Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4020/2025 30.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərmişdir ki, iddiaçıya 20 aprel 2006-cı il tarixindən 38 il 8 ay 19 gün xidmət müddəti üçün xidmət illərinə görə pensiya təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması üçün 30 may 2024-cü il tarixində Mərkəzi Filiala müraciəti daxil olmuşdur. Aparılan araşdırma nəticəsində əmək pensiyasının vəzifə maaşına və təminat xərcliyinin artım hissəsinə tətbiq edilən faiz dərəcəsinə uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmişdir. Buna görə də, iddiaçının əmək pensiyasının qanunvericiliyə uyğun qaydada aşağıdakı kimi hesablanmışdır: Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək əmək pensiyası təminat xərcliyinin (920,50 manat) 100 faizi - 920,50 manat məbləğində müəyyən edilib. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası müvafiq təminat xərcliyinə uyğun olaraq, 1048,88 manat məbləğində müəyyən edilib. Həmçinin 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 473,00 manat, rütbə maaşınız 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 311,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə 165,55 manat, məxfiliyə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 118,25 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1282,30 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasında nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (18 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (18x2) təminat xərcliyinin 36 faizi; natamam ildəki iş stajı aylarının sayına (8 ay) mütənasib olaraq təminat xərcliyinin 1,33 faizi. İddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 87,33 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (920,50 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1282,30 manat) arasındakı fərq məbləğinin (361,80 manat) 87,33 faizi- 315,96 manat 1 mart 2018-ci il tarixinədək müəyyən olunmuş pensiyanın (920,50 manat) üzərinə əlavə olunmaqla 1236,46 (920,50+315,96) manat məbləğində əmək pensiyası müəyyən edilib. Eyni zamanda, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində son ödənişlərin əks olunduğu 1 iyul 2011-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində 835,12 manat pensiya sığorta kapitalı qeydə alınıb. Həmin 835,12 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 88 aya bölünməklə (835,12:88 ay (144 ay-56 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)=9,49 manat) 30 may 2021-ci il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi 30 may 2024-cü il tarixindən üç il geriyə) müəyyən olunmuş qanuni pensiyanın (1236,46 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1245,95 (1236,46+9,49) manat məbləğində hesablanıb. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin müvafiq indeksləşdirilmələr nəzərə alınmaqla 1 yanvar 2024-cü il tarixindən pensiyanız 1748,08 manat məbləğində müəyyən edilib. Eyni zamanda, Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçıya artıq ödənilmiş vəsait son üç il müddət üçün məhudlaşdırılaraq 800,39 manat müəyyən edilib. Həmin vəsait cari ilin avqust ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-11372/2024 nömrəli qərarının ləğv edilməsi və əvvəlki pensiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ.Tərəflərin əsaslandırılması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 20 aprel 2006-cı il tarixdən ona xidmət müddət üçün xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin qərarına əsasən iddiaçının xidmət illərinə görə əmək pensiyasının məbləği əsassız olaraq azadılmışdır. Cavabdehə xidmət illərinə görə hesablanmış pensiya məbləğinin yenidən hesablanması tələb olunsa da, əvvəlki dövr üzrə xidmət illərinə görə hesablanan pensiya məbləği bərpa edilməmişdir. Cavabdeh xidmət illərinə görə ona hesablanmış pensiya məbləğinin azadılması barədə qəbul etmiş olduğu qərarında istinad etdiyi hallar qanunsuz və əsassızdır. Cavabdeh iddiaya yazılı etirazında iddiaçıya ünvanlanmış məktubda göstərilənləri təkrarlayaraq, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2025ci il tarixli məktubundan görünür ki, 8 saylı cəzaçəkmə müəssisəsinin sabiq əməkdaşı İddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 271 ş/h saylı, xx.xx.2006-cı il tarixli əmri ilə “Sıravi və rəis heyətinin xidmət keçmə haqqında Müvəqqəti təlimatın 4-cü hissəsinin 2-ci bəndinin 1-ci yarımbəndinə əsasən (Xidmət müddəti tamam olduqda) pensiyaya çıxarılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Penitensiar xidmətin sabiq əməkdaşı İddiaçı 1959-cu ildə Ermənistan Respublikasında anadan olmuş, 1984-cü ildə SSRİ DİN-nin Ufa xüsusi orta məktəbini bitirmişdir. xx.xx.1980-ci il tarixində Penitensiar xidmətdə qulluğa qəbul edilmişdir. 8 saylı cəzaçəkmə müəssisəsinin rəisinin növbətçi köməkçisi vəzifələrində işləyərkən Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi üzrə xx.xx.2006-cı il tarixli 271 ş/h saylı əmrlə “Müvəqqəti Təlimat”ın 4-cü hissəsinin 2-ci bəndinin 1-ci yarımbəndinə müvafiq olaraq (xidmət müddəti tamam olduqda) pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. xx.xx.2006-cı il tarixə qulluq müddəti təqvimi hesablama ilə 27 il 07 ay 06 gün, güzəştli hesablama ilə 38 il 08 ay 19 gün təşkil etmişdir. İşdən olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuş xx.xx.2012-ci il tarixli məlumat vərəqindən görünür ki, iddiaçının təqvim üzrə xidmət illəri- 27 il, 07 ay, 06 gün; güzətli xidmət illəri- 11 il, 01 ay, 13 gün; cəmi iş stajı və xidmət illəri- 38 il, 08 ay, 19 gün; ehtiyata buraxıldığı tarix- 20 il, 04 ay, 2006 gün; cəmi pul təminatı- 868,00 manat qeyd olunmuşdur. İşdən görünür ki, iddiaçıya xx.xx.2006-cı ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya təyin edilən əmək pensiyasının yenidən hesablanması barədə qərarlardan görünür ki, iddiaçıya təminat xərcliyinin 100 %-i həcmində əmək pensiyası təyin edilmişdir. İşdə olan cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-11372/2024 nömrəli qərardan görünür ki, İddiaçı xx.xx.2006-cı ildə təyin edilmiş yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1-ci maddəsinə əsasən vəzifə maaşının və artım faizinin dəqiqləşdirilməsi məqsədilə yenidən hesablanmış, pensiyasının məbləği 1772,90 manatdan 1748,08 manata azaldılmış, yenidən hesablanma xx.xx.2021-ci il tarixdən müüəyyən edilmişdir. İşdə olan iddiaçıya təyin edilmiş pensiyanın hesablanması barədə cədvəldən görünür ki, iddiaçının pensiyası hesablanarkən onun 38 il 8 ay 19 gün sığorta stajına uyğun olaraq, 20 il üçün 50 %, 18 il üçün 54% nəzərə alınmaqla, təminat xərcliyinin cəmi 100 faizi miqdarında pensiya təyin edilmiş, lakin sonradan xx.xx.2024-cü ildə onun pensiyası Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na əsasən yenidən hesablanaraq 20 il üçün 50%, 18 il üçün 36%, 8 ay üçün 1,33% olmaqla, təminat xərcliyinin cəmi 87,33 faizi miqdarında pensiya müəyyən edilmişdir. İddiaçı hazırda ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsini və pensiyasının əvvəlki qaydada hesablanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 20.14-cü maddəsinə əsasən həmin qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin –50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.15. Bu maddədə göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməz. İşdən görünür ki, iddiaçıya təyin edilmiş əmək pensiyası da bu maddəyə uyğun hesablanaraq, qulluq illərinə əlavə 20 il üçün 50 %, 18 il üçün 54% olmaqla, cəmi 100 fazi nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununu ilə ƏPQ-nin 20.14-cü maddəsinə dəyişiklik edilmiş və 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilsin və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmiş, 20.14.2-ci maddəyə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir. Həmin Qanunun tətbiqi haqqında haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1352 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Qaydanın 3-cü bəndinə görə Bu Qaydaya uyğun olaraq qulluq stajına görə əlavə alan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən hesablanması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir. İşdən görünür ki, cavabdeh həmin Qayda qüvvəyə mindikdən sonra iddiaçıya təyin edilmiş əmək pensiyasını yenidən hesablamamış, yalnız xx.xx.2024-cü ildə həmin Qaydanı iddiaçıya tətbiq etmişdir. Halbuki Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli 1903 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1232) ləğv edilmişdir. Göründüyü kimi, cavabdeh 142 nömrəli fərman qüvvədə olduğu dövrdə onun tələblərini iddiaçıya tətbiq etməmiş, Fərman ləğv edildikdən 2 il sonra iddiaçıya təyin edilmiş əmək pensiyasını yenidən hesablayarkən qüvvədə olmayan normaları ona tətbiq etmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə bu zaman onu da nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun (bundan sonra –İİQ): - maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - - maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - maddə 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Qanunun 67.12-ci maddəsində 1 illik müddətin aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən hesablanması nəzərdə tutulur. İşdən görünür ki, iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanması Qanunun 37.3.2-1-ci maddəsi ilə bağlı olmuşdur. Lakin həmin vaxt pensiyanın hesablanma formasının hazırkı qaydada dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxt kimi qiymətləndirilə bilməz, çünki bu araşdırma ilə yeni sübut əldə edilməmiş, əvvəllər də mövcud olmuş sənədlər yenidən qiymətləndirilmişdir. Cavabdeh 2017-ci ildən sonra iddiaçıya əmək pensiyası təyin olunduğu tarixdən sonra dəfələrlə pensiyanı yenidən hesablama barədə qərar qəbul etmiş və həmin vaxt iddiaçıya təyin edilmiş pensiya işini tədqiq etmək və qəbul etdiyi inzibati aktın qanunsuz olduğunu müəyyən etmək imkanına sahib olmuş, buna baxmayaraq sənədlərdə hər hansı uyğunsuzluq aşkar etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh mübahisəli qərarı Qanunun 67.12ci maddəsində nəzərdə tutulan müddəti ötürməklə qəbul etmişdir. İİQ-nin 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Buna görə də məhkəmə hesab edir ki, idia tələbi təmin edilməli, İİQ-nin 67.3-cü maddəsində qeyd edildiyi kimi cavabdehin xx.xx.2024-cü il tarixli qanunsuz əliverişsiz inzibati aktları ləğv edilməli və onun hüquqi nəticəsi aradan qaldırılmalı, yəni pensiyanın əvvəlki məbləğdə ödənilməsi cavabdeh tərəfindən bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-11372/2024 nömrəli qərarı ləğv edilsin və İddiaçı əvvəlki pensiya ödənişinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-4020/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4020/2025
30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver