Məhkəmə qərarları › İş №2-1(112)-4022/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4022/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4022/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımova Bəsdi İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, qapalı məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Sosial müavinətlər haqqında” qanuna əsasən uşağı övladlığa götürməyə görə müavinət hüququ yarandığı üçün 2021-ci ilin yanvar ayının 1-dən hesablanmaqla ona müavinət təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 2017-ci ilin mart ayında məhkəmə qərarı ilə Duyğu Fətəliyevanı övladlığa götürmüşdür. O, uşağın qidalanması, geyimi, təhsili, rahat mənzillə təmin olunması ilə əlaqədar üzərinə düşən öhdəlikləri yerinə yetirir. O, uşağı övladlığa götürəndə kimdənsə, hətta dövlətdən də heç bir iqtisadi kömək ummamışdır, hazırda da ummur. Bu, onun atalıq - valideynlik borcudur. Lakin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən övladlığa götürülmüş uşaqlara görə müavinət almaq hüququ yarandığından onun övladlığa götürdüyü qızına müavinətin təyin olunması üçün ərizə ilə 07 oktyabr 2021-ci il tarixində 4 saylı Bakı “DOST" Mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dayanıqlı və Operativ Sosial X1 ərizəsinə baxılaraq uşağı 15 mart 2017-ci ildə övladlığa götürdüyü üçün “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.1.14-cü maddəsi, yəni övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa görə müavinət növü 2021-ci ilin yanvar ayının 1-dən qüvvəyə mindiyinə görə bu müavinət növünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından uyğun hesab olunmamış və müavinətin təyin olunmasından 17 noyabr 2021-ci il taarixli **********6 saylı məktubla imtina edilmişdir. Cavabdeh orqan qanunun məzmununu düzgün təfsir etməmiş, nəticədə səhv tətbiq edərək, əsassız olaraq övladlığa götürülən uşağa görə müavinət təyin edilməsi barədə müraciətini təmin etməmişdir. Övladlığa götürülən uşağa görə müavinət təyin olunmasında heç bir ayrı-seçkilik ola bilməz və bu qərarda da yoxdur. Bu gün 13 yaşı olan və ya 10 il bundan öncə övladlığa götürülmüş uşaqlara da, dekabr 2020-ci ildə övladlığa götürülmüş uşaqlara da, 01 yanvar 2021-ci il tarixində və sonrakı dövrdə övladlığa götürülmüş uşaqlara da 2021-ci ildən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək müavinət təyin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 izahatında bildirdi ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. Bu Qanunun 4.0.1.14cü maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət təyin edilir. Bu Qanunun 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət - valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunur. Həmçinin bu Qanunun 9.1.11-ci maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət - 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. İddiaçı 22.04.2017-ci ildə uşağı övladlığa götürdüyü üçün övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin iddiaçının övladlığa götürdüyü Duyğu Abbasova sağlamlıq imkanları məhdud uşaq, o cümlədən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaq kateqoriyasına aid olmadığından, Qanunun 7.0.10-4cü maddəsinin ona tətbiq edilməsi mümkün deyil. Belə ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni İ və İİ dərəcə əlilliyi olan şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Göründüyü kimi, qanunvericilik bu məsələ üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit etdiyindən (valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürmüş şəxs, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı 2021-ci il yanvarın 1dən sonra övladlığa götürmüş şəxs) iddiaçı yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığından, ona bu müavinətin təyin edilməsi və ödənilməsi mümkün deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 17.11.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasərı əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox oimamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. Bu Qanunun 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunur. Həmçinin bu Qanunun 9.1.11-ci maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət - 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, X4 22.04.2017-ci ildə övladlığa götürdüyünüz üçün, övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Vətəndaş müraciətləri haqqında Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinin tələblərinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 22 aprel 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 011374 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin surətidən görünür ki, 10 mart 2013-cü ildə Bakı şəhərində doğulmuş X2 Həsən Tofiq oğlu və X15 tərəfindən övladlığa götürülmüş və ona Abbasova soyadı, Duyğu adı, Həsən qızı ata adı verilmişdir. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında 22.04.2017-ci ildə 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 26 aprel 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 931589 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 10 mart 2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X15 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-441/2017 saylı 15 mart 2017-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, ərizəçilər İddiaçı və X11 «övladlığa götürülmə» tələbinə dair ərizəsi təmin edilmiş, 10 mart 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş X5 İddiaçı və X15 tərəfindən övladlığa götürülmüş hesab edilməsi, X7 yeni doğum haqqında şəhadətnamənin verilməsinin, şəhadətnamədə və doğum akt qeydində müvafiq qrafalarda soyadının “Abbasova”, adının Duyğu”, atasının adı “Həsən”, doğulduğu il “2013”, ay “mart”, gün “10”, doğulduğu yer “Bakı şəhəri”, milliyyəti “azərbaycanlı”, ata qrafasında “İddiaçı”, atasının milliyyəti “azərbaycanlı”, ana qrafasında “X15”, anasının milliyyəti “azərbaycanlı” yazılmasının Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0.1.14-cü maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət bu Qanunla təyin edilən aylıq müavinətlərdən biridir. 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət – valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin edilir. 9.1.11-ci maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət – 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununa qeyd olunan 4.0.1.14, 7.0.10-4, 9.1.11-ci maddələr 6 oktyabr 2020-ci il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa əsasən əlavə edilmişdir və həmin Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-441/2017 saylı 15 mart 2017-ci il tarixli qətnaməsinə əsasən ərizəçilər İddiaçı və X11 «övladlığa götürülmə» tələbinə dair ərizəsi təmin edilmiş, 10 mart 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş X5 İddiaçı və X15 tərəfindən övladlığa götürülmüş hesab edilmişdir. Hazırda iddiaçı uşağı övladlığa götürməyə görə 2021-ci ilin yanvar ayının 1-dən hesablanmaqla ona müavinət təyin edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətin təyin edilməsini nəzərdə tutan 4.0.1.14-cü maddə «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununa 6 oktyabr 2020-ci il tarixli Qanunla əlavə edilmişdir və həmin Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Bundan başqa, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun müavinətlərin təyin olunması şərtlərini müəyyən edən 7.0.10-4cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət - valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün təyin edilir. Göründüyü kimi, iddiaçı tərəfindən uşaq 15.03.2017-ci ildə övladlığa götürülmüşdür, övladlığa götürülən uşağa görə müavinətin isə «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün təyin edilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar