Məhkəmə qərarları › İş №2-1(112)-4025/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4025/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4025/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobili qərardan əvvəl sifariş etdiyini nəzərə alaraq gömrük rəsmiləşdirilməsinin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi ilə əvəz edilməsini və iddia tələbinin “2011-ci il buraxılışlı “Honda Civic” markalı 19XFA4F56BE000838 ban nömrəli nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilərək, cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi ilə əvəz edilmiş və iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 0, xx.xx.2023-cü il tarixdə dilerlərin vasitəsi ilə avtomobil sifariş etmişdir. Avtomobilin modeli zavod buraxılışı 2011-ci il, Honda civic-dir. xx.xx.2023-cü il tarixində avtomobilə görə invoysda qeyd olunan 1858 usd pul Gürcüstanda diler tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il Nazirlər Kabinetinin Qərarına görə zavod istehsalı 10 ildən artıq olan avtomobillərin ölkə ərazisinə xx.xx.2023-cü il tarixdən girişin məhdudlaşdırılmışdır. Qeyd olunan qərardan əvvəl sifariş olunan avtomobillərə şamil olunmadığı bildirildi. xx.xx.2023-cü il tarixində avtomobil Gürcüstan Respublikasına çatanda daxili prosedura görə Gömrük Komitəsinə müraciət etmişdir. Prosedura əsasən sifarişin qərardan əvvəl edilməsinə dair sənədlər təqdim olunmalı və sənədlər yoxlanılandan sonra avtomobilin Azərbaycan Respublikasının sərhədindən keçməsinə dair müvafiq icazə verilməli idi. Sənədlər yoxlanılandan sonra avtomobilin Azərbaycan Respublikasının ərazisinə keçməsinə icazə verilmişdir. Həmin tarixdə gömrük rəsmiləşdirilməsini lazımi vəsaiti olmadığına görə etməmiş, oktyabr ayında avtomobili rəsmiləşdirmək üçün gömrük idarəsinə müraciət etdikdə, avtomobilini rəsmiləşdirilməsinin avqust ayının 15-dən mümkünsüz olduğu barədə məlumat verilmişdir. Səbəb kimi bankdan avtomobilin iddiaçının adına sifariş olunması haqqında swift sənədi olmamasıdır. Halbuki ödənişin bankda ya Gürcüstandan, ya digər hər hansı üsulla, ya ölkədən edilməsi tələbi yox idi. Cavabdeh iddiaya dair yazılı etirazında iddianın təmin dilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olur ki, nəqliyyat vasitəsinin ödənişi başqa şəxs tərəfindən həyata keçirilmişdir. İddiaçı tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin alınmasını təsdiq edən hər hansı müvafiq ödəniş sənədi gömrük orqanına təqdim edilməmişdir. 30 mart 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin rəsmi saytında edilmiş xəbərdarlıqda da, Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı Qərarının 30 gün sonra qüvvəyə minməsi, yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması, 2023-cü il 29 mart tarixinədək (29 mart da daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədlərinin gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin nəzərdə tutulduğu vətəndaşların diqqətinə çatdırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdən görünür ki, cavabdeh “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 94 saylı qərarına istinad edərək iddiaçının idxal etdiyi “Honda Civic” markalı 19XFA4F56BE000838 ban nömrəli nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini həyata keçirməkdən imtina edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 94 saylı Qərarının 1-ci bəndinə əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılmışdır. Qərarın 2-ci bəndinə əsasən Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. İşdə olan iddiaçının təqdim etdiyi CS221929-1 nömrəli invoysdan isə görünür ki, “Honda Civic” markalı 19XFA4F56BE000838 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə “Carexpressge LTD” şirkəti tərəfindən İddiaçı göndərilmişdir. Göründüyü kimi, mübahisəli nəqliyyat vasitəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 94 saylı qərarı qanuni qüvvəsini aldığı xx.xx.2023-cü il tarixdən sonra iddiaçıya göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı həmin nəqliyyat vasitəsi üçün ödənişi xx.xx.2023-cü il tarixdə etdiyini və həmin tarixdə alqı-satqı müqaviləsi bağladığını bildirmişdir. Lakin iddiaçının bu halı təsdiq etmək üçün təqdim etdiyi xx.xx.2023-cü il tarixli 350882996/GEL nömrəli ödəniş tapşırığından görünür ki, 1793 ABŞ dolları məbləğində ödəniş iddiaçı tərəfindən deyil, Vyaçeslav Boldirev tərəfindən həyata keçirilmişdir. İddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş qəbzlərə gəldikdə, həmin qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixə iddiaçı Vyaçeslav Boldirevə cəmi 858 ABŞ dolları ödəniş etmişdir. 1000 ABŞ dolları məbləğində ödəniş isə, iddiaçı deyil, Rövşən Abbasov tərəfindən həyata keçirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mübahisəli nəqliyyat vasitəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 94 saylı qərarı qanuni qüvvəyə minənədək almasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən onun hazırkı məzmunda tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar