Məhkəmə qərarları › İş №2-1(112)-4027/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4027/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4027/2025 17.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə (qaraja) hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə (qaraj) hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 saylı qərarına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 13 saylı evin fərdi yaşayış evin qarşısında yerləşən fərdi qarajların həmin fərdi yaşayış evi mülkiyyətçilərinin adına keçirilməsi qərara alınmışdır. Bakı şəhər XDS İcraiyyə Komitəsinin 23 oktyabr 1991-ci il tarixli 14/643 saylı əsasən Yeni Günəşli qəsəbəsi, yaşayış sahəsi “D” 13 nömrəli bina qarşısında tikilmiş qarajların sahiblərinin siyahısı əlavə edilmişdir: ...

2. İddiaçı (bundan sonra – iddiaçı) Bina 13, blok 3, mənzil 44 qeyd edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya həmin qarajın texniki pasportu tərtib edilərək verilmişdir. İddiaçı həmin qaraj üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyənedici sənədlər təqdim edilməmişdir.”

İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X4 İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s, 13 saylı binanın qarşısında daş qarajın mülkiyyət hüququ ilə onun adına qeydiyyatdan keçirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin daşınmaz əmlaka ünvan verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, onun Bakı şəhəri X4 İcra Hakimiyyətinin xx.xx.1991 -ci il tarixli 14/643 saylı qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s, 13 saylı binanın qarşısında daş qarajın sahibidir. Həmin qaraja aid onda Daşınmaz Əmlakın Texniki pasportu sənədi vardır. Həmin qaraj 1991-ci ildən istifadəsindədir. Həmin qarajdan bu günə qədər istifadə etsə də, özəlləşdirməmişdir. Lakin bütün kommunal müqavilələrdə onunla bağlanmışdır. Qanuni istifadəsində olan qaraj üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Onda olan bütün sənədlərin surətlərini müraciətinə əlavə etsə də, qeyri-yşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığı qeyd edilmişdir. Lakin onun təqdim etdiklərindən başqa heç bir sənədi mövcud deyildir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlili imtina məktubu ilə eyni məzmunludur.

Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 saylı qərarına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 13 saylı evin fərdi yaşayış evin qarşısında yerləşən fərdi qarajların həmin fərdi yaşayış evi mülkiyyətçilərinin adına keçirilməsi qərara alınmışdır. Həmin qərara tikilmiş qarajların sahiblərinin siyahısı əlavə edilmiş və həmin siyahıda iddiaçı 2-ci sırada qeyd edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya həmin qaraja dair texniki pasport tərtib edilərək verilmişdir. İddiaçı hazırkı tələbində həmin qaraja dair mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin daşınmaz əmlaka ünvan verilməsini xahiş edir. Cavabdeh qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməməsinə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halı əsassız hesab edir. Belə ki, həmin halla bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1, 139-1.1.1-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.1-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.1-ci maddlərinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi onun adına Bakı şəhəri XDS İK tərəfindən verilmiş qərarı təqdim edir. Təqdim edilmiş qərardan görünür ki, həmin ünvanda yerləşən qarajlar həmin fərdi yaşayış evi mülkiyyətçilərinin adına keçirilməsi qərara alınmışdır. Bakı şəhər XDS İcraiyyə Komitəsinin 23 oktyabr 1991-ci il tarixli 14/643 saylı Qərarına əsasən Yeni Günəşli qəsəbəsi, yaşayış sahəsi “D” 13 nömrəli bina qarşısında tikilmiş qarajların sahiblərinin siyahısında iddiaçı 2-ci sırada qeyd edilmiş və adının qarşısında Bina 13, blok 3, mənzil 44 qeyd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya həmin qarajın texniki pasportu tərtib edilərək verilmişdir. 09 noyabr 1991-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Qanunun (2002-ci il 23 aprel tarixli, 311-İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 21.1-ci maddəsinə əsasən, vətəndaşın mülkiyyətində aşağıdakılar ola bilər: (...) yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri;... Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, mənzil, mənzil-tikinti, bağ, qaraj kooperativinin üzvü kimi onun istifadəsinə verilmiş mənzil, bağ, bağ evi, qaraj və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır. Cavabdeh orqan iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənecici sənəd təqdim edilməsinin qeyd etsə də, iddiaçının təqdim etdiyi Bakı şəhər XDS İcraiyyə Komitəsinin 23 oktyabr 1991-ci il tarixli 14/643 saylı Qərarı nə üçün hüquqmüəyyənedici sənəd kimi qəbul etməməsini əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, həmin qərar qarajın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün əsas sayılmasa da, torpaq sahəsinin üzərində yerləşən tikiliyə, yəni qaraja hüququn qeydə alınması üçün hüquqmüəyyənedici sənəd hesab edilməlidir. Belə ki, inzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi. Forma – inzibati akt qəbul etməyə yönəlmiş iradənin xarici (maddi) aləmə ünvanlanmış ifadə üsuludur. Bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş üsul qaydalarına riayət etməklə qəbul edilməlidirlər. Bu tələb, inzibati aktlara münasibətdə forma sərbəstliyi prinsipinin olmamasından irəli gəlir. Bununla yanaşı, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan (başa düşülən) formada qəbul edilə bilər. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər (“İnzibati icraat haqqında” Qanunun 57.1, 57.3, 57.5-ci maddələri). Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. Məhkəmə qeyd edir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsi iddiaçıya qarajın tikintisinə və ya ists=ismarına icazə verməsi ilə bağlı səlahiyyətli olmuş, həmin qərar ümumi (publik) hüquq sahəsinə aid olan məsələni, yəni iddiaçının qeyri-yaşayış sahəsinə ehtiyacı təmin edilməsi ilə bağlı məsələni nizama salmış və iddiaçı üçün hüquqi nəticə yaratmışdır. Həmin qərar inzbati aktın yuxarıda sadalanan ünsürlərinə malikdir. İnzibati aktın qəbul edilməsində, Bakı şəhər XDS İcraiyyə Komitəsi səlahiyyətli olmuş (səlahiyyət ünsürü), qərarın qəbul edilməsi səbəbi həmin binada yaşayan sakinlərin qeyriyaşayış sahəsi ilə (qarajla) təmin edilməsi (səbəb ünsürü), həmin aktın qəbul edilməsi nəticəsində qarajın iddiaçıya məxsusluğu səlahiyyətli qurum tərəfindən təsdiq edilmiş (məzmun ünsürü), həmin aktın qəbul edilməsində məqsəd isə ictimai maraq, yəni binada yaşayan sakinlərin avtomobillərinin saxlanılması və ya digər məqsədlər üçün istifadə üçün qarajla təmin edilməsi olmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilən siyahı məhdudlaşdırıcı xarakter daşımır. Bu barədə hüquqi mövqe “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139- 1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və İİ hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Plenumun xx.xx.2024-cü il tarixli qərarında əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, “...xüsusilə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 139-1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsini müəyyən etsə də, bu siyahı məhdudlaşdırıcı xarakter daşımır. Daşınmaz əmlak üzərində qanuni əsaslardan yaranan hüququn həmin əsasın bu siyahıda olmaması səbəbi ilə qeydiyyatından imtina edilməsi qeydiyyatın məqsəd və təyinatından kənar olmaqla mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi də daşınmaz əşya üzərində qanuni əsaslardan əmələ gələn hüquqların dövlət qeydiyyatının prosessual qayda və əsaslarını müəyyən edir. Odur ki, bu normalarda birbaşa göstərilməməsi səbəbi ilə borclunun əmlakını qəbul etmiş tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilməsi yolverilməzdir”. Məhkəmə bu qənaətə gələrkən həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsini də nəzərə alır. Belə ki, Ali Məhkəmənin 2-1(102)-1698/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1829/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1836/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarlarında da, cavabdeh orqan qeyri-yaşayış obyektinə (qaraja) dair iddiaçıların hüquqmüəyyənedici sənədlər təqdim etməməsini göstərmiş, lakin işə baxan məhkəmələr tərəfindən cavabdehin bu dəlili əsassız hesab edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlili kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan qaraja yaranmış mülkiyyət hüququnu qeydə alınaraq, çıxarışın verilməsi hüququna malik olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri X4 İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s, 13 saylı binanın qarşısında daş qarajın mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar