Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4030/2025 16.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən iyul 1963-cü ildə tərtib edilmiş texniki pasporta əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair iddiaçının babası Həsənqulu Dünyamalı oğluna məxsusluğu haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra inzibati işin mahiyyəti üzrə qərar qəbul olunmasını təmin etmək məqsədilə sərəncam verilmiş, iş üzrə məhkəmənin hazırlıq icraatı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən onun iştirakını təmin etmək məqsədilə məhkəmə iclası xx.xx.2025-ci il tarixə, daha sonra eyni əsasla xx.xx.2025-ci il tarixə, növbəti dəfə eyni əsasla xx.xx.2025-ci il tarixə təxirə salınmış, lakin iddiaçı həmin məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri iddiaçının iddia ərizəsində göstərdiyi ünvana, habelə “AZEMİS” Məhkəmə İdarəetmə Sistemi vasitəsilə sms xəbərdarlıqlar mobil telefon nömrəsinə göndərilmişdir. İPM-in 62.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İPM-in 20.1-ci maddəsinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-in 20.2-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. İPM-in 20.3-cü maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. MPM-in 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, məhkəmə bildirişləri iddiaçının iddia ərizəsində göstərdiyi ünvana göndərildiyindən, ünvanın dəyişməsi barədə məhkəməyə heç bir məlumat verilmədiyindən məhkəmə bildirişi rəsmi qaydada iddiaçıya verilmiş hesab edilir. Belə olan halda isə aydın olur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra 30 gündən çox inzibati məhkəmə icraatından yayınmışdır. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iş üzrə iddiası geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-4030/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4030/2025
16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver