Məhkəmə qərarları › İş №2-1(112)-4028/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4028/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4028/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Əkbərova Svetlana Cümar qızının (Bаkı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil) cаvаbdеhin nümayəndəsi Abdullayev Mahmud Zeynalabdin oğlunun (Naxçıvan MR-da qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquqşünas vəzifəsində işləyir) iştirаkı ilə, iddiaçı Tağıyeva Nəzrin Rüstəm qızının cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Tağıyeva Nəzrin Rüstəm qızı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adına “M.M.Cambulatov adına Dağıstan Dövlət Aqrar Universiteti” tərəfindən verilmiş 100505 0880764, qeydiyyat nömrəsi 281 olan xx xxxx 2019-cu il tarixli bakalavr diplomunun ölkə ərazisində tanınması və ekvivakentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-2019-cu illərdə iddiaçı iqtisadiyyat istiqaməti üzrə Rusiya Federasiyası “M.M.Cambulatov adına Dağıstan Dövlət X12 Dövlət X15 Müəssisəsinin bakalavr proqramını mənimsəmişdir və 100505 ******* nömrəli, qeydiyyat nömrəsi 281 olan xx.xx.2019-cu il tarixli bakalavr diplomunu almışdır. Qeyd olunan diplomun tanınması üçün onun müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin iddiaya dair etirazında qeyd edilmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli qərarına uyğun gəlməməsi Ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Həmin təhsil müəssisəsinin normativ üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili S.Əkbərova iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi M.Abdullayev iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: 281 qeydiyyat nömrəli bakalavr diplomuna əsasən İddiaçı xx.xx.2019-cu ildə iqtisadiyyat ixtisası üzrə Rusiya Federasiyasının Federal Dövlət Büdcə X13 “M.M.Cambulatov adına Dağıstan Dövlət Aqrar Universiteti”ni bitirmişdir. Həmin diplom xx.xx.2019-cu ildə apostil olunmuşdur. “M.M.Cambulatov adına Dağıstan Dövlət Aqrar Universiteti”nin 281 qeydiyyat nömrəli bakalavr diplomunun əlavəsinə əsasən həmin universitetdə iddiaçının təhsil aldığı fənnlərin siyahısı və akademik saatların miqdarı göstərilmişdir. “Sərhədkeçmə məlumatlarının sorğulanması” haqqında sənədə əsasən iddiaçı 2014-2019-cu illərdə Şirvanovka, Samur, Xanoba keçid məntəqələri vasitəsilə Rusiya Federasiyasının ərazisi istiqamətində Azərbaycan Respublikasının sərhəddini dəfələrlə keçmişdir. İddiaçının cavabdehə ünvanlanmış elektron müraciətində iddiaçı Rusiya Federasiyasının Federal Dövlət Büdcə X13 “M.M.Cambulatov adına Dağıstan Dövlət Aqrar Universiteti” tərəfindən iddiaçıya verilmiş diplomun ölkə ərazisində tanınmasını xahiş etmişdir, həmçinin göstərmişdir ki, o, Universitet tərəfindən ona təyin edilmiş fərdi qrafik əsasında 5 il təhsil almışdır. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı X6 Respublikasında yerləşən ali təhsil müəssisəsi “M.M.Cambulatov adına Dağıstan Dövlət Aqrar Universiteti”ndə 2014- 2019-cı illərdə təhsil almışdır və ona iqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsinin verilməsi barədə 281 nömrəli diplom verilmişdir. İddiaçı həmin diplomun tanınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddiaçının iddiası ilə bağlı məhkəmə ilkin olaraq onu qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyanın 151-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 6-cı maddəsinə əsasən dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafıq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifıkasiyaya uyğun olaraq tanınır. İşin faktiki hallarına əsasən iddiaçıya Rusiya Federasiyasının ali təhsil müəssisəsi tərəfindən əyani təhsil haqqında diplom verilmiş və həmin diplom Dağıstan Respublikasının Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Belə olan halda “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin tələblərinə görə iddiaçı əyani şəkildə təhsil aldığı, təhsili verən təhsil müəssisəsində əyani təhsil müddəti 4 ildən az olmadığı, həmin diplom Rusiya Federasiyasının ərazisində səlahiyyətli orqan tərəfindən təsdiq edildiyi üçün iddiaçının həmin diplom üzrə peşə hazırlığı Azərbaycan Respublikasında tanınmalıdır. Cavabdeh iddia ərizəsinə etirazında özünün təşkil etdiyi ekspert qrupunun rəyinə istinad etmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin Ali Təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nı əsas kimi göstərmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtina etməsi ilə bağlı hərəkətləri Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının imzaladığı beynəlxalq müqaviləyə zidd olmuşdur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh iddiaçının diplomunda və diploma əlavədə göstərilən məlumatların mötəbər olmamasını sübuta yetirməmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaçının diplomunun tanınmasından o əsasla imtina etmişdir ki, normativ üzrə X6 Respublikasında yerləşən ali təhsil müəssisəsi “M.M.Cambulatov adına Dağıstan Dövlət Aqrar Universiteti”ndə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı Rusiya Federasiyasında qısa müddət ərzində olmuşdur. Lakin məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, işin faktiki hallarına əsasən X6 Respublikasında yerləşən ali təhsil müəssisəsi “M.M.Cambulatov adına Dağıstan Dövlət Aqrar Universiteti”ndə əyani təhsil müddəti 4 (dörd) il olduğu halda iddiaçı həmin təhsil müəssisəsində 5 (beş) il ərzində fərdi qrafik əsasında təhsil almışdır ki, bu da iddiaçının tələb olunan müddətdən az olmayan müddətdə təhsil almasını göstərir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə X5 Nizamnaməsi”nin 1-1-ci bəndinə əsasən X10 Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə, toplanmış sübutlara məcmu qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçıya X11 Dövlət X15 Müəssisəsi “M.M.Cambulatov adına Dağıstan Dövlət Aqrar Universiteti” tərəfindən verilmiş 100505 0880764, qeydiyyat nömrəsi 281 olan xx xxxx 2019-cu il tarixli bakalavr diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Tağıyeva Nəzrin Rüstəm qızına X11 Dövlət X15 Müəssisəsi “M.M.Cambulatov adına Dağıstan Dövlət Aqrar Universiteti” tərəfindən verilmiş 100505 0880764, qeydiyyat nömrəsi 281 olan xx xxxx 2019-cu il tarixli bakalavr diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar