Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4019/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Bakı Cavabdehnə qarşı “soyadın dəyişdirilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, soyadının “Təhməzbəyli” soyadına dəyişdirilməsi və zadəganlıq titulu olan “bəy” titulunun adında “İlkin bəy” formasında dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək iddianın həcmini azaltmış və “Təhməzov” soyadının “Təhməzbəyli” soyadına dəyişdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdə Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən AZ - Xİ-ЖГ №350599 saylı doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı soyadının “Təhməzbəyli” soyadına dəyişdirilməsi məqsədi ilə 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətinə imtina cavabı verilmişdir. İmtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respubilkası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi” qaydalarına əsasən adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirilmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni iddiaçının soyadının dəyişdirilməsi ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə 1 saylı Bakı Cavabdehnə qarşı iddia qaldırmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının soyadının dəyişdirilməsi ilə bağlı tələbinin təmin edilməsindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi” Qaydalarına əsaslanaraq imtina edilmiş, bununla yanaşı bildirilmişdir ki, Azərbaycan Milli Elmlər X1 qərarında ad və soyad seçimi zamanı titul bildirən sözlərdən istifadə edilməsi tövsiyə edilmir. -Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 350599 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Yevlax rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 1781 nömrəli qeyd aparılmışdır. Atası – X6, anası – X4r. -Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş “İddiaçı soyadının dəyişdirilməsinin mümkünlüyü ilə əlaqədar aparılmış yoxlamanın nəticələri barədə” xx.xx.2025-ci il tarixli rəydən görünür ki, yoxlamanın nəticələrinə əsasən DİO-nun müvafiq bazasında vətəndaş İddiaçı barəsində təqsirləndirici məlumat yoxdur və əvvəllər məhkum olunmadığı müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçının soyadının “Təhməzov” soyadından “Təhməzbəyli” soyadına dəyişdirilməsi təklif edilmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması və hər hansı ölkə ərazisinə girişinə qadağa qoyulması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, yetkinlik yaşına çatmış iddiaçının məqsədi “Təhməzov” soyadının “Təhməzbəyli” soyadı ilə dəyişdirilməsinə nail olmaqdır. Bununla bağlı cavabdeh qeydiyyat şöbəsinə müraciəti təmin edilməmişdir. İddia hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. İddiaçı öz tələbində məhz soyadın dəyişdirilməsini tələb etdiyindən mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6-cı bölməsinin müddəaları tətbiq edilməlidir: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.5. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. 6.6. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinə verilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq idarəsi ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu akt qeydlərinin saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X2 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.16. Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. 6.17. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir (2 nömrəli əlavə). 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. 6.19. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq idarəsi 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. Normaların tələblərindən göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmçinin adın, ata adının, soyadın dəyişdirilməsini istisna edən halların dairəsi qanunvericilikdə konkret şəkildə müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarını nəzərdə saxlamaqla hesab edir ki, aparılmış araşdırma ilə iddiaçının tələbinin təmin edilməsi ilə bağlı şərtlər ödənilir. Belə ki, iddiaçının 18 yaşı tamam olmuş, onun barəsində yaşayış yeri üzrə müvafiq polis idarəsində (şöbəsində) aparılmış araşdırma nəticəsində cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olması müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə araşdırması ilə iddiaçının digər ölkələrdən deportasiya olunması və hər hansı ölkənin ərazisinə girişinə qadağa qoyulması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə cavabdehin imtinası ilə bağlı dəlilinə münasibətdə bildirir ki, iddiaçının soyuna və kökünə bağlılığını ifadə etmək onun şəxsiyyəti ilə qırılmaz bağlı olan hüququdur. Həmçinin, soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə soyad və ya soyad sonluğu ilə bağlı konkret siyahını nəzərdə tutan normativ hüquqi akt qəbul olunmamışdır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Respublikası vətəndaşları öz soyadını öz istəyinə əsasən müəyyən etdiyi başqa soyadla və ya öz soyadının sonluğunu başqa sonluqla dəyişdirə bilər. Odur ki, cavabdeh tərəfindən bildirilmiş əsas (Milli Elmlər Akademiyası tərəfindən verilmiş tövsiyənin məcburiliyi və ya zəruriliyi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda nəzərdə tutulmadığından müdaxilə qanuni olmamaqla, hansı qanuni məqsəd daşıması aydın deyil, beləliklə imtina üzrə əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi 2-1(102)-1988/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla qəbul edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli Qərarında soyadların dövlət dilinə uyğunlaşdırılmasına nail olmaq üçün digər sonluqlu ifadə formalarının göstərilməməsi Azərbaycan Respublikası vətəndaşlarını öz soyadını qanunla müəyyən edilmiş hallarda və qaydada dəyişdirmək, mübahisə halında “soyadın dəyişdirilməsi” barədə tələb irəli sürmək hüququndan məhrum etmir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, məhkəmənin qənaəti belədir ki, iddiaçının soyadının “Təhməzbəyli” kimi dəyişdirilməsi ilə əlaqədar müvafiq akt qeydlərində qeyd aparmaq öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı soyadının “Təhməzbəyli” kimi dəyişdirilməsi ilə əlaqədar müvafiq akt qeydlərində qeyd aparmaq və buna dair şəhadətnamə vermək vəzifəsi vəzifəsi 1 saylı Bakı Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4019/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4019/2025
12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver