Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4021/2020 14.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə İddiaçı İddiaçı cavabdeh X1rşı ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 Dövlət Universitetinin Bakı Filialı tərəfindən xx.xx.2001-cı il tarixli, ДВС ******* nömrəli diploma əsasən ona verilmiş “hüquqşünaslıq” ixtisasının tanınması və bu barədə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh X5 Agentliyi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1996-2001-cı illərdə X3 Dövlət Universitetinin Bakı Filialında təhsil alaraq həmin ölkənin ali təhsil haqqında dövlət sənədi olan “hüquqşünaslıq” ixtisasının verilməsi barədə xx.xx.2001-cı il tarixli, ДBC ******* nömrəli diplom almışdır. xx.xx.2007-ci il tarixdə apostil qoyulmaqla təsdiq edilmiş diplom üzrə ixtisasının ölkədə tanınması üçün cavabdehə xx.xx.2016-cı il tarixində elekton ərizə ilə müraciət etmişdir və həmin elektron müraciətin nəticəsi barədə ona xx.xx.2017-ci tarixli, 1455/ANİ saylı məktub göndərilmiş və həmin məktub ilə xx.xx.2001-cı il tarixli, ДBC ******* nömrəli diplom üzrə aldığı ixtisasın tanınması mümkün hesab edilməmişdir. Həmçinin nümayəndəsi (atası) X7 tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehə diplomun üzrə ixtisasının tanınması haqqında müraciət edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubu ilə diplomun üzrə ixtisasının tanınması mümkün hesab edilməmişdir. Cavabdehin məktublarında imtinaya əsas kimi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsinə əsasən Universitetin Bakı Filialının fəaliyyətinin dayandırıldığı göstərilmişdir. Qeyd edilən məktublarda istinad edilən hal diplomunun tanınmasından imtina edilməsinə əsas ola bilməz. Belə ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsi o, Universitetin Bakı Filialını bitirdikdən 6 il keçdikdən sonra qəbul edilmişdir və mövcud qanunvericiliyə əsasən sözügedən qətnamə geriyə şamil edilə bilməz. Universitetin Bakı Filialına qəbul olunduğu və təhsil aldığı bütün dövr ərzində həmin ali təhsil müəssisəsinin fəaliyyəti Azərbaycan Respublikasının heç bir dövlət və digər müvafiq orqanları tərəfindən qeyri-qanuni hesab edilməmiş, bu barədə heç bir rəsmi və ya qeyri-rəsmi məlumatı olmamışdır. Digər tərəfdən, təhsil aldığı dövrdə ona hərbi xidmətə çağırış zamanı Azərbaycanın müvafiq dövlət orqanı tərəfindən ali təhsil müəssisəsinin tələbəsi kimi güzəşt verilmiş, hərbi xidməti ali təhsilli şəxs kimi keçmiş və bunlar da həmin dövrdə Universitetin Bakı Filialının Azərbaycan Respublikasında qanuni fəaliyyət göstərdiyini təsdiq edir. Bundan başqa Universitetin Bakı Filialının göstərilən dövrdə verdiyi diplomların Təhsil Nazirliyi tərəfindən tanınması faktları da məlumdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, X4 Dövlət Universitetinin Bakı Filialı Azərbaycan Respublikasının Qanunları və ondan irəli gələn normativ-hüquqi aktların tələblərinin icrasına məhəl qoymadan qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2398/4489-2006 saylı Qətnaməsi ilə fəaliyyəti dayandırılmışdır. X4 Dövlət Universitetinin Bakı filialının təhsil fəaliyyətini həyata keçirməsinə xüsusi razılıq (lisenziya) və akkreditasiyası mövcud olmamışdır. Dövlət Akkreditasiyası və təhsil fəaliyyətini həyata keçirmək üçün lisenziyası olmadan qeyriqanuni fəaliyyət göstərmiş təhsil müəssisəsinin diplomu qanuni sayıla bilməz. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçının müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasına dair şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Qeyd olunanlara əsasə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus AO № ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilə qədər ordu sıralarında hərbi xidmət keçmişdir. Təhsili “ali, Dağıstan Dövlət Universiteti, 2001-ci il” qeyd edilmişdir. - X3 Dövlət Universitetinin xx.xx.2001-cı il tarixli, ДBC ******* nömrəli diplomunun apostol olunmuş, azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının xx xxxx 2001-ci il tarixli qərarı ilə İddiaçı “Hüquqşunaslıq” istiqaməti üzrə “Hüquqşunas” ixtisası verilmişdir. - X3 Dövlət Universitetinin xx.xx.2001-cı il tarixli, ДBC ******* nömrəli diploma xx.xx.2001-ci il tarixli, 738 №-li əlavənin azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1996-cı ildə Dağıstan Dövlət Universitetinə “hüquqşünaslıq” ixtisası üzrə əyani formada daxil olaraq 2001-ci ildə həmin Universiteti bitirmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, xarici ali təhsil ixtisası Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə daxil olmuş xx.xx.2016-cı il tarixli müraciətinə baxılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, o, X4 Dövlət Universitetinin Bakı filialında təhsil alınmışdır. X4 Dövlət Universitetinin Bakı filialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsi ilə fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Göstərilənləri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən X4 Dövlət Universiteti tərəfindən onun adına verilmiş ДBC ******* nömrəli, xx.xx.2001-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. - Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2398/4-489-2006 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi ilkin olaraq məhkəmədə cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialına qarşı iddia qaldırıb filialın fəaliyyətinin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq cavabdehin fəaliyyətə başladığı gündən hal-hazırki dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qətnaməyə əsasən əsasən iddia qismən təmin olunmuş, cavabdeh Dağıstan Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyəti dayandırılmış, iddia qalan hissələrdə rədd olunmuş və cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olunmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdeh müəssisədə hal-hazıradək təhsil alıb və bu barədə müvafiq sənəd almış tələbələrin təhsil sənədlərinin də etibarsız hesab edilməsi qanunauyğun hesab edilə və bu barədə olan iddia tələbi təmin oluna bilməz. - Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2398/4-489/3 saylı, xx.xx.2010-cu il tarixli qərardadının surətindən görünür ki, həmin qərardad ilə izah edilmişdir ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2398/4-489 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş diplomların etibarsız hesab edilməsi hissəsində təmin edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1996-cı ildə X3 Dövlət Universitetinin Bakı Filialına “Hüquqşünaslıq” ixtisası üzrə daxil olaraq təhsil almış və Dövlət İmtahan Komissiyasının xx xxxx 2001-ci il tarixli qərarı ilə ona “Hüquqşunas” ixtisası verilmişdir. İddiaçı təhsil aldığı müəssisəsini bitirməsinə dair xx.xx.2001-cı il tarixli, ДBC ******* nömrəli diplom verilmiş, həmin diplom Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostol olunmuşdur. İddiaçı diplom üzrə ixtisasının tanınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan iddiaçının təhsil aldığı müəssisənin qanunsuz fəaliyyət göstərməsini əsas gətirərək müraciətini təmin etməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli, xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.28-ci bəndinə görə Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Przidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “X5 Agentliyinin Nizamnaməsi”nin: - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsli sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentiliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: - 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının xx xxx 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barədə” Azərbaycan Respublikasının xx xxxx 2004-cü il tarixli, 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Həmin Konvensiyanın: - 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). - 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. - 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. - 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbay-can Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Məhkəmə qeyd edir ki, İddiaçı X3 Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2001-cı il tarixli, ДBC ******* nömrəli diploma (təhsil sənədinə) Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən xx.xx.2007-ci il tarixdə apostol möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Məhkəmə həmçinin inzibati orqanın iddiaçının təhsil aldığı müəssisənin Azərbaycan Respublikası ərazisində qanunsuz fəaliyyət göstərməsi ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı 1996-2001-ci il tarixlərdə X3 Dövlət Universitetinin Ə.Əliyev adına Bakı Filialında təhsil alımış, həmin müəssisənin fəaliyyəti isə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2398/4-489-2006 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən dayandırılmışdır. Filialın fəaliyyəti dayandırılması ilə bağlı qərar qəbul edən zaman məhkəmə həmin təhsil müəssisədə təhsil alıb və bu barədə müvafiq sənəd alımış tələbələrin təhsil sənədlərinin etibarsız hesab edilməsinin qanunauyğun olmaması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Bundan əlavə iddiaçının hərbi biletindən görünür ki hərbi xidmətə çağırış zamanı Azərbaycanın müvafiq dövlət orqanı tərəfindən ali təhsil müəssisəsinin tələbəsi kimi güzəşt verilmişdir və hərbi xidməti ali təhsilli şəxs kimi keçmişdir. Məhkəmə hesab edir ki, X3 Dövlət Universiteti tərəfindən İddiaçı verilmiş qeydiyyat nömrəsi xx.xx.2001-cı il tarixli ДBC ******* nömrəli dublikat mütəxəssis diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X3 Dövlət Universiteti tərəfindən İddiaçı verilmiş xx.xx.2001-cı il tarixli, ДBC ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi (nostrifikasiyası) öhdəliyi cavabdeh X5 Agentliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X3 Dövlət Universiteti tərəfindən İddiaçı verilmiş xx.xx.2001-cı il tarixli, ДBC ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi (nostrifikasiyası) öhdəliyi cavabdeh X5 Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-4021/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4021/2020
14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver