Məhkəmə qərarları › İş №2-1(112)-403/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-403/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-403/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın nümayəndəsi X2 Cavabdeh nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh artıq ödənilmiş 31372,46 manat pensiya məbləğinin tutulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən 48 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşalrın pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlətinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar bildirilir ki, cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən götürülmüş halların pensiya qanunvericliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Fondun aidiyyəti üzrə mütəxəssisləri tərəfindən araşdırma zamanı vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunan sənədlərində xx.xx.1977-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də avtomobil lampaları sexində quraşdırıcı-vaakumçu peşəsində işlədiyini qeyd olunduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunan dövrlər üzrə işlədiyi quraşdırıcı-vakumçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahı”sının şüşə və çini-saxsı istehsalatı bölməsinin (XV) 11501010 - kodu üzrə bütün növ şüşə və şüşə məmulatları istehsalı bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq ona xx.xx.2006-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 48 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2006-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 31372,46 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq cavabdehə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı bildirilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2021-ci il tarixli Qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair 2-1(112)-9781/2021 saylı inzibati iş üzrə icraat iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “təyin edilmiş və dayandırılmış əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya qalığının tam ödənilməsi”nə dair 2-1(112)-8306/2021 saylı inzibati iş üzrə mübahisə həll edilənə kimi dayandırılmışdır.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-8306/2021 saylı Qərarı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “dayandırılmış əmək pensiyasının bərpa edilməsi” barədə iddia tələbi təmin edilməmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli. 2-1(103)- 931/2022 saylı Qərarı ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş; Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)-8306/2021 saylı qərarı ləğv edilmiş; İş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmişdir. İddiaçı Cavabdeh təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırıldığı tarixdən bərpa edilməsi və ödənilməmiş məbləğin tam ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-391/2023 saylı Qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-931/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

8. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir.

11. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan : 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

14. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər və bu zaman inzibati icraatın lazımı qaydada aparılması tələbinə riayət edilməlidir.

16. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

17. Hazırki işdə inzibati aktın qəbul edilməsi zamanı qeyd edilən normalara riayət edildiyi, iddiaçının dinləmə hüququ təmin edilməklə inzibati icraat aparıldığı, artıq ödəmənin müəyyən olunması, iddiaçının xeyrinə olan inzibati aktların dəyişdirilməsi və ya ləğv edilməsi haqqında qərar qəbul edildiyi müəyyən olunmur.

18. Məhkəmə nəzərə alır ki, cavabdeh xx.xx.1958-ci il təvəllüdlüdür və xx.xx.2006-cı il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. İddiaçı cavabdehin pensiya işi ilə əlaqədar inzibati icraat aparmamış və vətəndaşın iştirakını təmin etməmişdir.

19. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir.

20. Məhkəmə hesab edir ki, artıq ödənilmiş pensiya məbləğinin tutulması əmək pensiyaçısının fərdi hallarına uyğun olaraq (yaşı və digər gəlirlərinin müəyyən olunmaması) cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına və vətəndaşın üzərinə həddindən artıq yük qoyulması ilə nəticələnə bilər.

21. Digər tərəfdən məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli. 2-1(103)-931/2022 saylı Qərarı ilə müəyyən edilmişdir ki: “...cavabdeh inzibati orqan tərəfindən pensiya ödənişlərinin dayandırılmasına əsas olan hal iş materialları ilə təkzib olunduğundan cavabdehin hərəkətləri qanunazidd olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan iddiaçıya məxsus pensiya işindən müəyyən edilir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1986-cı il tarixədək çalışdığı peşələrin 1№-li Siyahıda öz əksini tapmasını qəbul edərək ona xx.xx.2006-cı il tarixdən (48 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sonradan iddiaçının çalışdığı peşələrin 1№-li Siyahıda öz əksini tapmamasını əsas gətirməklə pensiya ödənişini dayandıraraq inzibati icraatın əsas prinsipi olan etimad hüququnun qorunmasını prinsipini pozmuşdur”.

22. Həmin qüvvədə olan məhkəmə aktı üçün müəyyən edilmiş hallar preyudisial xarakter daşıyır.

23. Odur ki, məhkəmə hesab edir ki, vətəndaşın pensiyasının dayandırılmasının qanunsuz olduğu qənaətinə əsaslanaraq dayandırılmış pensiyasının bərpa edilməsi eyni əsaslarla ondan artıq ödənilmiş pensiya ödənişinin tələb edilməsi hüququnu istisna edir.

24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar