Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-402/2025 10.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu Hökməli bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli №35 saylı Qərarı ilə ona mənzil şəraitinin yaxşılaşdırılması üçün, fərdi yaşayış evinin tikintisi üçün ayrılan 0.06 ha torpaq sahəsi üzərində daşınmaz əmlak hüquqlarının qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayonu Hökməli qəsəbəsində olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli müraciətinə xx.xx.2023-cü il tarixdə cavab məktubu gəlmişdir. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, Abşeron Rayonu Hökməli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı təqdim edilsə də, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli,534 nömrəli fərmanının həmin dövürdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təstiq edilmiş alqı-satqı aktı təqdim edilməməsi bildirilmişdir. Bundan başqa elektron baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin dövlət mülkiyyətidə olmaqla Azərbaycan Respublikası Dövlət Neft şirkətinin balansına verilmiş ərazidə,sahənin bir hissəsi isə yüksək gərginlik elektrik xəttinin istifadə zonasında yerləşməsi qeyd olunmuşdur. Həmçinin təqdim edilən sənədlər üzrə torpaq sahəsinin Abşeron Rayonu, Höküməli qəsəbəsində yerləşdiyi qeyd edilsə də, göstərilən ərazinin Binəqədi Rayonu, Sulutəpə qəsəbəsində yerləşməsi qeyd olunmuşdur. Bundan əlavə təqdim edilən yerləşmə cizgisində istinadlar və məsafələr qeyd edilmədiyindən torpaq sahəsi mövqeyin müəyyən etmək mümkün olmaması qeyd olunmuşdur. Bu məktubun daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınmasından imtina sayılmasa da məhkəmənin bunu imtina kimi qəbul etməsini istərdim. Hesab olunur ki, cavabdeh tərəfindən verilən imtina ləğv olunmalıdır. Milli Arxiv İdarəsinin 19 sentyabr 2022-ci il tarixli arxiv sənədlərin surətindən göründüyü kimi Höküməli Bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli qərarı ilə mənzil şəraitini yaxşılaşdırılması üçün iddiaçıya 0.06 ha torpaq sahəsi ayrılmışdır. Höküməli Bələdiyyəsi həmin torpaq sahəsinin onun mülkiyyətində olmasını bildirir. Torpaq sahəsi cavabdehin dediyi kimi Neft Şirkətinin balansına verilmiş olsa belə, bu iddiaçının mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Bundan əlavə təqdim edilən yerləşmə çizgisində istinadlar və məsafələr qeyd edilmədiyindən torpaq sahəsi mövqeyin müəyyən etmək mümkün olmaması qeyd olunmuşdur cavabını nəzərə alsaq, cavabdeh yerləşmə sxemi olmadığı halda torpağın yerləşdiyi ərazini, Neft şirkətinin balansıda olub-olmamasını necə müəyyən edə bilərdi. Cavabdehintorpağın daşınmaz əmlak üzərində qeydiyyata alınmasına dair cavab məktublarından göründüyü kimi daşınmaz əmlaka dair çıxarış vermir və bu əsasla da iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə müvafiq olaraq Hökməli bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayonu Hökməli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 35 nömrəli Qərarı təqdim edilsə də, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Sahənin 218 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Həmçinin təqdim edilən sənədlər üzrə torpaq sahəsinin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşdiyi qeyd edilsə də, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşir. İddiaçı tərəfindən təqdim edilən yerləşmə cizgisində istinadlar və məsafələr qeyd edilmədiyindən torpaq sahəsinin mövqeyini müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxslərin nümayəndələri hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (DƏDKR PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********71 saylı məktubundan görünür ki, iddiaçının torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Abşeron Rayon Hökməli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 35 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, “Torpaq İslahatı haqqında” və “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 JV2-1İ qərarına müvafiq olaraq vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Hökməli Bələdiyyə torpaqlarından İddiaçı 0,06 ha torpaq sahəsi satılmış və vətəndaşa fərdi yaşayış evi tikməyə icazə verilmişdir. -Kassa mədaxil orderindən görünür ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin dəyərini ödəmişdir. -xx.xx.2006-cı il tarixli aktdan görünür ki, Abşeron Rayon Hökməli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 35 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi yerində ölçülüb nişangahlar qoyulduqdan sonra İddiaçı təhvil verilmişdir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən qeyd olunan torpaq sahəsi ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin balansında olan 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, sözügedən torpaq sahəsinə dair təqdim edilmiş xx.xx.2006-cı il tarixli aktda göstərilən cizgidə ərazinin situasiyası, istinadlar və onlardan məsafələr qeyd edilmədiyindən həmin cizgidə göstərilən torpaq sahəsinin hansı inzibati ərazi vahidliyində yerləşdiyini, o cümlədən faktiki istifadə vəziyyətinə uyğunluğunu müəyyənləşdirmək mümkün olmamışdır. Lakin mütəxəssislər tərəfindən sözügedən torpaq sahəsinə yerində baxış keçirilərək, koordinatları dəqiqləşdirilərkən məlum olmuşdur ki, faktiki torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonunun inzibati sərhədləri daxilində yerləşir. -SOCAR tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, WGS 84/UTM zona 39N koordinat sistemində koordinatlarında olan həmin 624 m2 torpaq sahəsi neftqaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X1” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olmaqla, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 667 nömrəli sərəncamı ilə SOCAR-dan geri alınmış ərazilərin hüdudları daxilində yerləşir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubla təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 624.0 kv.m təşkil edir (24.0 kv.m artıqdır). Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Sahə üzərində yer səthi səviyyəsində yaşayış evinin təməli mövcuddur. Sahənin üzərindən yüksək gərginlikli (6-10 kVt-lıq) elektrik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə, sahənin bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin əvvəlki müraciət zamanı təqdim edilən sənədlər üzrə torpaq sahəsinin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşdiyi qeyd edilsə də, göstərilən torpaq sahəsi Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı istifadəsində olan Abşeron Rayon Hökməli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 35 nömrəli qərarı ilə ona ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq bu barədə ona çıxarışın verilməsini istəyir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan Qanunun 8.0.1-ci maddəsinə əsaəsn, Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən, bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəlləin 2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); ....2 Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 2-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4.Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəlləin 47-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. 5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Göründüyü kimi, mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddiaolunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Belə ki, həmin maddənin dispozisiya şərtindən görünür ki, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas saylır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia olunan torpaq sahəsi Abşeron Rayon Hökməli Bələdiyyəsinin qərarı ilə ayrılsa da, həmçinin həmin torpaq sahəsinin ilk öncə Abşeron rayonu ərazisində olması ilə bağlı dəlillər irəli sürsə də, məhkəmə araşdırılması zamanı həmin sahənin Bakı şəhərinin dislokasiyasında yerləşməsi müəyyən olunmuşdur. Həmçinin iş materiallarında olan cavabdehin məktublarından və təqim edilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi sahəsi kimi Abşeron Rayon Hökməli Bələdiyyəsi tərəfindən ayrıldığından, sözügedən hüquq müəyyənedici sənəd səlahiyyətsiz qurum tərəfindən verilmiş sayılır və belə olan halda torpaq sahəsinə hüququn qeydiyyatından imtina olunmasına əsas verir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparılması vəzifələrini daşıyır (Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.19-cu bəndi). Odur ki, məhkəmə qeyd olunan məlumatı mötəbər sübut kimi qiymətləndirir. Qeyd olunmalıdır ki, qanunvericilik torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərini müəyyənləşdirərək, qanunvericiliklə müəyyən olunmuş qaydada məhz bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qaydalarını müəyyən etmişdir. Odur ki, qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikası ərazisində torpaqlar növündən asılı olaraq səlahiyyət daxilində və həddində istifadə edilməlidir. Hazırkı halda isə qeydiyyatı istənilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti deyil, dövlət mülkiyyəti torpağı olduğu müəyyən edildiyindən cavabdeh inzibati orqanın imtinası qanunauyğun olduğundan iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan ərazi hüdudlarında olması da təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin araşdırılan halları ilə iddia olunan torpaq sahəsinə yaxın (bitişik və qonşuluqda olan) ərazilərdə Hökməli bələdiyyəsinin torpaq ayırma sənədləri əsasında dövlət reyestrində qeydiyyata alınmış sahənin olması müəyyən edilməmiş, iddiaçı tərəfindən də buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulması və fərqli rəftara dəlalət edən hallar da müəyyən edilməmişdir. Məhkəmə onu da bildirir ki, “İnzibati icraat haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanda icraat bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 53.2-ci mddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız kollegial orqan tərəfindən qəbul edilir. Bələdiyyə qərarları “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla kollegial qərar qəbul olunur. Göründüyü kimi qanunda, bələdiyyə torpaqlarına müvafiq hüququn qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi kollegial qaydada qəbul edilən bələdiyyənin qərarı nəzərdə tutulur. Lakin hazırkı işdə Hökməli bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması zamanı bələdiyyənin iclas protokolunun mövcud olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş, Dövlət arxivi tərəfindən təqdim olunan sənədlərdən, eləcə də Binəqədi qəsəbə bələdiyyəsinin sorğuya cavab məktublarından da bu protokolun mövcudluğu müəyyən edilməmişdir. Bu xüsusat isə iddiaçıya torpaq ayırma prosesinin qanunla tələb olunan qaydada həyata keçirilmədiyi qənaətinə gəlməyə əsas verir. Oxşar mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-269/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir ki, “33. Bundan əlavə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2- ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. 34. Həmin Qanunun 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir (maddənin 4-cü və 6-cı hissələri). 35. Hazırkı iş üzrə iş materiallarında olan bələdiyyə qərarı yalnız bələdiyyə sədri tərəfindən imzalanmış, iş materiallarına iclas protokolu əlavə edilməmişdir. 37...Eyni zamanda bələdiyyə qərarının qanuniliyinin yuxarıda istinad olunan normalar baxımından qiymətləndirmək üçün bələdiyyənin iclas protokolunun mövcudluğunu araşdırmalı (başqa sözlə, qərarın kollegial qəbul edilibedilməyini dəqiqləşdirməli) və işin hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verməlidir. Məhkəmə onu da qeyd edir ki, torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmaması təsdiqlənməməsi və digər aidiyyəti orqanlardan rəy alınması hər hansı şəxs üçün bilavasitə nəticə yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil, icraatda yalnız iştirak xarakterli olmaqla yekun aktın qəbuluna xidmət edir. Eyni zamanda bu hal iddiaçının məsuliyyət sferasına aid məsələ olmadığından onun ziyanına şərh edilə bilməz. Çünki, müvafiq aktı qeydə almaq iddiaçının öhdəliyi deyil, səlahiyyətli dövlət orqanlarının vəzifəsidir. Həmçinin, təqdim edilmiş cizgidə istinad məsafələri, dəqiq istinadlar, perimetrik ölçülərin qeyd edilməməsi də iddiaçının ziyanına olan hal kimi şərh edilməməlidir. Belə ki, tələblərə cavab verən cizginin tərtib edilməsi müvafiq dövlət orqanının səlahiyyətinə aiddir. Odur ki, cavabdehin bu xüsusatla imtinası formal mülahizələrə söykənmiş kimi qiymətləndirilir. Bununla belə cavabdehin qeyd edilən hissələrdəki imtina dəlilləri əsassız olsa belə, hazırkı şərtlər altında iddia tələbinin təmini istisna olunur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Abşeron Rayon Hökməli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 35 nömrəli qərarı ilə ayrılmış 600 kv.m torpaq sahəsi həmin bələdiyyənin mülkiyyətinə verilmiş torpaq sahəsində olması müəyyən olunmadığından cavabdehin imtina əsası kimi istinad etdiyi digər əsaslara (yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi, alqı-satqı aktının DTXK tərəfindən təsdiq edilməməsi, elektrik xəttinin mühafizə zonasında yerləşməsi) ayrıca münasibət bildirilməsinə zərurət yoxdur. Çünki cavabdehin imtina əsasları digər hissələrdə əsassız olsa belə, hazırkı şərtlər altında iddia tələbinin təmini istisna olunur. İddia əsassızdır və təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-402/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-402/2025
10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver