşayır və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. O, işıq xəttinin ayrılaraq onun istifadəsində olan fərdi yaşayış evinə elektrik sayğacı quraşdırılması və sərbəst istifadə edilməsi üçün "ASAN xidmət" mərkəzinə müraciət etmişdir. Gəlib həyətə baxış keçirmişlər, lakin bu barədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etməyi tövsiyə edilmişdir. Xocəsən Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin yerləşdiyi ərazinin yerqurluşu xəritəsindən çıxarışı verilmişdir. O, "xxxx" ASC-nə ərizə ilə müraciət edərək ikinci uçot sayğacı ilə təchiz edilməsini, onun yaşadığı sahəyə əlavə sayğacın quraşdırılmasını xahiş etmişdir. 21.12.2020-ci il tarixdə verilmiş cavabda daşınmaz əmlakın hissələrlə özəlləşdirildikdən sonra sənədlərin təqdim edilməsi göstərilmişdir. Bu tamamilə əsassızdır, belə ki, özbaşına tikililər elektrik sayğacları ilə təmin edilmişdir və bu tip tikililərə sayğac quraşdırılmasına heç bir məhdudiyyət qoyulmamışdır.. Fərdi yaşayış evinə sayğacın quraşdırılması zəruridir. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qardaşı ilə eyni damın altında müxtəlif otaqlarda qaldıqlarını, cölə çıxış qapilarının ayrı olduğunu, elektrik enerjisi barəsində mübahisə yarandığını bildirmiş, bu səbəbdən onun yaşadığı sahəyə ayrıca elektrik sayğacı quraşdırılmasını, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, qeyd olunan ünvanda elektrik sayğacı tərəflərindən quraşdırılmış və elektrik enerjisinin alqı-satqısına dair X4 ilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq fərdi yaşayış evinin elektrik təhcizatı həyata keçirilir. Həmin ünvana əlavə elektrik sayğacının quraşdırılması və iddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanması üçün fərdi yaşayış evi üzrə mülkiyyət hüquqlarının bölünməsini təsdiq edən sənədlərin təqdim edilməsi zəruridir. İddiaçı qeyd olunan ünvanın ona aid hissəsi barədə müvafiq sənədlər təqdim edərsə elektrik sayğacının quraşdırılması mümkün ola bilər. İddiaçı isə hal-hazırda belə sənədlərə malik deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Tərtər rayonu, Evoğlu kəndində doğulmuşdur. - Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 1377/01 №-li, 21.10.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Xocəsən bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində qeydiyyatsız yaşayır və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. - «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 0199/C-187/6325 №-li, 21.12.2020-ci il tarixli məktubundan görünür ki, qeyd olunan Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən yaşayış sahəsi enerji təchizatı şəbəkəsinə qoşulmuşdur və “xxxx” ASC-nin abonent iformasiya bazasında X5 adına qeydə alınan **********10405 saylı abonent koduna bağlı A261143723 nömrəli sayğac vasitəsilə elektrik enerjisi ilə təmin edilir. Müraciətin əsasında yaşayış sahəsinin ikinci uçot sayğacı ilə təchiz edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq, iddiaçı tərəfindən daşınmaz əmlakın hissələrlə özgəninkiləşdirilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələri tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş bölgü sxemi “ASAN Xidmət” mərkəzinə təqdim edilməlidir. Tələb olunan gücə görə qoşulma haqqı məbləği “xxxx” ASC- nin bank hesabına ödənildikdən sonra layihə sənədləri hazırlanaraq tikinti-quraşdırma işləri yerinə yetiriləcək və fərdi yaşayış evinə elektrik sayğacının quraşdırılması təmin ediləcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fizki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə görə isə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 1.1-ci bəndinə əsasən: - elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs; - abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı; - subabonent -elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; - məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən: - Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. - Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. - Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinin hazırlanması və tətbiqi müvafiq təlimata əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən: - İstehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən: - Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən: -Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Həmin Qaydaların 7.3-ci bəndinə əsasən: -Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. Həmin Qaydaların 7.9-ci bəndinə əsasən: -Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən iddiaçının yaşadığı fərdi yaşayış evi özbaşına tikili olmaqla hər hansı hüquqmüəyyənedici sənədlərə malik deyildir. Həmin fərdi yaşayış evi bir tikilidən ibarət olmaqla iddiaçı və iddiaçının qardaşı Fərəc Cəfərov öz ailə üzvləri ilə birlikdə yaşayırlar. Cavabdeh inzibati orqan tərəfindən X2 adına elektrik enerjisindən istifadəyə dair müqavilə bağlanmış və ünvan elektriklə (**********10405 saylı abonent kodu, A261143723 nömrəli sayğac) təchiz edilmişdir. Hazırda iddiaçı qardaşı ilə arasında elektrik enerjisindən istifadəyə görə mübahisə olduğunu iddia edərək onunla da elekrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanmasını və elekrik enerjisi ilə artıq təhciz olunmuş yaşadığı evinin yenidən elekrik enerjisi təhciz olunmasını cavabdehdən tələb edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri bilir ki, elektrik enerji təhcizatının təmin edilməsinin tələb edildiyi fərdi yaşayış evi özbaşına tikilidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən özbaşına tikili olan fərdi yaşayış evi istehlakçı ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən artıq elektrik enerjisi ilə təchiz edildiyindən, həmin yaşayış evinin bölünməsi, ayrılması, müstəqil yaşayış sahəsi kimi qeydə alınması barədə iddiaçı tərəfindən zəruri sənədlər təqdim edilmədiyindən cavabdeh inzibati oqranın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sayğacın quraşdırılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar