Məhkəmə qərarları › İş №2-1(112)-4022/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4022/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4022/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı «əmrin ləğvi, işə bərpa və əməkhaqqının ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 24 oktyabr 2023-cü il tarixli əmrinin ləğv edlməsi, xidmətə bərpa olunması və buraxılmış əmək haqlarının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə mübahisələndirilən əmrin tarixi 25 oktyabr 2023-cü il kimi dəqiqləşdirilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.1974-cü ildə anadan olmuş iddiaçı 26 iyul 2004-cü il tarixdən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında birbaşa gizir rütbəsi verilməklə gizir kimi hərbi xidmətə başlamışdır. Xidmət illərində müxtəlif vəzifələrdə xidmət etmiş, 2014-cü ildə baş gizir rütbəsi verilmiş və 2018-ci ildən X4 xidmətinin hərbi həkim komissiyasında arxiv rəisi vəzifəsini icra etmişdir. Xidməti dövründə hər hansı nöqsan və xidməti uyğunsuzluğa yol verməmişdir. 45 yaşı tamam olduqdan sonra qadın hərbi qulluqçularların 50 yaşı tamam olanadək 2019-cu ilin oktyabr ayının 1-dən hər il iddiaçı ilə bir illik müqavilə bağlanılmışdır. Növbəti müqavilə müddətinin başa çatmasına baxmayaraq 18 avqust 2023-cü il tarixdə ona hərbi həkim komissiyasından keçməli olduğunu bildirmişlər və o, həkim komissiyasından keçərək 21 avqust 2023-cü il tarixdə hərbi xidmətə yararlı olmağına dair rəy verilmişdir. Lakin 29 avqust 2023-cü il tarixdə iddiaçı sərəncama çıxarılmışdır. Sərəncama çıxarılan zaman iddiaçı 50 yaşının xx.xx.2024-cü ildə tamam olacağını və pensiya hüququnun 2024-cü ilin iyul ayında yaranacağını bildirmiş və bununla bağlı Daxili Qoşunların komandanına rəsmi ərizə ilə müraciət etmişdir. İddiaçıya heç bir rəsmi cavab verilməmişdir. Müvafiq təlimatlara əsasən iddiaçı sərəncama çıxarılmağı və ordu sıralarından tərxis olunmağı ilə bağlı komandanlığın Kadrlar şöbəsi tərəfindən xəbərdarlıq edilməmişdir və rəsmi heç bir məlumat verilməmişdir. Tərxisi ilə bağlı iddiaçı ilə fərdi söhbətlər aparılmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, sabiq hərbi qulluqçu, istefada olan baş gizir İddiaçı Daxili işlər nazirinin müavini-daxili qoşunlar komandanının xx.xx.2023-cü il tarixli 3-13-14/Ə320/2023 №-li əmrinə əsasən daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2023-cü il tarixli 199 №-li əmrilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 42.0.1 və 44.2-ci maddələrinə müvafiq olaraq (yaşa görə) DQBİ-nin tibb xidmətinin hərbi-həkim komissiyasında arxiv rəisi vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İddiaçı ərizəsində ordu sıralarından tərxis olunması ilə bağlı Kadrlar İdarəsi tərəfindən xəbərdar edilməməsini və tərxis olunması ilə bağlı onunla fərdi söhbətlər aparılmamasını bildirsə də, toplanılmış sənədlər öyrənilərkən məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Daxili Qoşunların Baş İdarəsinin tibb xidmətinin hərbi-həkim komissiyasının sədri polkovnik-leytenant Əlican Hacıyev tərəfindən və xx.xx.2023-cü il tarixdə Daxili Qoşunların Baş İdarəsinin tibb xidmətinin rəisi polkovnik Alışan Musayev tərəfindən söhbətlər aparılmışdır. Aparılmış söhbətlər zamanı İddiaçı son yaş həddinin (hərbi xidmətdə olmağın son yaş həddi) 01 yanvar 2024-cü il tarixdə bitməsini, pensiya hüququnu əldə etmək üçün xidmət müddətinin 2024-cü ilin iyul ayına qədər uzadılmasını xahiş etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsində ehtiyatda olmağın son yaş hədləri və dərəcələri, 44.1-ci maddədə ehtiyatda olan hərbi vəzifəlilərin yaşa görə dərəcələrə bölünməsi və son yaş hədlərinədək ehtiyatda olmanı müəyyən edir. Qanunun 44.2-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün-50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün-45 yaşdır. Toplanılmış materiallar öyrənilərkən məlum olmuşdur ki, İddiaçı xx.xx.1974-cü il təvəllüdlü olduğundan onun qanunla nəzərdə tutulmuş son yaş həddi xx.xx.2024-cü il tarixdə bitir. Odur ki, onun müqavilə müddətinin uzadılması qanunvericiliyin tələblərinə ziddir. Həmçinin, iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Həmin Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu, istefada olan baş gizir İddiaçı iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən, iddiaçı sabiq hərbi qulluqçu, istefada olan baş gizir İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi, xidmətə bərpa olunması və buraxılmış əmək haqlarının ödənilməsi” tələbinə dair iddiası əsassız və normativ aktların tələblərinə zidd olduğundan təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdehin onun üçün əlverişsiz hüquqi nəticələr yaradan inzibati aktını və həmin inziabti aktın icra olunması nəticəsində yaranmış nəticələrin aradan qaldırılmasını tələb edir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Daxili Qoşunlar Baş İdarəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müstəqil struktur bölməsi və hüquqi şəxs olmaqla həqiqi və şərti ada, müvafiq möhür və ştamplara malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan sayılır. Hazırkı iş üzrə cavabdeh AR DİN Daxili Qoşunlar Baş İdarəsi AR Daxili İşlər Nazirliyinin müstəqil struktur bölməsi olduğundan inzibati orqan hesab olunur. Məhkəmə cavabdehin iddiaçı tərəfindən sözügedən əmrin mübahisələndirilməsi üçün iddia müddətinə əməl edilmədiyi, buna görə də, iddia tələbinin mümkün sayılmaması barədə vəsatətinə münasibətdə bildirir ki, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə iddia müddəti buraxılmamış hesab olunur. Bu qənaət ondan irəli gəlir ki, iddia ərizəsinin Bakı İnzibati Məhkəməsinə daxil olması barədə möhürdən və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və sairə) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Elektron məhkəmə informasiya sistemində şəxsiyyət vəsiqəsi bölməsindəki məlumatlardan görünür ki, İddiaçı xx.xx.1974-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10 nömrəli arxiv arayışından görünür ki, baş gizir İddiaçı Daxili Qoşunların tərkibində həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: 1.Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2004-cü il tarixli 28 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2004-cü il tarixli 77 №-li əmrilə Yasamal Rayon Hərbi Komissarlığından ehtiyatdan gəlmiş hesab edilərək, “gizir“ hərbi rütbəsi verilməklə Tibb xidmətinin hərbi-həkim komissiyasında məsul icraçı vəzifəsinə təyin edilərək DQBİ-nin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə 26 iyul 2004-cü ildən vəzifəsinin icrasına başlamış hesab edilmişdir;

2. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2009-cu il tarixli 19 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2009-cu il tarixli 60 №-li əmrilə Tibb xidmətinin hərbi-həkim komissiyasında məsul icraçı vəzifəsindən azad edilib, Tibb xidmətinin hərbi-həkim komissiyasında laborant vəzifəsinə təyin edilmişdir;

3. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının xx.xx.2010-cu il tarixli 33 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2011-ci il tarixli 1 №-li əmrilə Tibb xidmətinin hərbi-həkim komissiyasında laborant vəzifəsindən azad edilib, Tibb xidmətinin hərbi-həkim komissiyasında laborant vəzifəsinə təyin edilmişdir;

4. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2014-cü il tarixli 12 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2014-cü il tarixli 29 №-li əmrilə DQBİ-nin Tibb xidmətinin hərbi-həkim komissiyasında laborant vəzifəsindən azad edilib, DQBİ-nin Tibb xidmətinin sanitar-epidemiologiya dəstəsində məsul icraçı vəzifəsinə təyin edilmişdir;

5. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının xx.xx.2014-cü il tarixli 61 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2014-cü il tarixli 105 №-li əmrilə DQBİ-nin tibb xidmətinin sanitar-epidemiologiya dəstəsində məsul icraçı vəzifəsindən azad edilib, DQBİ-nin tibb xidmətinin sanitarepidemiologiya dəstəsində məsul icraçı vəzifəsinə təyin edilmişdir;

6. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının xx.xx.2016-cı il tarixli 45 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2016-cı il tarixli 60 №-li əmrilə DQBİ- nin tibb xidmətinin sanitar-epidemiologiya dəstəsində məsul icraçı vəzifəsindən azad edilib, DQBİ-də Tibb xidmətinin hərbi-həkim komissiyasında məsul icraçı vəzifəsinə təyin edilmişdir;

7. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli 34 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli 45 №-li əmrilə DQBİ- də Tibb xidmətinin hərbi-həkim komissiyasında məsul icraçı vəzifəsindən azad edilib, DQBİ-də Tibb xidmətinin hərbi-həkim komissiyasında arxiv rəisi vəzifəsinə təyin edilmişdir;

8. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının xx.xx.2019-cu il tarixli 99 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2019-cu il tarixli 89 №-li əmrilə növbəti “baş gizir” hərbi rütbəsi verilmişdir. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 2021-ci ildən sonrakı dövrü əhatə edən əmrləri arxivə təhvil verilmədiyi üçün sonrakı xidməti barədə hər hansı məlumatın verilməsi mümkün olmamışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 25 oktyabr 2023-cü il tarixli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 42.0.1 və 44.2-ci maddələrinə müvafiq olaraq (yaşa görə) DQBİ-də tibb xidmətinin hərbi-həkim komissiyasında arxiv rəisi vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən istefaya buraxılmış baş gizir İddiaçı Daxili Qoşunların şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli söhbət vərəqəsindən görünür ki, həqiqi hərbi xidmətdən istefaya buraxılmaqla bağlı İddiaçı ilə söhbət aparılmışdır. İddiaçı hərbi xidmətdə olmağın son yaş həddinin 01 yanvar 2024-cü il tarixdə bitdiyini bildirmiş və pensiya hüququnu əldə etmək üçün xidmət müddətinin 2024-cü ilin iyul ayına qədər uzadılmasını xahiş etmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Tibb xidmətinin Hərbi-həkim komissiyasının arxiv rəisi vəzifəsində xidmət etmiş baş gizir X2 şəhadətləndirilməsi keçirilmiş, onun barəsində komissiya tərəfindən müvafiq rəy verilmişdir. Rəydən görünür ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 №-li, xx.xx.2008-ci il tarixli əmrinin, DİN-in 559 №-li, xx.xx.2008-ci il tarixli Təlimatının Xəstəliklər və fiziki çatışmazlıqlar cədvəlinin İİİ qrafasının 34ç maddəsinə əsasən Hərbihəkim komissiyasında şəhadətləndirilərkən “A” – Hərbi xidmətə yararlıdır” hesab edilmişdir. -Daxili Qoşunlar Baş İdarəsinin Tibb xidmətinin hərbi həkim komissiyasının sədri tərəfindən iddiaçı ilə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə aparılmış söhbət vərəqələrindən görünür ki, iddiaçı pensiya hüququnu əldə etmək xidmət müddətinin 2024cü ilin iyul ayına qədər uzadılmasını xahiş etmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının 49 yaşı olması nəzərə alınaraq Daxili Qoşunlarda həqiqi hərbi xidmətə qəbul olunması məqsədəmüvafiq hesab edilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı Daxili işlər nazirinin müavini- daxili qoşunlar komandanının xx.xx.2023-cü il tarixli əmri ilə DQBİ-nin tibb xidmətinin hərbi-həkim komissiyasında arxiv rəisi vəzifəsindən azad edilərək həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Cavabdeh orqan iddiaçı barəsində mübahisələndirilən əmrin qəbul edilməsini “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 42.0.1-ci və 44.2-ci maddələri ilə əsaslandırmışdır. İddiaçı hazırda qeyd olunan inzibati aktı və onun nəticələrini mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundan: -2.0.2. Hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; -39.1. Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün – 45 yaş (01 yanvar 2024-cü ilədək qüvvədə olan redaksiyası). -39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). -40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. -42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: 42.0.1. yaşa görə – ehtiyatda olmağın son yaş həddinə çatdıqda. -44.2. Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün – 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün – 45 yaşdır (01 yanvar 2024-cü ildən “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 1074-VİQD nömrəli, 22 dekabr 2023-cü il tarixli, Azərbaycan Respublikası Qanunu ilə ləğv edilmişdir.) Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). Hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla, bu Əsasnaməyə 3 saylı əlavədə göstərilən şərtlərə uyğun olaraq aşağıdakı qaydada hərbi xidmətdə saxlanıla bilərlər: gizirlər və miçmanlar — Silahlı Qüvvələr növlərinin komandanlarının, onlara bərabər və onlardan yuxarı olanların qərarı ilə. “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinin 01 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 1074-VİQD nömrəli, 22 dekabr 2023-cü il tarixli, Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsində “20” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilmişdir. X7 müddəaları adlanan 5.1-ci maddəsində göstərilmişdir ki, bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. Hərbi qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi, dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaşına çatmış hərbi qulluqçular ehtiyata, ehtiyatda olmağın son yaşına çatdıqda isə istefaya buraxılırlar. Mübahisənin yarandığı dövrdə qüvvədə olmuş qanunun (Hərbi vəzifə və hərbi xidmət haqqında) görə gizirlər üçün hərbi xidmətdə olmağın son yaşı 45 yaş müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçı gizir rütbəsində xidmət etmiş hərbi qulluqçu olmuş və istefaya buraxıldığı vaxt müvafiq dövrün pensiya qanunvericiliyinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almağa imkan verən 20 xidmət ilini toplamamışdır (19 il, 2 ay, 28 gün xidmət ili olmuşdur). İddiaçı bu hüququ əldə edənədək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda xüsusi norma kimi çıxış edən 39.4-cü maddəsinə uyğun olaraq hərbi xidmətini davam etdirmək üçün aidiyyəti qaydada müraciət etsə də, cavabdeh tərəfindən ehtiyatda olmağın son yaş həddinə çatması əsası ilə istefaya buraxılması barədə əmr verilmişdir. Halbuki, yuxarıda vurğulandığı kimi zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 3-13- 14/Ə320/2023 nömrəli inzibati akt qanunun istinad olunan normasını nəzərə almadan qəbul edildiyindən, qanunsuz inzibati akt kimi qiymətləndirilməli və ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17.1-ci maddəsinə əsasən, Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan inzibati akt inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının əməl edilməməsi nəticəsində qəbul edildiyindən iddiaçının hüquqlarını pozur. Bu baxımdan, sözügedən inzibati akt iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt hesab edildiyindən ləğv edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin 70-ci bəndinə əsasən, hərbi xidmətdən qanunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr, qeyriqanuni həbsdə saxlanılma və qeyri-qanuni məhkumluq nəticəsində cəza çəkmə dövrü hərbi qulluqçular üçün hərbi xidmət müddətinə, hərbi rütbədə olma müddətinə, müvafiq vəzifələrdə xidmət illəri müddətinə, pensiya təyin etmək üçün lazım olan illər müddətinə, müddətli xidmət hərbi qulluqçuları üçün isə — hərbi xidmət müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, İddiaçı DQBİ-də tibb xidmətinin hərbi-həkim komissiyasının arxiv rəisi vəzifəsindən azad edilərək istefaya buraxılması barədə – 25 oktyabr 2023-cü il tarixli 3-13-14/Ə320/2023 nömrəli əmr ləğv olunduğu halda hüquqi nəticələrinin aradan qaldırlması onun tutduğu vəzifəsinə bərpa olunması və müvafiq dövr üzrə məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini ehtiva edir. Odur ki, iddia təmin edilərək, 25 oktyabr 2023-cü il tarixli 3-13-14/Ə320/2023 nömrəli əmr ləğv edilməli, İddiaçı tutduğu (DQBİ-nin tibb xidmətinin hərbi-həkim komissiyasının arxiv rəisi) vəzifəsinə bərpa olunmalı və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı DQBİ-nin tibb xidmətinin hərbi-həkim komissiyasının arxiv rəisi vəzifəsindən azad edilib həqiqi hərbi xidmətdən istefaya buraxılması barədə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanının 25 oktyabr 2023-cü il tarixli 3-13-14/Ə320/2023 əmri ləğv edilsin. İddiaçı tutduğu (DQBİ-nin tibb xidmətinin hərbi-həkim komissiyasının arxiv rəisi) vəzifəsinə bərpa olunsun və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsi cavabdehin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar