Məhkəmə qərarları › İş №2-1(112)-4031/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4031/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4031/2022 09.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X26, cavabdehin nümayəndəsi X18, üçüncü şəxslər X9, X2, X27, X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X22, X42, X13, X43, X14, X44, X28, X29, X23, X24, X15, X37, X19) “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 115 saylı evin 11 saylı mənzilinin onun adına özəlləşdirilməklə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X22, X42, X13, X43, X14, X44, X28, X29, X23, X24, X15, X37, X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun özəlləşdirmək istədiyi, hazırda yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu (əvvəlki C.Hasilov küçəsi), 115 saylı evin 11 saylı mənzili Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən sosial kirayə müqaviləsi bağlanılmaqla mərhum həyat yoldaşı X6 verilmişdir. Həmin mənzilə dair xx.xx.1998-ci il tarixli, 047865 saylı orderdə onun, X16, X4, qızı X13, qızı Sevilin həyat yoldaşı X17, nəvəsi X37 və nəvəsi Rəsulova (Sarıyeva) Gültəkin Qurban qızının adları qeyd olunmuşdur. Həyat yoldaşı X16 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. X4 ilə X17 arasındakı nikah pozulmuşdur. 2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə ərizə ilə müraciət edərək həyat yoldaşının vəfatı ilə əlaqədar yaşadığı qeyd olunan mənzilin sosial kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2011-ci il tarixli, 340 saylı əmri ilə onun müraciəti təmin olunmuş, yaşayış sahəsi 58,29 kv.m olan 4 otaqdan ibarət həmin mənzilə dair onunla sosial kirayə müqaviləsi bağlanılmışdır. O, həmin mənzili onun adına özəlləşdirilməklə mülkiyyət hüququnun qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi xahişi ilə xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla hüquqmüəyyənedici sənədlərlə “ASAN xidmət” mərkəzinə müraciət olunması məqsədəuyğun hesab edilərək ərizəsi təmin edilməmişdir. Bir neçə ay əvvəl cavabdehə etdiyi eyni məzmunlu müraciətə xx.xx.2021-ci il tarixli cavabda ona hüquqmüəyyənedici sənədlərlə “ASAN xidmət” mərkəzinə müraciət etmək tövsiyə olunmuşdur. O, həmin vaxt hüquqmüəyyənedici sənədlərin əlavə edildiyi ərizə ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edərək qeyd olunan mənzili onun adına özəlləşdirilməklə mülkiyyət hüququnun qeydiyyata alınmasını və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Müraciətə cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri və həmin Qanunun 10-cu maddəsinə uyğun olaraq, hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında Mərkəzdə fəaliyyət göstərən daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidmətinə müraciət edə biləcəyi bildirilmişdir. O, həmin qaydada qeydiyyat xidmətinə müraciət etmiş, müraciətinə cavab olaraq özəlləşdirilməsini arzu etdiyini mənzildə qeydiyyatda olan digər şəxslərin, yəni hazırkı iş üzrə üçüncü şəxslər X11, X2, X12 və X30 da razılıq ərizələrinin olmalı olduğu bildirilmişdir. Onun hüquqmüəyyənedici sənədlərlə müraciət etməsinə baxmayaraq, xidmət mərkəzi ona “hüquqmüəyyənedici sənədlərlə müraciət edin” deyə cavab verir. Cavabdehin bu sahədə səlahiyyətli dövlət orqanı olmasına baxmayaraq, onun ərizəsini təmin etməməsi normativ aktlara zidd olmaqla hüquqlarını pozur. X5 və onun ailə üzvləri ərizə verməkdən imtina etdikləri üçün o, tələb olunan razılıq ərizələrini nə inzibati orqana, nə də məhkəməyə təqdim edə bilmir. Lakin bu şəxslərin razılıq ərizələrinin olmaması mənzilin özəlləşdirilməsinə mane olmamalıdır. Çünki mənzildə qeydiyyatda olan şəxslərin bir hissəsinin mənzilin özəlləşməsinə ərizə verməməklə mane olması onun və mənzildə qeydiyyatda olan digər istifadəçilərin hüquqlarını pozur və eyni zamanda mənzil üzərində hüquqların qeydiyyatının, yəni Çıxarışın olmaması mənzilin idarə olunmasında müəyyən çətinliklər yaradır. Buna görə də cavabdehin imtinası əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X45 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X31 izahatında bildirdi ki, idarə tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə ‘‘ASAN xidmət” Mərkəzlərinə müraciət edilməsinin məqsədəuyğun olduğu bildirilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 nömrəli forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Lakin qeyd olunan sənədlər tam şəkildə təqdim edilməmişdir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X22 izahatında bildirdi ki, İddiaçı onun doğma anasıdır, qeyd olunan mənzilə dair mülkiyyət hüququnun anasının adına rəsmiləşdirilməsinə etiraz etmir, iddia tələbini qəbul edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 izahatında bildirdi ki, İddiaçı onun qayınanasıdır, qeyd olunan mənzilə dair mülkiyyət hüququnun iddiaçının adına rəsmiləşdirilməsinə etiraz edir, iddia tələbini qəbul etmir. X42, X29 və X23 onun uşaqlarıdır. Həmin mənzil üzərində təkcə iddiaçının deyil, onun və uşaqlarının da hüquqları mövcuddur. İddiaçı qeyd olunan mənzillə bağlı öz adına çıxarışı alan kimi evi satmaq fikrindədir və bunu dəfələrlə onlara da bildirmişdir. Bu da onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olar. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X42 izahatında bildirdi ki, qeyd olunan mənzilə dair mülkiyyət hüququnun iddiaçının adına rəsmiləşdirilməsinə etiraz edir. Həmin mənzil üzərində onların da hüquqları mövcuddur. İddia tələbini qəbul etmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X23 izahatında bildirdi ki, qeyd olunan mənzilə dair mülkiyyət hüququnun iddiaçının adına rəsmiləşdirilməsinə etiraz edir. Həmin mənzil üzərində onların da hüquqları mövcuddur. İddia tələbini qəbul etmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi, 115 saylı evin, 11 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərlə “ASAN xidmət” mərkəzlərinə müraciət olunması məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalr üzrə Dövlət Agentliyi 3 saylı Bakı «ASAN Xidmət» mərkəzi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri və həmin Qanunun 10-cu maddəsinə müvafiq olaraq, hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında Mərkəzdə fəaliyyət göstərən daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidmətinə müraciət edə bilərsiniz. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Səbail rayonu, Badamdar Şossesi, 115 saylı evin, 11 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 nömrəli forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Şamaxı rayonu Ərəbqədim kənd soveti tərəfindən xx.xx.1972ci il tarixdə verilmiş AZ seriyalı 243088 nömrəli evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X16 və X20 xx.xx.1972-ci ildə evlənmişlər. Evlənmə qeyd ediləndən sonra kişi Sahibov, arvad Sahibova soyadını götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 194466 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X16 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X22 (xx.xx.1974-cü il təvəllüdlü), X43 (xx.xx.2012-ci il təvəllüdlü), X28 (xx.xx.2007ci il təvəllüdlü), X14 (xx.xx.1977-ci il təvəllüdlü), X42 (xx.xx.1996-cı il təvəllüdlü), X29 (xx.xx.2005-ci il təvəllüdlü), X44 (xx.xx.2005-ci il təvəllüdlü) ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2021-ci il tarixli, BA-06316-2021 saylı məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının B.Sahibova order verilməsi haqqında xx.xx.1998-ci il tarixli, 209 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, B.Sahibovun mənzil-uçot işinə 2 nəvəsi və kürəkəninin daxil edilməsi, mənzil növbəsində 7 nəfər ailə üzvü ilə sayılması, B.Sahibova 7 nəfər ailə üzvü ilə Badamdar qəsəbəsi, Badamdar şossesi, 115 nömrəli evin 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən 4 otaqlı 58,29 kv.m sahəsi olan 11 nömrəli mənzilinə order verilməsi, orderə X16 (özü), İddiaçı Qələndar qızı (yoldaşı), X24 (qızı), X21 (qızı), X17 (kürəkəni), X37 (nəvəsi) və X7 (nəvəsi) yazılması qərara alınmışdır. Əsas: Fond-139. siy-1.iş.743.vər.18. İş materiallarında olan Səbail rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1998-ci il tarixli 209 nömrəli sərəncamına əsasən verilmiş xx.xx.1998-ci il tarixli, 047865 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 qəsəbəsi, Badamar şossesi, 115 saylı evin, 11 saylı mənzilində 7 nəfər ailə tərkibi ilə birlikdə yaşamaq hüququna malikdir. Ailə tərkibi - B.H.Sahibov (özü), İddiaçı (yoldaşı), S.B.Sahibova (qızı), R.B.Sahibova (qızı), Q.N.Rəsulov (kürəkəni), F.Q.Rəsulov (nəvəsi), G.Q.Rəsulova (nəvəsi). İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli, 435s saylı Sərəncamına əsasən, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri yaşayış sahələri, o cümlədən sorğunuzda qeyd etdiyiniz bina bütün sənədlərlə bərabər Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmtlər Departamentinin xx.xx.2011-ci il tarixli, 340 M saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, C.Hasilov küçəsi 115 saylı evin yaşayış sahəsi 58,29 kv.m olan 4 otaqdan ibarət 11 saylı mənzilin sosial kirayə müqaviləsinin 8 nəfər ailə üzvü ilə (özü, oğlu- Sahibov Xaqani, gəlini- Sahibova Yeganə, qızı-Sarıyeva Ruhiyyə, dörd nəvəsi-Sahibov Bəydadaş, Sahibov Fuad, Sarıyev S, Sarıyev A) vətəndaş İddiaçı adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanması, X3 adına olan sosial kirayə müqaviləsinin bağlanılması və vətəndaş İddiaçı adına yeni müqavilənin açılmasının MKXD-nin 20 saylı MİS-nə tapşırılması əmr edilmişdir. İş materiallarında olan X15, X22, X37, X13, X24 və X19 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, ev 115 ünvanında yerləşən 11 saylı mənzilin İddiaçı adına özəlləşməsinə razıdır, etirazı yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının B.Sahibova order verilməsi haqqında xx.xx.1998-ci il tarixli, 209 saylı sərəncamına əsasən iddiaçının əri X6 7 nəfər ailə üzvü ilə Badamdar qəsəbəsi, Badamdar şossesi, 115 nömrəli evin 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən 4 otaqlı 58,29 kv.m sahəsi olan 11 nömrəli mənzilinə order verilməsi, orderə X16 (özü), İddiaçı Qələndar qızı (yoldaşı), X24 (qızı), X21 (qızı), X17 (kürəkəni), X37 (nəvəsi) və X7 (nəvəsi) yazılması qərara alınmışdır. Bununla əlaqədar Səbail rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1998-ci il tarixli 209 nömrəli sərəncamına əsasən X3 adına order verilmişdir. Orderdə ailə tərkibi B.H.Sahibov (özü), İddiaçı (yoldaşı), S.B.Sahibova (qızı), R.B.Sahibova (qızı), Q.N.Rəsulov (kürəkəni), F.Q.Rəsulov (nəvəsi), G.Q.Rəsulova (nəvəsi) göstərilmişdir. X16 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmtlər Departamentinin xx.xx.2011-ci il tarixli, 340 M saylı əmrinə əsasən Bakı şəhəri, Səbail rayonu, C.Hasilov küçəsi 115 saylı evin yaşayış sahəsi 58,29 kv.m olan 4 otaqdan ibarət 11 saylı mənzilin sosial kirayə müqaviləsinin 8 nəfər ailə üzvü ilə (özü, oğlu- Sahibov Xaqani, gəlini-Sahibova Yeganə, qızı-Sarıyeva Ruhiyyə, dörd nəvəsi-Sahibov Bəydadaş, Sahibov Fuad, Sarıyev S, Sarıyev A) İddiaçı adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. Göründüyü kimi, hazırda qeyd olunan ünvanın sosial kirayə müqaviləsi İddiaçı adına dəyişdirilmiş və ailə üzvü kimi üçüncü şəxslər X22, X14, X13, X23, X42, X44, X28 göstərilmişdir. Hazırda iddiaçı qeyd olunan mənzilə onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etsə də, sosial kirayə müqaviləsi onun adına dəyişdirilərkən ailə üzvü kimi qeyd olunmuş X14, X42 və X10 bununla bağlı razılıqları olmamış, etiraz etmişlər. Halbuki “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərindən də göründüyü kimi, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Məhkəmə iclasında da həmin şəxslər qeyd olunan mənzilə dair mülkiyyət hüququnun iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etdiklərini bildirmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar